Qorxu şəraitində baş tutan seçki - Anar Məmmədli

Qorxu şəraitində baş tutan seçki - Anar Məmmədli
31 Mart 2020
Mətni dəyiş

9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri 2013-cü ilin prezident seçkisindən bəri davam edən siyasi süstlükdən sonra nisbi canlanma yaratdı. Son 7 ildə artan siyasi repressiyalar, media və vətəndaş cəmiyyəti üzərində hüquqi-siyasi təzyiqləri nəzərə alsaq, parlament seçkiləri siyasi fəallığın dirçəlməsi ilə müşayiət olundu. Seçkilər artıq geridə qalıb və onun hüquqi keyfiyyəti, milli qanunvericlik və beynəlxalq standartların kobud şəkildə pozulması barədə həm yerli müşahidəçilər, həm də ATƏT və AŞPA kimi mötəbər qurumlar tənqidi rəylər bildiriblər. İndi vacib olan seçkinin siyasi nəticələrini dəyərləndirərək, bundan önəmli dərslər çıxarmaqdır.

Dünyanın bir çox ölkələrində Korona-19 virusu ilə bağlı yaranan böhran ictimai-siyasi həyata öz mənfi təsirini göstərib. Bu böhranlı günlərdə ölkədə bütün kütləvi tədbirlər təxirə salınıb təhsil, turizm və xidmət sektoru karantin dönəmini yaşasa da, siyasi repressiyalara fasilə verilməyib. Son bir həftə ərzində xeyli ictimai-siyasi fəala qarşı təzyiqlərin şahidi olduq. Məsələn, keçmiş siyasi məhbus Tofiq Yaqublunun yenidən qondarma ittihamlarla həbs edilməsi bu prosesin dayanmadığını göstərir.

Məsələ burasındadır ki, rejim ölkədə repressiyaları son seçkilər zamanı nisbətən səngitsə də, seçki bitər-bitməz artan təzyiqlərin hədəfi qorxu mühitinin qorunmasına yönəlib. MSK qarşısında divara qraffiti yazdığı üçün saxlanan Fuad İsmayılovun inizbati qaydada həbsi bunun ilk nümunəsi idi. Ancaq az sayda deputatlığa namizədlər istsina olmaqla seçkidə iştirak edən partiyalar və namizədlər sırf 9 fevral seçkisində fəallığa görə rejimin hədəfində deyillər. Çünki nə seçki dövründə, nə də seçki sonrası ölkədə qorxu mühitinin azalmasına qarşı kollektiv dirəniş baş vermədi. Əlbəttə ki, hər bir namizəd və siyasi təşkilat özünə çalışma çərçivəsi müəyyən etməkdə sərbəstdir. Niyyətim kiminsə 2 ay ərzində çəkidyi əziyyəti görməzdən gəlmək deyil. Sadəcə anlamalıyıq ki, rejimin əndişəsi vətəndaşların ifadə azadlığı və digər siyasi azadlıqlarından istifadəsinə örnək olan şəxsləri və qrupları zərərsizləşdirmək, qorxu mühitini qorumaqdır. Bunun üçün ilk növbədə siyasi durğunluğun saxlanmasına çalışılır və qorxu mühitini zəiflətməyə yönələn təşəbbüslər boğulur. Məhz bu səbəbdən də 9 fevral seçkilərinin nəticələrinə qiymət verərkən, qorxu mühitinin azalıb və ya artmasını önəmli məsələ kimi diqqətə almalıyıq.  Bununla yanaşı iki məsələ – (1) 9 parlament seçkilərində iştirakın hədəfləri və (2) növbədənkənar seçkinin vaxtından 9 ay öncə keçirilməsi ölkədə qorxu mühitinə seçki müstəvisində nəzər salmağa zəruri edir.

İqtidarın təlaşı və alternativsiz seçki planı

Müstəqillik dövründəki 7 prezident seçkisinin dördünü müxalif siyasi partiyalar ya qismən, ya da tamamən boykot ediblər. Boykotun arxasında duran əsas səbəblər demokratik seçki mühitinin olmaması və repressiv siyasi şərait olub. Boykot olunan prezident seçkiləri beynəxalq aləmdə tənqid olunsa da, hakim siyasi qüvvəyə qarşı sanksiyalarla nəticələnməyib. Əksinə alternativsiz keçən seçkilərdə iqtidar daha rahatlıqla saxtakarlıq edib, ictmai fəallığın zəifləməsindən maksimum yararlanıb.

İki növbədənkənar seçki – 11 aprel 2018-ci il prezident və 9 fevral 2020-ci il parlament seçkilərinin qəfil keçirilməsində də əsas niyyət bu seçkiləri alternativ siyasi qüvvələrin iştirakı olmadan,  milli səviyyəli rəqabət mühiti yaranmadan təşkil etmək idi. Yəni korrupsiya kimi əsas motivasiya üzərində qurulan siyasi hakimiyyət üçün vətəndaş fəalllğı seçki dönəmində ictimai sorğulanma baxımından ciddi təhlükə hesab edilir. Eyni zamanda nəzərə alsaq ki, növbəti 9 ay müddətində ölkənin sosial-iqtisadi həyatında müsbət dəyişikliklər  gözlənilmir, o zaman iqtidarın təlaşını anlamaq olardı – 9 aylıq müddət vətəndaş qruplarına fəallaşmaq, siyasi təşkilatlara isə bloklaşmaq üçün geniş imkan verəcəkdi. Bunu gözardı etməyən hakim siyasi qrup noyabrda olası seçkilərin vaxtını önə çəkməklə siyasi hazırlıq imkanlarını məhdudlaşdırdı.

Parlamenti siyasi məkana çevirmək istəyi

Mövcud hüquqi-siyasi sistemdə Milli Məclisin həm qanunverici, həm də siyasi hakimiyyət orqanına çevrilməsi üçün onun ya hakim siyasi qrupun total nəzarətindən çıxması, ya da 125 yerlik tərkibdə fraksiya qurmaq üçün 25 müxalif və ya müstəqil deputatın təmsil olunması gərəkdir. Ötən 26 ilin seçki təcrübəsi göstərir ki, demokratik qüvvələr üçün bu versiyalardan biri əlçatan olmadıqca parlament seçkisi hakim siyasi qrupa öz avtoritar idarəçiliyini Səudiyyə Ərəbistanı, Qatar və Bəhreyn kimi monarxiya rejimlərindən və ya Şimali Koreya, Çin və İran kimi totalitar sistemlərdən fərqləndirmə təbliğatı olacaq.

Parlamentdə 25-dən az sayda müstəqil və ya müxalif deputatın təmsilçiliyi bu qurumu ölkənin milli problemlərinin müzakirəsi üçün siyasi məkana çevirə bilmir. Məsələn, 1995, 2000 və 2005-ci il parlament seçkilərinin nəticələri göstərdi ki, fraksiya yaradacaq sayda deputat yeri əldə etməyincə, müxalif və müstəqil deputatların təşəbbüsləri parlamenti siyasi dəyişikliklərin episentrinə çevirmir. Bu cür siyasi şərtlər altında 9 fevral seçkilərinə ən azı yeni siyasi mühitin yaranması, yəni siyasi qorxu mühitin azalması və siyasi canlanmanın artırılması imkanı kimi yanaşmaq olardı. Yəni mövcud siyasi imkanlar arasında minimum məqsəd kimi siyasi fəallığın gücləndirilməsini ən əlçatan və real hədəf seçmək olardı. Ancaq bunun şahidi olmadıq. Çünki milli səviyyəli siyasi rəqabətin əldə olunması, müxalif namizədlərin daha mütəşəkkil birliyi və peşəkar kampaniyanın qurulması baş vermədi.

İddiasız siyasi iştirak

Seçki o zaman maraqlı və cəlbedici siyasi hadisəyə çevrilir ki, seçicilərin qarşıduran namizədlər və siyasi qruplar arasında seçim imkanları yüksək olur, yəni seçkidə alternativlik təmin olunur. Ancaq seçkidə iştirak edən müxalif siyasi qrupların bir araya gəlib vahid seçki bloku yarada bilməməsi seçkiqabağı təşviqat dövrünü milli səviyyəli siyasi yarışa – ümmummili siyasi hadisəyə çevirmədi. Seçki təxminən 50-dək dairədə fərqli namizədlər arasında rəqabət kimi cərəyan etdi. Məsələn, Bakıdakı bəzi dairələrdə seçicinin namizədlər arasında seçim imkanı Gəncə, Şəki, Mingəçevir, Bərdə və ya Naxçıvandakı seçki dairələri ilə müqayisədə  yüksək oldu. Ancaq bu alternativlik üçün yetərli deyildi. Vəziyyətin bu şəkildə cərəyan etməsi alternativsiz seçkidə maraqlı olan iqtidarın planına uygun idi. Əfsus ki, müxalif qruplar prosesin milli yarış şəklində baş tutması üçün geniş seçki koalisiyası qurmağa cəhd etmədilər.

Seçki öncəsi REAL partiyası iştirakla bağlı ciddi təbliğat kampaniyası yürütsə də, namizədlərin geniş seçki blokunun formalaşması və seçki prosesinin lokomotivi olmaq yönündə səylər göstərmədi. REAL-ın etinasız yanaşdığı bu missiyanı Müsavat partiyasının icra etməsi üçün ya siyasi iradə, ya da siyasi nüfuzu çatışmadı. Nəticədə hər iki partiya seçki prosesinə zəif təşkil olunmuş kampaniya ilə qoşularaq, seçki dövründə siyasi canlanmanın yaranmasına, hakim siyasi qrupa bütün ölkə boyu meydan oxuyub ölkədə alternativ siyasi qüvvənin mövcudluğunu nümayiş etdirə bilmədilər.

Cəsarətsiz yaxud təcrübəsiz namizədlər

Seçki başlayandan 3 həftə sonra YAP-ın ənənəvi qaydada siyahısı açıqlandı. Az-çox təcrübəsi olan müşahidəçiyə bəlli idi ki, YAP-ın siyahısındakı şəxslərin bir çoxu imitasiya naminə, yəni “hakim siyasi partiya” imicinin nümayişi kimi irəli sürülüb. Əslində isə həm müstəqil, həm də digər siyasi partiyalardan olan namizədlər hakim siyasi qrupun qeyri-rəsmi siyahısında yer alacaq. Yəni 125 seçki dairəsi üzrə yerli icra strukturları YAP-ın siyahısı əsasında deyil, İlham Əliyevin rəyini almış “əsas” siyahıdakı şəxslər üçün çalışacaqlar. Bəzi istisnalarla bütün seçkiqabağı təşviqat dövrü və seçki günü həmin qeyri-rəsmi siyahının müdafiəsi yönündə baş verdi. Bununla da aydın oldu ki, 3-5 dairə istisna olmaqla digər seçki dairələrində İlham Əliyevin idarəçiliyində olan bütün yerli icra strukturları prosesə qoşulub. Seçicilər arasında bu gerçəkliyin fərqində olan xeyli insan vardı. Amma təəsüf ki, müstəqil və müxalif namizədlərin siyasi davranışında bu gerçəkliyi görməzdən gəlmək və ya bilərəkdən bu prosesə susqun qalmaq üstünlük təşkil etdi.

Müstəqil namizədlər arasında iqtidarın dəstəklədiyi namizədlərə qarşı gah yerliçilik müstəvisində, gah da naqis şəxsi keyfiyyətlərini qabardan təbliğat quruldu. Ancaq bu seçici üçün cəlbedici olmadı. Çünki seçici anlayırdı ki, hakim siyasi qrupun siyasətinə deyil, siyahısındakı namizədlərə yüklənən müxalif və müstəqil namizədlər ya cəsarətsizlik, ya da riyakarlıq edirlər. Yəni Razi Nurullayevin İmişlidən, Əli Hüseynovun Mingəçevirdə, Elşən Musayevin isə  Zaqatalada namizəd olması Prezident Administrasiyası ilə razılaşdırılıb, bu namizədlər ayrıca siyasi iradə sahibi deyillər və əsas iradə sahibi İlham Əliyevin kiçik siyasi çevrəsidir.

Belə bir siyasi durumda bütün müxalif namizədlərin əsas maneəsi kimi ümummilli siyasi qorxu ortaya çıxdı. Bu maneəni seçicilərin dəf etməsi üçün ilk olaraq namizədlərin ünvanlı və cəsarətli seçki kampaniyası aparması lazım idi. Amma bu baş vermədi və seçki qarşıduran, fərqli siyasi qruplar arasında deyil, fərdlər arasında yarış formasını aldı. Məhz bu cür qeyri-adekvat seçki kampaniyası seçici fəallığına mənfi təsir edən, prosesi seçici üçün maraqsız edən əsas faktor idi. Yeri gəlmişkən, seçici fəallığı ilə bağlı hazırda ən ciddi problem seçici siyahıları barədə mükəmməl qeydiyyat sisteminin təmin edilməməsidir. Əslində MSK-nın heç özünə də bəlli deyil ki, ölkədə real seçici sayı nə qədərdir.

Seçki sonrası qərarsızlıq

REAL və Müsavat partiyalarının seçkidə iştirakla bağlı zəif taktika seçərək, seçkiqabağı təşviqat dövründə mili səviyyəli rəqabət mühitinin formalaşmasına töhfə verə bilmədilər. Seçkidən sonrakı dönəmdə də hər iki siyasi partiyanın ictimai etirazların təşkili və beynəlxalq təşkilatlardan həmrəyliyin əldə olunması yönündə çalışmaları zəif oldu. Əslində həm REAL-ın, həm də Müsavatın ictimai etirazlara liderlik üçün siyasi krediti, o cümlədən beynəlxalq dəstək üçün yetərli siyasi əlaqələri vardı. Təəsüf ki, seçkinin nəticələrinə dair ictimai etirazların gücləndirilməsinə Milli Şura da seyrçi qaldı. Fikrimcə, bu qurumun növbədənkənar parlament seçkilərinin nəticələrinə yanaşması bir sıra səbəbdən qüsurlu idi. Birincisi, MŞ-nın seçkidə iştirakdan imtina etmək qərarı anlaşılan siyasi mövqe olsa da, parlament hakimiyyətinin qeyri-demokratik yolla formalaşmasına seyrçi qalması bu qurumun üzərinə düşən missiya ilə uyğunlaşmır. Çünki ölkədə demokartik dəyişikliklər uğrunda mübarizə aparan siyasi qüvvə seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq, hakimiyyətin qəsb edilməsi prosesinə qarşı fəal mövqe tutmalıdır.

İkincisi, 9 fevral seçkisini yetərincə əsaslı səbəblərdən boykot edən MŞ-nın seçki sonrası fəaliyyəti bu seçkilərin nəticələrini tanımamasına dair bəyanatla kifayətləndi. Yəni 9 fevral sonrası etirazlarda MŞ-nin mövqeyi yalnız müşahidəçilik oldu. MŞ 9 fevral seçkisin ölkə vətəndaşlarının azad iradəsini ifadə etmədiyini iddia etsə də, yeni parlament seçkilərinin keçirilməsi tələbində israrlı olmadı. Halbuki REAL və Müsavatın nümayiş etdirdiyi siyasi qərarsızlıq şəraitində MŞ-nın daha qətiyyətli davranmasına ehtiyac vardı.

Mümkün dərslər  

2020-ci il parlament seçkilərinin əvvəlki iki parlament seçkisindən əsas fərqi (1) yeni texnologiyaların verdiyi imkanlarla sosial medianın informasiyanın yayılması və kommunikasiya qurulmasında artan rolu və (2) gənc yaş qruplarının seçkiyə daha fəal qoşulması oldu. Şübhəsiz ki, ölkədə ciddi siyasi canlanmanın yaranması və qorxu mühitinin azalması üçün sözügedən iki faktor önəmlidir. Ancaq seçkidə məhz bu cür faktorlara arxalanaraq, iştirak etmək demokratik dəyişikliklər üçün yetərli deyil və seçki dövründə ciddi dəyişikliklərin baş verməsi üçün bəzi çalışmalara ehtiyac var.

İlk növbədə qəti şəkildə qəbul etmək lazımdır ki, seçki prosesi ölkənin bir neçə bölgəsində deyil, bütün respublika üzrə həyacanlı və maraqlı siyasi hadisəyə çevriləndə ciddi nəticələrə səbəb olur. Əfsus ki, 2020-ci il seçkilərində bu mühit yaranmadı və bunun yaranmaması sadalayacağım növbəti tədbirlərin çatışmazlığından qaynaqlanır:

  • Namizədlərin hazırlığı

Parlament seçkilərində iqtidaryönlü namizədlər istisna olmaqla digər namizədlərin həm insan, həm maddi, həm də texniki resurslarının çatışmazlığının şahidi olduq. Bu cür tendensiya namizədlərin xeyli öncədən seçkiyə hazırlığa başlamasını, müxtəlif sosial qruplarla davamlı şəkildə çalışmasını zəruri edir.

Namizədlərin seçkidə göstərdiyi digər bir çatışmazlıq ölkədə cərəyan edən proseslərə qeyri-peşəkar yanaşması, bəzi hallarda siyasi infantillik nümayiş etdirməsidir. Ümumiyyətlə, bu seçkidə xeyli sayda müxalif namizədin hədəf və məqsədləri aydın deyildi, bu durum seçicilər üçün qeyri-müəyyənlik yaradırdı. Ən önəmlisi seçiciyə bəlli deyildi ki, ondan dəstək istəyən namizədin seçki pozuntularına qarşı hansı yaradıcı və yenilikçi planları var.

  • Alternativ qüvvələrin vahid ittifaqı

Seçkidə iştirakın vacib ammilərindən biri fundamental siyasi azadlıqlar məsələsində ciddi fərqləri olmayan namizədlərin seçkiyə vahid blokla qoşulmasıdır. Seçkidə həm ictimai nəzarətin gücləndirilməsi, həm də seçici fəallığının təmin edilməsi üçün bütün texniki resursları birləşdirən vahid seçki qərargahının yaradılması vacib idi. Bu cür seçki ittifaqı ölkə boyu vahid mərkəzdən yürüdülən seçki kampaniyasının aparılmasını, o cümlədən seçicilərlə kütləvi ictimai görüşlərin ən azı iri şəhərlərdə baş tutmasına cəhd edə bilərdi.

  • Seçkiyədək qorxunu dəf etmək

Yenə mövcud qorxu mühitinə qayıdaraq, qeyd edək ki, seçkilərdə demokratk düşərgənin əsas problemi seçicilər və seçki komissiyaları üzvləri arasında mövcud olan qorxu mühiti olur. Əfsus ki, biz qorxunun miqyasını, əsaslarını və ağlabatanlığını lazımınca dəyərləndirib, buna uyğun siyasi kampaniya aprmağın şahidi olmuruq.  Siyasi qruplar bu təhlükəni dəf etmək üçün zəruri plana və tədbirlərə diqqət ayırmayınca, ən önəmlisi seçkiyədək kütləvi qorxunun miqyasını azaltmağa nail olmayınca, seçki dönəmində ciddi siyasi canlanmanın əldə olunması imkansızdır. Məsələn, 9 fevral seçkilərində bu gerçəkliyi dərk edərək, seçiciləri qorxmamağa çağıran namizəd həm demokratik düşərgədən xeyli uzaq, həm də heç bir təşkilati-ideoloji resursu olmayan fərdi namizəd idi. Amma ondan daha fərqli – yaradıcı və ideoloji formada qorxu əleyhinə ismarıcları müxalif partiya və namizədlər vaxtaşırı dilə gətirməli, seçki mühitində təlaşın azalmasına çalışa bilərdilər.

  • Seçkisiz dövr üçün  siyasi təşkilatların missiyası

Son seçkilərin gündəmə gətirdiyi digər bir narahatlıq siyasi partiyalara ölkədə olan ehtiyac məsələsi və bundan sonra dövlətin idarəçiliyində roludur. Yəni siyasi partiyalar illərlə seçkilər vasitəsilə hakimiyyətə gəlmək bir yana parlametdə 25 nəfərlik fraksiya yaratmaq imkanından məhrum qalırsa, o zaman getdikcə marginallaşması labüdləşir. Mövcud siyasi situasiyada siyasi partiyaların marginallaşmaması üçün iki məsələdə davranışlarına yenidən nəzər salması vacibdir.

Birincisi, ölkədə normal seçki mühitinin formalaşması ehtiyacının ümummili istəyə çevrilməsi yönündə fasiləsiz və davamlı şəkildə çalışmaq. Buraya seçki qanunvericliyinin təkmilləşdirilməsi və seçki komissiyalarının yenidən təşkili kimi ənənəvi tələblərdən daha öncə qorxu mühitinin azaldılması yönündə fəaliyyət daxil edilməlidir. Bu elə bir strateji fəaliyyəti lüzumlu edir ki, əsas siyasi azadlıqlar – söz və fikir azadlığı, insanların özünü ifadə azadlığı, sərbəst toplaşmaq, təşkilatlarda, icma və qruplarda birləşmək azadlığı prioritetə çevrilir. Bununla da əsas hədəf kimi hansı siyasi partiya lideri ətrafında ittifaqlaşma deyil, əsas siyasi azadlıqlar uğrunda mübarizədə həmrəylik önə çıxır. Qısası, hər kəs anlamalıdır ki, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüquqları, o cümlədən hüququn üstünlüyü ilə bağlı məhdudiyyətlər aradan qalxmadan kiminsə liberal, sosialist, mühafizəkar və ya dindar olmasının ölkədə siyasi dəyişikliklər üçün önəmi yoxdur. Eyni zamanda bu dəyərləri prioritetə çevirməyən siyasi qüvvə ilə dialoq və ya əməkdaşlıq anlamsız və absurddur.

İkincisi, yeni seçkiyə hər an seçki ola biləcək şəkildə yanaşaraq, seçkilərarası dövrdə həm öz üzvləri, həm də tərəfdarlarının siyasi təhsili ilə məşğul olmaq, dolayısı ilə topluma dinc yolla hakimiyyət dəyişikliyini təbliğ etmək vacibdir. Bunun üçün MSK-nın təqvim planını gözləməyə ehtiyac yoxdur.

Anar Məmmədli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun