İdxalçı şirkətlər arasında rəqabət yoxdur

İdxalçı şirkətlər arasında rəqabət yoxdur
20 Avqust 2018
Mətni dəyiş
Ölkədə Premium (Ai-95) markalı benzinin qiyməti (1,25 manatdan 1.50 manatadək, yəni 17 faiz artıb. Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 manat təşkil edib. Yəni, 7 faiz. Hər iki marka üzrə ortalama olaraq 12 faizlik artımdan söhbət gedir. Məlumat üçün bildirim ki, hər iki benzin markası ölkəmizdə istehsal olunmur, idxal hesabına təmin olunur. Yəqin ki, deyəcəklər, bu markanı biz istehsal etmirik ki, qiymətləri artıraq? İdxal qiyməti artırsa, qiymət artımı da qaçılmaz olur. Qonşu Gürcüstanda bu markalı benzinin qiyməti 1, 82 ANZ-dir, Türkiyədə 1,94 AZN və s. Əgər bu markalı benzinləri Avropa ölkələrindən idxal edən şirkətlərin sayı və kimliyi məqsədyünlü formada müəyyənləşdiriblərsə, o zaman söhbət inhisar qiymətlərinin diktə olunmasından getməlidir. Əgər bu idxalı həyata keçirən şirkətlər arasında rəqabət olarsa, bu zaman qiymət artımı olmaya da bilərdi. Çünki, premium markalı idxal mallarının qiymətlərini Tarif Şurası müəyyənləşdirmir, onu bazar müəyyənləşdirir. Bazarda isə həmin məhsulların məhdud idxalçısı varsa, o zaman qiymət də tələb-təklif əsasında yox, inhisar qiymətləri əsasında formalaşacaq. Bunun da adı idxal inhisarçılığıdır. İnhisarçılığı ya istehsal, yaxud idxal üzərində et, yenə fərq etməyəcək. İstənilən məhsulun dəyər zəncirində kənarçıxma varsa, bu qiymətə təsirsiz ötüşməyəcək. Bildiyimiz kimi hər iki yüksək oktanlı benzini böyük mühərrik gücü olan avtomobillər istifadə edir. Neft pullarının ölkəyə sürətlə daxil olduğu müddətdə isə bu tip avtomobillər kütləvi olaraq ölkəyə idxal olundu. Ortalama olaraq ildə 100 min ədəd idxal olunan avtomobillər sırasında mühərrik gücü böyük olan avtomobillər azlıq təşkil etmirdi. Demək, bu qiymət artımı eyni zamanda yaxın müddətdə bu tip avtomobillərin qiymətlərinə təsirsiz ötüşməyəcək. Sadə vətəndaşlar düşünə bilərlər ki, bu qiymət artımı bizdən yan keçdi. Çünki, ölkədə ölkədə əksər avtomobil istifadəçiləri A-92 markalı benzindən istifadə edir. Keçmiş təcrübələrədn çıxış edərək düşünmək olar ki, böyük ehtimalla premium markalı benzinin qiyməti artımı növbəti aylarda A-92 markalı benzinin qiymət artımı üçün əsas yaradır, vətəndaşları psixoloji baxımdan bu qiymət artımına hazırlanır. Bu təminatın isə olub-olmaması heç kimə bəlli deyil. Məhəmməd Talıblı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun