İslahat davranışları dəyişmirsə... - Rövşən Ağayev

İslahat davranışları dəyişmirsə... - Rövşən Ağayev
3 Mart 2019
Mətni dəyiş

Maliyyə naziri TV-lərdən birinə açıqlamasında deyib ki, əhalinin valyuta kreditlərilə bağlı kompensasiyalara və sosial müdafiə tədbirlərinə tələb edilən əlavə vəsait 2019-cü ilin büdcəsində öncədən nəzərdə tutulmuşdu. Ona görə də cari maliyyə ili üzrə qanunun dəyişdirilməsi üçün parlamentin prosesdə iştirakına ehtiyac yoxdu. Gerçəkdən də hazırkı büdcə qanunvericliyi parlament vasitəsilə büdcənin dəyişdirilməsi ümün 2 hüquqi zərurət müəyyən edib:

1) Büdcənin gəlir və xərclərinin, həmçinin büdcə kəsirinin maliyyələşlədirilməsi üzrə mənbələrdən daxilolmaların ümumi məbləğində proqnozdan kənarlaşmalar baş versin. Qanunun 23.4-cü maddəsinə görə, qeyd olunan hər istiqamət üzrə faktiki daxilolmaların rüblük həcmi təsdqilənən proqnoz göstəricidən ən azı 10% kənarlaşması büdcəyə yenidən baxılması üçün ilk hüquqi zəmindir. Lakin Qanunun 18.4, 18.5,18.6 və 19.6-cı maddələri hökumətə imkan verir ki, hətta bu səviyyədə gəlirlərin azaldığı şəraitdə xərclərin həcmini də daxilolmaların azalmasına uyğunlaşdırsın;

2) Əgər yuxarıda qeyd olunan səlahiyyətlər çərçivəsində hökumət xərcləri gəlirlərin azalmasına uyğunlaşdıra bilmirsə, gəlir və xərclər arasında tarazlığın pozulması riski yaranırsa, may ayının 15-dən tez, oktyabrın 15-dən gec olmayaraq büdcəni dəyişmək üçün parlamentə təqdim edilməlidir.

İndiki stiuasiya bir qədər fərqlidir: büdcə qaydası tətbiq edilməyə başlayıb, hökumət cari maliyyə ili üzrə icmal büdcə xərclərini əvvəlik ilə nisbətən 3% artımla proqnozlaşdıra bilər. 2019-cu ilin büdcəsi də həmin tələbə əsasən tərtib edildiyindən xərclərin cəmi məbləğini artırmaq hökumətin gündəliyində deyil.

Amma indi başqa mənzərə ortaya çıxır: büdcənin içərisi dəyişdirilir - kreditlərin kompensasiyası və sosial müdafiə xərcləri üçün tələb olunan təxminən 1.5 mlrd. manata yaxın vəsait sən demə büdcədə nəzərdə tutulumbuş.

Bəs hansı funksional bölmələrd, onların hansı köməkçi bölmə və paraqraflarında? Axı büdcə təsnifatı var, bu təsnifata görə hər maliyyə ili üzrə büdcənin məxaric hissəsi elə tərtib edilməlidir ki, nəinki deputatlar, müstəqil analiz institutları, hətta sadə vətəndaşlar belə ilin büdcəsinə baxanda onun hər qəpiyinin hara gedəcəyini, o qəpikdən bu vətəndaşa nə düşəcəyini aydın görə bilsin. Əgə vətəndaş, hətta millət vəkilləri və büdcə araşdırmaçıları büdcəni rəqəmlərlə "oxuya" bilmirlərsə, deməli həmin büdcə şəffaf deyil.

Məsələn, maliyyə nazirindən müsahibə götürən jurnalist soruşa bilərdi ki, əgər büdcədə əvvəlcədən nəzərdə tutulmuşdusa, ən azından niyə büdcənin izahat hissəsində, Vətəndaşın Büdcə Bələdçisi nəşrində bu məqamlar öz əksini tapmayıb.

Gəldiyim nəticə: islahat yalnız strukturların və kadrların yenillənməsi deyil. Ən əsası onların davranışlarının dəyişməsidir. Gətirdiyim misalda davranışların dəyişməsi o zaman ola bilər ki, hökumət büdcəni şəffaf tərtib eləsin, ordakı hər manatın təyinatı aydın görünsün, hökumət büdcəni öz baxışı ilə dəyişə bilməsin, ən xırda dəyişikliklər belə Parlamentin, onun yaratdığı təsisatın - ictimai maliyyəyə xarici audit funksiyasını yerinə yetirən Hesablama Palatasının rəyini alsın, ictimai müzakirələr keçirsin, bütün maraq qruplarının ehtiyaclarını ictimai müzaikələr əsasında özlərindən öyrənsin.

Sonda da büdcəni hamının gözünün qarşısında, hamının iştirakı il dəyişsin. Kabinetlərdə verilən qərarlar qaldıqca, davranışlar dəyişməyəcək...

Doğrudan da fenomenal stiuasiyadır: pis-yaxşı bütün büdcə rəqəmləri ortadadır, amma büdcədə kredit kompensasiyası, maaş, pensiya və müavinət artımı üçün vəsaitlərin hansı mənbədən götürüləcəyini görə bilmir...

Rövşən Ağayev

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun