Axı dövlətə, millətə münasibətdə onların bir-birindən heç bir fərqi yosdur.

Axı dövlətə, millətə münasibətdə onların bir-birindən heç bir fərqi yosdur.
13 İyul 2018
Mətni dəyiş
Rafiq Manaflı

Azərbaycanda avtoritarizm və diktatura ilə barışmaz mübarizə aparıb da Türkiyədə diktatorun öz hakimiyyətini möhkəmləndirməsini bayram edən Ərdoğan sevdalılarının Ərdoğanın Bakı səfərində ondan gözlədikləri hansısa fövqəladə müraciət özünü çox gözlətmədi. Ərdoğan gəldi və müraciət etdi: “İlham Əliyev, əziz qardaşım”... Ağzınız yandımı? Deyildi axı sizə, isti-isti içməyin, bir az püfləyib soyudun. Rəcəb Tayyıb Ərdoğan İstanbul Bələdiyyə başqanı seçiləndən üzübəri bəlkə də ilk dəfə idi ki, səmimi idi. İlham Əliyev həqiqətən onun qardaşıdır – düşüncə, dünyagörüşü, əqidə qardaşıdır. Öz dövlətinə, xalqına münasibət qardaşıdır. Çox qəribədir ki, bizim millətçi-dövlətçi-demokrat dostlarımız da Kılıcdaroğlu, Akşener, İnce və digerləri ilə unison şəkildə Türkiyədəki son seçkiləri demokratik proses adlandırdılar. Amma bu seçki demokratiya deyilən nəsnədən uzaq bir zad idi. Əgər bir namizəd dövlətin büdcəsini, ordusunu, hüquq-mühafizə qurumlarını, kütləvi informasiya vasitələrini – qısası dövlətin bütün gücünü öz seçki təbliğatına yönəldirsə, seçki sandıqlarına nəzarət seçki prosesinin bir nömrəli probleminə çevrilirsə burada hansı demokratiyadan danışmaq olar. Türkiyədə Ərdoğana qədər nə vaxt seçkilərin nəticələrinin saxtalaşdırılması, insanların səslərinin və iradəsinin oğurlanması, sandıqlara nəzarət bu qədər söz konusu olmuşdu? Hamını vəcdə gətirən, böyük insan kütlələrinin qatıldığı mitinqlər isə möhtəşəm mənzərələr idi və bu insanlar dəyişiklik istəyirdi. Bu boyda nəhəng enerji qeyri-demokratik bir prosesə demokratiya donu geyindirməyə sərf edildi. Türkiyənin siyasi elitası o enerjini kiçicik saxtakarlığın belə axırına çıxmağa, seçki nəticələrini şübhə altına alıb yeni seçkiyə nail olmağa yönəltməli idilər. Çünki ölçüsündən asılı olmayaraq, saxtakarlıq çox təhlükəli presedent, çox sürətlə inkubasiya edən vurusdur. Növbəti seçkidə bir az artıq, sonra daha bir az və Məzahir Pənahovun MSK-sı hazırdır. Türkiyə seçicilərinin hər növbəti seçkidə belə şey görməmişdik nidaları hələ qabaqdadır. Mənə qəribə gələn daha bir nüans da Ərdoğanın Türkiyədə təhsili, səhiyyəni, ordunu, iqtisadiyyatı, bir sözlə hər şeyi dağıtdığını, Türkiyəni güclü edən dəyərlərə səlib yürüşünü konkret faktlarla sübur edən rəqiblərinin kəlməbaşı “sayın Ərdoğan” ifadəsini işlətməsini çox dostlarımızın siyasi mədəniyyət elementi hesab etməsidir. Millətinə düşmən kəsilən birisinə “sayın filankəs” deyə necə müraciət etmək olar? Siz özünüz “sayın İlham Əliyev” kəlməsini dilinizə gətirmisinizmi? Axı dövlətə, millətə münasibətdə onların bir-birindən heç bir fərqi yosdur. Və əziz qardaşdırlar!..

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun