Rövşən Ağayev: "Rəqabət Məcəlləsinin olması, hələ rəqabət olacaq demək deyil"

Rövşən Ağayev: "Rəqabət Məcəlləsinin olması, hələ rəqabət olacaq demək deyil"
18 Fevral 2021
Mətni dəyiş

Azərbaycanda “Rəqabət Məcəlləsi” bu il qəbul oluna bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Rəqabət Məcəlləsi”nə dair qanun layihəsi ilə bağlı işlərə başlayıb.

Bununla bağlı açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib ki, artıq sənəd aidiyyatı qurumlara göndərilib: “Həmin qurumlardan rəy və təkliflərin toplanılması ilə məşğuluq. Bu proses bitdikdən sonra “Rəqabət Məcəlləsi” ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edəcəyik. Ümid edirik ki, bu ilin sonuna qədər sənəd qəbul olunar”, - deyə o, əlavə edib.

Bəs görəsən, sözügedən qanun nəyi dəyişəcək, iqtisadiyyatda rəqabətin təşkilini təmin edə biləcəkmi?

"Sabah rəqabət məcəlləsi qüvvəyə minən kimi rəqabət yaranacaq fikri səhvdir"

Abzas.net məsələ ilə bağlı iqtisadçı Rövşən Ağayevlə danışıb.

Ekspert deyir ki, rəqabət mühitinin formalaşması üçün hökumətin əlində tənzimləyici alətlər və hüquqi vasitələr olmalıdır ki, hökumət də bunu təşkil edir. Ancaq sonradan bu məcəllədən necə istifadə edəcəklər, artıq o ayrı mövzudur. Onun sözlərinə görə, ölkədə rəqabət olmalıdır və rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmaq üçün ilk növbədə rəqabətin hüquqi əsasları olmalıdır: "Ancaq bununla yanaşı, kimsə düşünürsəki təkcə rəqabət məcəlləsi qəbul olunmaqla Azərbaycanda bütün monopolyalar ləğv olunacaq, o yanılır. Ona qalsa, Azərbaycanda rüşvətin, korrupsiyanın qabağını almalı olan xeyli qanunlar var, ölkədə rüşvət, korrupsiya yoxdur? Yəni, sabah rəqabət məcəlləsi qüvvəyə minən kimi rəqabət yaranacaq fikri səhvdir", - deyə Rövşən Ağayev bildirib.

Ekspert deyir ki, bütün bunlara baxmayaraq, bu hüquqi sənədin olması ona görə yaxşıdır ki, hüquq olanda, hüquqdan yapışmaq olur.

Onun sözlərinə görə, bu gün belə boşluqlar var və bu boşluqları doldurmaq üçün hüquqi mexanizm olmalıdır, ancaq rəqabətin yaranması üçün təkcə qanunvericilik kifayət deyil: "Azərbaycanda inhisarların olmasının köklü səbəbi həm də bu gün hakimiyyətdə təmsil olunub yüksək vəzifədə çalışan məmurların iqtisadi hakimiyyəti də ələ götürməsidir. Faktiki olaraq bu gün iqtisadi riçarkların hamısı bu və ya digər formada siyasi hakimiyyətədə təmsil olunan şəxslərin, onların yaxınlarının əllərində cəmləşib. Ölkədə rəqabət mühitini pozan ən birinci səbəb bundan ibarətdir. Bu problem həllini tapmalıdır", deyə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Prezidentin sərəncamından sonra hərəkətlilik... Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı çərçivəsində 2017-ci ilin noyabrında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM)   “Rəqabət Məcəlləsi” layihəsinin müzakirəsi olmuşdu, ancaq bir neçə il keçməsinə baxmayaraq effektiv nəticə yox idi. Rövşən Ağayev deyir ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dair qanun var, ancaq bu qanun kiçik və orta sahibkarlığı inkiŞAF etdirmir. Onun sözlərinə görə, rəqabətin yaranmasının yolu kiçik və orta sahibkarlığın inkişafından keçir: "Hansı ölkədə milli gəlirin yaranmasının heç olmasa 60-70%-ni kiçik-orta sahibkarlıq təmin edirsə, büdcənin yarısını kiçik və orta sahibkarlıq təmin edirsə, ixracın heç olmasa 3/2-ni kiçik və orta sahibkarlıq təmin edirsə, o ölkənin iqtisadiyyatı yüksək rəqabətli iqtisadiyyat hesab olunur. Azərbaycanda isə bu göstəricilər çox kiçikdir. Yənir bu ölkədə kiçik və orta sahibkarlıq yoxdursa, necə rəqabət ola bilər? Hesab edək ki, sabah rəqabət məcəlləsi qəbul olundu, siyasi hakimiyyət rəqabət məcəlləsinin işləməsində özü maraqlı olmasa, qanun işləmiyəcək", - deyə iqtisadçı Rövşən Ağayev bildirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun