Ekspertlər büdcəni şərh edir: Bu ilin xərcləri daha çox hansı yöndə olacaq?

Ekspertlər büdcəni şərh edir: Bu ilin xərcləri daha çox hansı yöndə olacaq?
26 Dekabr 2020
Mətni dəyiş

Bu günlərdə Azərbaycan parlamentində 2021-ci ilin dövlət büdcəsi birinici oxunuşa təqdim olunub. Qapalı keçirilən iclasda müzakirə edilən büdcə layihəsi ilə bağlı ətraflı məlumat olmasa da, bu büdcənin cari ilin büdcəsi ilə müqayisədə fərqli olacağı güman edilir. 1-ci oxunuşda qəbul olunan büdcə layihəsi cari ilin büdcə layihəsindən nəyi ilə fərqlənir? Bu ilin xərcləri daha çox hansı yöndə olacaq?

Abzas.net məsələ ilə bağlı iqtisadçı ekspertlərlə danışıb.

İqtisadçı ekspert Nemət Əliyev deyir ki, ilkin məlumatlara görə, dövlət büdcəsinin 42%-i sosial xərclərə yönləndiriləcək, ona görə də bu büdcəyə tam olaraq sosialyönümlü büdcə demək olmaz.

Onun sözlərinə görə, bəzi millət vəkillərinin uşaqpulu və digər sosial xərclərlə bağlı dedikləri də indiki mərhələdə ciddi deyil.

"Ancaq onu deyə bilərəm ki, cari illə müqayisədə investitsiya xərcləri xeyli azalıb. Düzdür, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi üçün bu büdcədən 2 milyarddan artıq vəsait ayrılıb, ancaq cari ilin dövlət büdcəsində 5 milyard manata qədər vəsait investitsiya xərcləri üçün ayrılmışdı. İndi bu hələ birinci oxunuşdur və ola bilər ki, 2-ci, 3-cü oxunuşda yenidən baxılsın buna, ancaq indiki halda bu belədir", - deyə iqtisadçı ekspert bildirib.

Nemət Əliyev deyir ki, azalmalar ona görədir ki, hökumət də başa düşür ki, gələn il çox ağır il olacaq. Ekspertin fikrincə, ümumiyyətlə  dövlət büdcəsinin gəlirlərinin artırılması ilə bağlı proseslərdə ciddi çətinlik olacaq.

"İqtisadiyyat çox kiçilib, gəlirlər azalıb, biznesin fəaliyyətində çox ağır mərhələlər yaşanır. Büdcə gəlirlərinin artırılması ilə bağlı təşəbbüs ortaya qoyulanda, yəqin ki, bunu nəzərə almayıblar. Cari ilin 11 ayının nəticələrinə görə əhalinin gəlirlərində hardasa 21% azalma var. Əgər bunu və biznesin kəskin şəkildə zəifləyəcəyini nəzərə alsaq, biznesdən və əhalinin gəlirlərindən dövlət büdcəsinə daxilolmalarda da bir azalma olacaq. Ona görə də mən inanmıram ki, dövlət büdcəsinin gəlirlərinin artırılması ilə bağlı plan normal şəkildə həyata keçsin", - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, bu büdcə elə cari ilin büdcəsi qədər sosialyönümlü büdcədir. Onun sözlərinə görə, bu büdcəni cari ilin büdcəsi ilə fərqləndirən iki cəhət var, birincisi odur ki, işğaldan azad olunmuş ərazilərə də 2.2 milyard manat vəsait ayrılıb, ikincisi də odur ki, müdafiə xərclərində 20.5%-lik artım gözlənilir.

"Səhiyyə xərclərində azalmalar gözlənilir, hardasa 9% azalma var. Bunun da əsas səbəbi odur ki, hökumət artıq icbari tibbi sığortaya keçir və güman edilir ki, icbari sığortadan da gələn gəlirlər olacaq. Yəni, işləyənlərin və işə götürənlərin ödənişləri olacaq. Təhsil xərclərində hardasa 10%-lik artım var. Pensiya xərclərində artım var, ümumilikdə pensiya xərcləri 450 milyon manat artacaq. Əsas məsələlər bu dediklərimdir, başqa heç nə yoxdur. Bunları nəzərə almasaq, demək olar ki, cari ilin büdcəsi ilə eyni büdcədir", - deyə iqtisadçı ekspert Rövşən Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun