Şahin Cəfərli: "Zelenski və dünyaya yayılmış görkəmli Ukrayna yəhudiləri"

Şahin Cəfərli: "Zelenski və dünyaya yayılmış görkəmli Ukrayna yəhudiləri"
6 May 2019
Mətni dəyiş
Zelenski və məşhur Ukrayna yəhudiləri   Ukraynada Vladimir Zelenskinin prezident seçilməsindən sonra Çexiya radiolarından birinin (Český rozhlas Plus) saytında jurnalist Yan Fingerlandın belə bir başlıqla məqaləsi yerləşdirildi: “Ukrayna faşistlərinə yəhudi rəhbərlik edəcək.” Başlıq çox kobud səslənirdi, böyük ehtimalla müəllif 2014-cü il Maydan inqilabından bu yana Rusiya mediasının və rəsmi dairələrinin Ukraynada radikal millətçilərin, faşistlərin hakimiyyəti ələ keçirdiyinə dair daxildə və xaricdə apardıqları aramsız təbliğatdan təsirlənib. Ukraynanın Praqadakı səfirliyinin etirazından sonra redaksiya başlığı aşağıdakı şəkildə dəyişdi: “Ukraynanın rəhbəri yəhudi oldu.” (Hərçənd əvvəlki prezident Poroşenkonun da atasının yəhudi olduğu iddiaları var və Ukraynanın hazırkı baş naziri Qroysman da yəhudidir.) Yeni başlıq da qüsursuz deyil, ən azı o baxımdan ki, insanların etnik mənşəyini qabartmaq və buna xüsusi anlam vermək Qərb liberal dəyərləri ilə bir araya sığmır. Belə görünür ki, son illər Avropada millətçiliyin, radikal sağın XX əsrin 30-cu illərində olduğu kimi, yenidən dirçəlməyə başlaması politkorrekt yanaşmaları və davranışları da tədricən sıxışdırır. Çexiyalı jurnalist də yəqin ki, bu tendensiyanın təsiri ilə yeni Ukraynada hakimiyyət dəyişikliyindən yazarkən seçilən şəxsin etnik kimliyinə vurğu salmaq ehtiyacı hiss edib. Əslində seçkinin nəticələri Y.Fingerlandın yazısının ilk başlığını təkzib edir, çünki Zelenski Lvov istisna olmaqla, Ukrayna millətçiliyinin dayaqlarının güclü olduğu qərb vilayətlərində də qalib gəlib. Bu fakt müasir Ukrayna millətçiliyinin faşist və antisemit ideoloji təmələ əsaslanmadığını sübut edir, baxmayaraq ki, tarixdə bununla əlaqədar sıxıntılar yaşanıb və faciələr də baş verib... Rusiya İmperiyası mütləqiyyətçi monarxiya kimi insan haqları və demokratiya anlayışlarından uzaq idi, 1861-сi ildə başlayan aqrar islahatlar nəticəsində təhkimçiliyin ləğvi kəndliləri, eləcə də digər təbəqələri heç də azad etmədi. Ruslar başda olmaqla, bütün xalqların, etno-konfessional qrupların hüquqları tapdanmağa davam edirdi, yəhudilər isə ikiqat zülmə və seqreqasiyaya məruz qalırdı. XVIII əsrin sonlarından 1917-ci il fevral inqilabına qədər çar rejimi yəhudilər üçün xüsusi ərazilər - “oturaq həyatın hüdudları”nı (rusca: çerta osedlosti) müəyyən etmişdi. Bu xüsusi rejimin mahiyyəti bu idi ki, iudeylər yalnız onlar üçün ayrılmış regionlarda yaşaya bilər, Peterburq və Moskva başda olmaqla, imperiyanın mərkəzlərində məskunlaşa bilməzlər. (Məhz ikinci sort insan sayılmaları səbəbindən rusiyalı inqilabçıların arasında yəhudilərin xüsusi çəkisi var idi, SR-lərin və kommunist-bolşeviklərin bir çox lideri etnik mənsubiyyətinə görə yəhudi idi.) Yəhudilər üçün (yeri gəlmişkən, onların bir çoxunun kökü Xəzər xaqanlığına gedib çıxır) müəyyənləşdirilən quberniyaların əksəriyyəti hazırkı Ukrayna və Belarus ərazilərinə təsadüf edirdi. Bu səbəbdən, insanlıq tarixində mühüm iz qoymuş bir çox məşhur yəhudi məhz Ukrayna torpaqlarında dünyaya göz açıb və sonradan Avropaya, dünyaya yayılıb. Onlardan bəzilərinə nəzər yetirək.   Vladimir (Volf) Jabotinski. Dünya sionizminin görkəmli liderlərindən biri olub. 1880-ci ildə Odessada doğulan Jabotinski peşə fəaliyyətinə jurnalist kimi başlayıb. 1903-cü ildə şəhərdə iudeylərə qarşı hücumlar gözlənildiyi üçün yəhiudi özünümüdafiə dəstələrinin yaradılmasının təşəbbüskarı olub. (Həmin il hücumlar Odessada deyil, Kişinyovda baş verdi.) 1903-cü ildə Jabotinski jurnalist kimi Bazeldə keçirilən sionist Konqresinə ezam edilib və sionist hərəkətla tanışlığı başlayıb. 1921-ci ildə o, Dünya Sionist Təşkilatının rəhbərliyinə seçilib. Bu təşkilatın daxilində tezliklə mübahisələr, fikir ayrılıqları baş qaldırıb və uzun müddət davam edib, nəhayət, 1935-ci ildə daha sərt xəttin tərəfdarı olan Jabotisnki özünün ayrıca sionist təşkilatını yaradıb. Bu təşkilat yəhudi diasporasının ləğvini və istəyən hər kəsin Fələstinə köçürülməsini, İordan çayının hər iki sahilinin yəhudilərlə məskunlaşdırılmasını, orada Tövrat ruhunda yəhudi dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuşdu. Hazırda İsraildə iqtidarda olan Netanyahunun “Likud” Partiyası məhz bu ideoloji təməl üzərində formalaşıb. Jabotisnki həm də yazıçı-publisist olub, bir neçə romanın müəllifidir. O, yəhudi dövlətinin təsis olunmasını görmədən 1940-cı ildə ABŞ-da vəfat edib. 1964-cü ildə Jabotinski və həyat yoldaşının qalıqları İsrailə aparılaraq dəfn olunub. V.Jabotinskinin belə bir vəsiyyəti olmuşdu: “Mənim qalıqlarımı Erets-İsraelə aparmaq lazım deyil, ta o vaxta qədər ki, yəhudi dövləti yaradılsın və buna yəhudi hökuməti qərar versin...” Belə də oldu. İsraildə Volf Jabotinskinin xatirəsi əziz tutulur. Knessetin qərarı ilə yəhudi təqviminin dördüncü ayının (tamuz) 29-u, yəni Jabotinskinin ölüm günü ölkədə “Jabotinski günü” elan edilib. Tel-Əvivdə Jabotinski İnstitutu mövcuddur, İsrailin şəhərlərində onun adına küçələr var.     Qolda Meir (Maboviç). İsrailin 5-ci baş naziridir. 1898-ci ildə Kiyevdə doğulub. 1903-cü ildə atası Moisey ABŞ-a işləməyə gedib, 3 il sonra Qolda anası və iki bacısı ilə birlikdə atasının yanına yollanıb. Miluoki Pedaqoji Kollecində oxuyub, 17 yaşında “Poaley-Sion” yəhudi sosial-demokrat təşkilatına qoşulub, 1921-ci ildə həyat yoldaşı Moris Meerson ilə birlikdə Fələstinə köçüb. 1948-ci il mayın 14-də Qolda Meerson (sonradan Meir soyadını götürüb) İsrailin Müstəqillik Bəyannaməsini imzalayan 38 nəfərin arasında yer alıb, eyni il SSRİ-yə səfir təyin olunub, 1949-cu ildə ilk Knessetə üzv seçilib, əmək və sosial təminat naziri, sonra xarici işlər naziri vəzifələrində çalışıb. Qolda Meir 1969-cu ilin martında İsrailin baş naziri olub. 1972-ci ildə Münhen Olimpiya Oyunları zamanı İsrail idmançılarına fələstinli terrorçular tərəfindən edilən hücum və 11 idmançının öldürülməsindən sonra xanım Meir bütün terrroçuların tapılıb məhv edilməsinə göstəriş verib. 1973-cü ildə Yom-Kippur savaşı da onun baş nazirliyi dövrünə təsadüf edib, qələbədən sonra partiyası seçkilərdə qələbə çalsa da, Meir ölkədəki ümumi narazılıq fonunda 1974-cü ildə istefaya gedib. “Yerusəlimin azadlığına görə” medalı ilə təltif olunub. 1978-ci ildə vəfat edib.     İshak Ben-Tsvi (Şimşeleviç). İsrailin 2-ci prezidentidir. 1884-cü ildə Poltavada doğulub. 1905-ci ildə yəhudi poqromları zamanı özünümüdafiə dəstələrində fəal iştirak edib. 1907-ci ildə Haaqa Sionist Konqresinə qatılıb və Fələstinə köçüb. Osmanlının paytaxtı İstanbulda əvvəlcə Galatasaray litseyində, sonra İstanbul Universitetində təhsil alıb. İsrailin Müstəqillik Bəyannaməsini imzalayanlardan biri olub, 1-ci və 2-ci Knessetə üzv seçilib. 1952-ci ildə İsrailin prezidenti seçilib və ölənə qədər (1963) bu vəzifədə qalıb. İsrailin pul vahidi şekelin 100-lük banknotunda Ben-Tsvinin təsviri var. Adına küçələr verilib.     Volf Ladejinski. Yaponiya və Tayvanı dirçəldən adam. 1899-cu ildə indiki Çerkassk vilayətində doğulub. Zəngin ailənin övladı olub, amma sosialist inqilabından sonra bütün əmlakları müsadirə edilib. 1922-ci ildə ABŞ-a gedib, Nyu Yorkda qəzet satıb. Kolumbiya Universitetində “kənd təsərrüfatının iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb. 1935-ci ildə ABŞ Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis qismində işə düzəlib, Asiya ölkələrinin və SSRİ-nin aqrar sektorunu araşdırıb. 1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın işğal edilməsindən sonra işğal qüvvələri komandanlığı tərəfindən aqrar islahat keçirmək üçün Yaponiyaya dəvət olunub. Bu ölkədə 1 il ərzində araşdırma apardıqdan sonra Ladejinskinin qrupu islahatlar proqramı hazırlayaraq komandanlığa təqdim edib. Onun proqramı qanun layihəsi şəklində Yaponiya parlamenti tərəfindən qəbul edilib və islahatlar başlayıb. İslahatların uğuru Yaponiyada sosial gərginliyin və sol ideyaların yayılmasının qarşısını alıb. Ladejinski sonradan Tayvanda da eyni islahatların həyata keçirilməsinə kömək edib və “Tayvan möcüzəsi”nin əsasını qoyub. Eyni məqsədlə ABŞ hökuməti tərəfindən Cənubi Vyetnama da ezam edilib, lakin buradakı islahatlar Yaponiya və Tayvandakı qədər uğurlu olmayıb. Volf Ladejinski 1975-ci ildə Dünya Bankının Hindistandakı missiyasında çalışarkən vəfat edib.     Aleksandr Bernşteyn. Rusiyada psixoanalitikanın əsasını qoyanlardan biri, katatonik sindromun əlamətlərindən olan Bernşteyn simptomu və şizofrenik ağıldankəmlik kimi xəstəlikləri kəşf edən şəxs. 1870-ci ildə Odessada doğulub. Moskva Universitetinin tibb fakültəsini bitirib, ilk dəfə Rusiyada biokimya, pataloqoanatomiya və psixologiya laboratoriyaları yaradıb, Moskva Psixonevroloji İnstitutunun direktoru olub, 1922-ci ildə vəfat edib.       Yakov Bardax. Rusiyada ilk, dünyada isə ikinci bakterioloji stansiyanın yaradıcısı. 1857-ci ildə Odessada doğulub. Əvvəlcə Novorossiya (Odessa) Milli Universitetini, sonra İmperator Hərbi-Tibb Akademiyasını bitirib. Meçnikov, Seçenov kimi məşhur alimlərin tələbəsi olub. 1866-cı ildə yaratdığı bakterioloji stansiyada insanlar və heyvanlar arasında yayılan müxtəlif xəstəliklərə qarşı peyvəndlər hazırlayıb. Rusiyada quduzluğa qarşı ilk peyvəndləməni aparan həkimdir. Quduzluq peyvəndini ilk dəfə öz üzərində sınaqdan keçirib. 1920-ci ildə Odessada Klinik İnstitutu, 1927-ci ildə isə Həkimlərin Təkmilləşdirilməsi İnstitutunu da o yaradıb. 1929-cu ildə vəfat edib.     Co Dassen (Joseph İra Dassin). Bu ad hamıya tanışdır. Məşhur fransalı müğənni Co Dassen özü yox, babası Samuel Ukraynada doğulub. S.Dassen XX əsrin əvvəlində ABŞ-a mühacirət edib. Sərhəddə amerikalı gömrük əməkdaşları onun soyadını soruşublar, ingilis dilini bilməyən S.Dassen fransızca “Je suis d’Odessa” (“Mən Odessadanam”) deyə cavab verib. Gömrükçülər onun soyadını Dassen kimi yazırlar. Yəni məşhur Dassen soyadı Odessa şəhərinin adı ilə bağlıdır.   Şahin Cəfərli, politoloq

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun