YAP-ın bu günə qədər açıq-aydın ideoloji xətti, platforması yoxdur

YAP-ın bu günə qədər açıq-aydın ideoloji xətti, platforması yoxdur
2 Sentyabr 2018
Mətni dəyiş

Natiq Cəfərli

İdeoloji duruş, dəyərlərə söykənən həyat. (Düşünmək üçün)

Son günlər sosial şəbəkələrdə yüzlərlə insan ideoloji test keçib nəticələrini yaydılar, bu hal çox xoşuma gəldi, deməli insanlarda ideoloji məsələlərə maraq yaranır. Dəyərlərə söykənən siyasi mövqeyi olan insanlarla istənilən mövzunu dartışmaq çox zövqlü və asan olur - çünki mənalar artıq oruruşub, təməl prinsiplər aydındır, xırda izahlara vaxt və enerji sərf etmirsən, bu da diskussiyanın keyfiyyətini xeyli artırır. Amma bizdə ciddi bir problem yaranıb - son 100 ildə dünyada gedən ideoloji diskussiyadan kənarda qalmışıq, Sovetlərdə tək baxış bucağı hakim idi, fərqli mövqeləri olan ideoloji müzakirə yox idi, fərqliliklər hətta qəddarlıqla kökündən məhv edilirdi. SSRİ dağılanda bütün post-sovet məkanında tək bir işlək və asan qavranan ideoloji xətt yarandı - millətçilik. Bu cərəyan etnik çərçivədən kənara çıxa, vətəndaş millətçilinə dönüşə bilmədi. İslam kimliyi olan post-sovet ölkələrində paralel olaraq dinə söykənən, asan izah olunan psevdo-ideoloji cərəyanlar yarandı. Slavyan kökənli keçmiş post-sovet ölkələrində "sol" ideologiya daha oturuşmuş və institusional hal aldı, amma liberalizm, "sağ-mərkəz" marginallaşdı. Tək bir Baltikyani ölkələrdə fərqli mənzərə yarandı, SSRİ dağılan kimi həm sağ, həm sol təməlli güclü siyasi partiyalar yarandı - bu da təbii idi, 1940-cı ildə zorla sovetləşdirilən ölkələrdə keçmişə söykənən ənənələr tam məhv edilməmiş, nəsil dəyişimi tam başa çatmamış, "sovet insanı" o bölgədə tam formalaşmamışdı. Həm də onların 20 illik müstəqillik tarixi çox önəmli rol oynamış, müəyyən institutlar sovetlərə qədər artıq formalaşmışdı. Dünya isə 20-ci əsrdə əsl ideoloji döyüş meydanı idi, əsasən də 2-ci dünya savaşından sonra artıq prinsiblərin, ümumbəşəri dəyərlərin oturuşması dönəmi başladı. Artıq elə dəyərlər formalaşdı ki, onu həm sağ, həm də sol qəbul etməyə məcbur oldu. İdeologiyalar arasında məsafə qısaldı, artıq konkret mövzular üzərində fərqliliklər üzə çıxmağa başladı, ideologiyalar doqmalıqdan çıxıb alətlərə çevrilməyə başladı. Yəni, ağıllı və seçilmiş hökumətlərin əlində sağ və sol yanaşma rifah toplumu yaratmaq üçün alətlərə çevrildilər. Müstəqillik qazanandan sonra bizdə ilk 5-10 il ideoloji mübarizə cücərtiləri yarandı, amma sonra hökumətin basqıları, müxalifətin isə zəifliyinə görə oturuşub institutlaşmadı. Açığı, ideoloji duruşu olmayan hökumətə qarşı ideoloji mübarizə aparmaq çətin məsələdi. Özünə hakim partiya deyən YAP-ın bu günə qədər açıq-aydın ideoloji xətti, platforması yoxdur - özlərinə "sağ-mərkəz" deyillər, amma atdıqları bütün addımlar "solabənzər dövlət kapitalizminə" oxşayır. Dövlətə iqtisadiyyata hegamon rol veriblər, dövlətin adı ilə korrupsiya yolu ilə aşağıdan-yuxarıya loyallıq modeli qurublar. Yəni, loyallıq ancaq maddi maraq üzərinə inşa edilib, heç bir ideoloji bağ və hekayə qura bilməyiblər. Açığı müxalifət də 25 ildə bənzər səhvlər edib -partiyalar hər kəsi qucaqlamaq istəyib, hamının xoşuna gəlməyə çalışıb. Bu isə ideoloji kəsimlərin yaranmasına mane olub. Ölkədə böyük narazı kütlə var - bu faktdır, amma hər kəsin narazıçılıq üçün öz səbəbi, öz nədəni var. Narazı olmaq mövqe deyil - birləşdirici mövqe razı olmaqdır, hər hansı bir ideya və dəyərlə razılaşıb birləşmək olar. Qısası, cəmiyyətin ideoloji kimliyi çox olan fərdlərinin artması əla xəbərdir, amma 100 il dünyadan kənarda qalmağımız bizi köhnə mövqelərə, doqmatiq ideloji mövzulara sürükləyə bilər. Növbəti mərhələdə məqsədimiz ideoloji yanaşmanı mövzular üzərinə gətirmək, rifah toplumunun yaranmasına köklənən, ideologiyaları alət görən baxış acısının cəmiyyətə aşılanması olmalıdı. Belə....

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun