Bütün bunların səbəbi...

Bütün bunların səbəbi...
12 Avqust 2018
Mətni dəyiş

Yalçın İslamzadə

Çin malı keyfiyyətsizliklə assosiasiya olunduğu üçün alverçilər yeni marketinq taktikası tapmışdılar, deyirdilər ki, "Çin malı deyil, Pekin malıdır". Guya Pekin Çində deyil, ya da keyfiyyətli məhsul istehsal edən bütün şirkətlər Pekində toplaşıb, keyfiyyətsiz məhsullar Pekindən kənarda istehsal olunur. Ev üçün su filterləri satan firmalar elektroliz nəticəsində metalın suyu bulandırmasını evdəki suyun kirliliyinə sübut kimi göstərirlər, özləri ilə gətirdikləri distillə olunmuş suda elektroliz getmədiyi üçün suyun bulanmamasını isə onların cihazlarının mərifəti kimi təqdim edirlər. Çoxsayda kabel firmaları məhsullarına "Muhteşem kablo", "Mahrem kablo", "Can kablo" adı qoymaqla guya kabelin Türkiyə istehsalı olduğu mesajı verirlər. Alıcı da bu razılaşılmış aldatmacada iştirak edir. Kabelin üstündəki rəqəmlər az hallarda doğru olur, 3x4mm2 yazılırsa, en kəsiyi ən yaxşı halda 3.5 mm2-dır. Topun uzunluğu 100m yazılsa da, əksərən 90-95m arası olur. Həm en kəsiyindən, həm uzunluqdan "qazanırlar". Bir kabel firması şübhəçi müştəri riskinə qarşı kabel topunun uzunluğunu "100 yard" (90 m) yazıb. "100" rəqəmi müştərini sakitləşdirir, ölçmək istəsə deyəcəklər ki 90m-dir, səhv demirik. 100 yard demişik, 100 metr yox. Sərf edəndə uzunluğu metrlə yox, yardla da ölçürlər. Nazirliyin gənci robot yarışına göndərmək üçün pulunun həqiqətən olmadığına inanıram, düşünüblər ki, robot yarışı nədir ki ona pul verək, belə lazımsız işlərə bizdə pul yoxdur. Uzaq başı elm festivalı keçirəndə Aldebaran şirkətinin Neo robotunu nümayiş etdirərik. Gərək özümüz düzəldək? Bir vaxtlar fondlardan birinə Hokinqin kitabının tərcümə və nəşr edilib məktəblərə paylanması layihəsi üçün qrant verilməmişdi, ancaq "Gənc aşıqların yaradıcılıq gecəsi" və bu kimi həyati vacib layihələrə yüzminlərlə vəsait ayrılmışdı. Keyfiyyətli məhsul və bilgi yaratmaq əvəzinə alver edək, alver yaxşı getsin, kiçik hiylələrlə vəziyyətdən çıxaq. Bütün bunların səbəbi odur ki 21-ci əsrdə, bilgi dövründə, fikir, ideya, elmi-texniki tərəqqi, 4-cü sənaye inqilabı, dijital texnologiyalar, çəkisiz iqtisadiyyat dövründə yaşadığımızın fərqində deyilik. Əvvəllər bir neçə yeni məhsul üçün bəzi iş insanları ilə görüşəndə deyirdilər-"Neçəyə alacam və bir ay sonra neçəyə satacam? Sən bunu de". Heç vaxt su qurğularının optimal dizaynı, keyfiyyəti, işlətmə maliyyəti haqqında sual vermirdilər. İndiki, hazırki qiymət hansı təklifdə ən ucuzdursa, o yaxşıdır. Kafel ustasının, hörgü ustasının işi göz qabağındadır, onların zəhmətini asanlıqla dəyərləndirir, qiymətdə razılaşırlar. Ancaq ideyanı, fikri, təhlili, proqnozu, mütərəqqi təlimlərin tətbiqini dəyərləndirə bilmirlər. İntellektual əmək parket kimi maddi olmadığı üçün qiymətləndirilmir. Bəzən müraciət olur, "A mövzusunda təlimçi lazımdır". Var deyirəm, təlimçi üçün nə qədər qonorar düşünürsüz? Düşünməmişik deyirlər, qonorar da verəcəyik? Yanaşma belədir-"görünən, əllə tutulan olsun, bir də dədə-baba qaydası". Müğənniyə hər cür hörmət edən insanlar, intellektualın pulsuz müsahibə verməli, çıxış etməli, yazı yazmalı, təlim keçməli olduğunu düşünürlər. Bəzən bir yazı üçün günlərlə mütaliə, araşdırma lazım olduğunun fərqində ola bilmirlər. Düşünürlər ki, intellektual da bədahətən, təblə, fitri istedadla, vergi ilə işləyir. Əl əməyi ilə müqayisədə zehni fəaliyyət gözə görünmür. Pulu falçılara xərcləyirlər, problemin həllini ziyalının boynuna qoyurlar. Şifahi dünyada yaşadığımız üçün söz istehsalına hörmət böyükdür. Qəmli musiqi fonunda bir şairin ya da facebook yazarının məlumun elanı, bilinənləri mininci dəfə təkrarı ciddi fəaliyyət hesab olunur. Texnoloji və elmi projelərə dəstək almaq istəyən gənclər də "dədə-baba" qaydasından istifadə etsinlər. Layihənin adının "Gənc meyxanaçıların ümumrespublika müşavirəsi-Yeni qafiyə axtarışında: planlar və perspektivlər" qoysunlar dəstək alıb gizlicə robot düzəltsinlər. Ya da gedib xaricdə uğur qazansınlar, beyin köçü vecizimə deyil, nəsə uğur qazansalar, gec-tez xəbər tutub, "azərbaycanlıdır, həmyerlimizdir" deyib fəxr edərik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun