ABŞ üsyanı haqda qeydlər - Bəhruz Səmədov

ABŞ üsyanı haqda qeydlər - Bəhruz Səmədov
20 İyun 2020
Mətni dəyiş

ABŞ-da baş verənlər haqda dörd qeyd

ABŞ-da Corc Floydun ölümündən sonra baş verənlər haqda qeydlər aparırdım. Bu qeydləri telegram kanalımda dərc edirdim. İndiki halda bu qeydləri bir yerə yığıb, dərc etmək həm oxunuşu rahat edir, həm də baş verənləri addım-addım izləməyə kömək edir.

Birinci qeyd. Hadisələr təzə başlayanda

ABŞ-da irqi üsyanlar (race riots) yeni bir şey deyil, demək olar son yüz ildə hər il baş verir. İndi medianın diqqəti Minneapolisdə üsyançıların "şəxsi əmlaklara" hücum etməsindədir. Əslində, bu üsyanın kökü sinfi və müəyyən afroamerikalıların üzləşdiyi sistemik zorakılıqdadır.

Məsələ nə Tramp, nə Obama deyil (Fergüsson hadisələrini heç kəs unutmayıb). Məsələ ABŞ-ın individualist mədəniyyətinin afroamerikalıların getto mədəniyyəti ilə üzləşməsidir. Üstəlik, gettolaşmış afroamerikalıların əksəriyyəti kasıb və işsizdir. Pandemiya nəticəsində daha ciddi iqdisadi zərbə almış kasıb insanlar üçün Floyd cinayəti katalizator rolunu oynadı.

Məsələ həm də ABŞ-da polislərin cinayət məsuliyyətinə cəlb edilməsində olan problemdir.  2017-ci ildə 25 yaşlı oğlanı öldürmüş sadist polisə 25 il həbs vermək istəyirdilər, ancaq bu cür hallarda polisin arxasında güclü həmkarlar ittifaqı və məhkəmə apparatı dayanır. Nəticədə cinayəti törətmiş şəxsi sakitcə təqaüdə göndərdilər və cinayəti posttravmatik sindromdan əziyyət çəkən psixologiyası ilə əlaqələndirdilər.

Ancaq görünən budur ki, ciddi siyasi dəstək qazanmayanda, bu cür üsyanlar lokal səviyyədə qalırlar. ABŞ mədəniyyəti üçün isə bu cür hallar elə lokal olaraq qalır və ildən-ilə davam edir. Ona görə də qəribə deyil ki, Tramp üsyançıları günahlandırır və şəhərə ordu yeridir.

İkinci qeyd. Nəticəsiz və nəticəli üsyanlar

Qərbdə baş vermiş və yaddaşlarda qalan kütləvi hərəkat 2011-ci ilin Occupy hərəkatı idi. Özündə müxtəlif çevrələri və anti-kapitalist pafosu birləşdirən bu hərəkat institutlaşmanı, iyeyarxiyaları, partiyalaşmanı qəbul etmirdi.  Ümumilikdə, bu cür hərəkatlar Antonio NeqriMaykl Hardt kimi anarxist və özünüidarə nəzəriyyəçilərdən təsirlənərək, təmsilçi demokratiyanı inkar edirdilər.

Bu cür hərəkatların nəzəriyyəçiləri inanırdılar ki, bu hərəkatlar özləri zamanla kommunaya, dövlətə alternativə çevrilə bilərlər. Ancaq təəsüf ki, bütün bu gözləntilər özünü doğrultmadı.

İspaniyada elə həmin vaxt baş verən kütləvi çıxışlar (“İndignados”, 15-M) iki il sonra Podemos partiyasına çevrildi. 2016-ci ildə İspaniya solçuları birləşib, Unidas Podemos elektoral bloku yaratdılar. Bloka Podemosdan başqa digər solçu hərəkatlar da daxil oldu. İndiki zamanda Podemos və İspaniya Sosialist Partiyası (PSOE) koalisiya yaradaraq, hökümətə gəliblər. Demokratik İspaniya tarixində bu hal bir ilkdir.

Podemosu tənqid etmək olar, ancaq onun elektoral strategiyasının uğurunu danmaq çətindir. Occupy isə bu uğuru qazana bilmədi və ABŞ siyasi reallığını transformasiyaya məruz qoymadı. İndiki üsyanlar isə Occupy-dan daha radikal və zorakı, amma həm də ideologiyasız, məqsədsizdir. Bu hərəkat hər nə qədər yaddaşlarda qalacaqsa belə, ABŞ reallığını dəyişəcəyi ümidi yaratmır.

Üçüncü qeyd. Mülk, Honkonq və üsyan

Sağçı libertarianların dini inanc səviyyəsinə çatdırdıqları və müqəddəsləşdirdikləri xüsusi mülk hüququ onlar üçün digər hüquqlardan daha vacibdir. Məsələn, yaşamaq, danışmaq və etiraz etmək hüququndan. Bu hüquqları onlar inkar etmirlər, ancaq müqəddəs mülk qorunduğu halda, digər hüquqlar da qoruna bilər.

Bütün kütləvi etiraz aksiyalarında libertarianların mövqeyi birdir: özəl mülkün başına gələcək istənilən hadisəyə görə məsuliyyəti bütün kollektiv daşıyır. Bu cür etirazlarda bütün kütləni təmsil etməyən kimsə mülkə zərər versə belə, kütlə məsuliyyətdən qaça bilməz. Bu halda libertarianlar etirazları qeyri-legitim elan edirlər.

Ölümlər, travmalar, jurnalistlərə hücumlar, polis zorakılığı isə tamam başqa yer tutur. Müzakirə mövzusu ancaq özəl mülkə vurulan ziyan olur. Hədəf normalda siğorta olunmuş olsa da, iri korporasiyaya aid olsa da...

Eyni münasibəti libertarianlar Fransada sarı jiletlilərin bir ildən çox davam etmiş etirazlarına da göstərmişdilər, axı bu zaman avtomobillərə və mağazala ziyan dəymişdi. Özlüyündə ideologiyasız olan bu hərəkat bütövlükdə radikal solçu, deməli, qeyri-legitim elan edilmişdi. İnsanları ayağa qalxmağa məcbur edən səbəblər və strukturlaşmış zorakılıq isə onlara maraqlı deyil.

Eyni münasibəti onlar ABŞ-da baş verən son etirazlazlara da göstərirlər. Azərbaycanda da baş verən polis zorakılığı və strukturlaşmış zorakılıq onlara maraqlı deyil: axı, özəl mülkə ziyan vurulub.

Ancaq burada bir istisna var ki, o zaman bütün libertarianlar o etirazları dəstəkləmişdi. Bu istisna #FreeHongKong aksiyaları idi. Baxmayaraq ki, Honkonqda baş verən kütləvi aksiyalar özəl mülkə həm ABŞ-da, həm Fransada baş vermiş askiyalardan daha çox zərər verib və gündəlik həyata mənfi təsir edib, onlar bu haqda danışmırdılar. Səbəb bəlli idi: bu halda etirazçıların hədəfi Çin dövləti və Kommunist Partiyası idi, birincilərin hədəfi isə neoliberal hökümətlərdir. Libertarianların gözündə yalnız Çin Kompartiyası legitim hədəfdir.

Bu baxımdan Tramp, ABŞ sağçıları və digər Qərb liderlədi də Honkonq etirazlarını dəstəkləyərək, faktiki olaraq başqa ölkənin daxili işlərinə qarışmışdılar. Sağçı libertarianlar üçün isə ABŞ-ın mövqeyi, sözdə dövlətə nifrət etsələr də, əsas ideoloji yönləndirici halındadır.

Dördüncü qeyd. Manipulyasiya.

Bu jestlə bağlı xüsusən də rusdilli mediada çox sayda manipulyativ məlumatlar yayılır. Elə təsəvvür yaratmağa çalışırlar ki, güya ağlar bu şəkildə üzr istəyirlər və yalvarırlar. Əslində isə, bu jest kneeling adlanır və bir dizi üstə oturaraq, hörmət və dəstək ifadə edir. Eyni jesti orta əsrlərdə cəngavərlər titul aldıqda nümayiş etdirirdilər. Və ya bu jesti dövrümüzdə Qərbdə ölü üçün şam yandıranda edirlər. Yəni ki, burada yalvarmaq və üzr istəmək mesajı verilmir.

İkinci videoda isə insanlar kollektiv şəkildə dua edir.

[embed]https://youtube.com/watch?feature=youtu.be&v=FNFCTPvcGjw[/embed] Bəhruz Səmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun