Sosial Müdafiə Fondunun I rübdə gəlirləri 1 milyard manat təşkil edib

Sosial Müdafiə Fondunun I rübdə gəlirləri 1 milyard manat təşkil edib
10 Aprel 2018
Mətni dəyiş

Bu ilin ilk 3 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.  Bu rəqəmin əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artdığı bildirilib.

Məlumata görə, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.

2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib. Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə  sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

Pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin  9,27 faiz artdığını göstərir.

2018-ci il aprelin 1-ə olan vəziyyətə görə, ölkədə 1 milyon 313 min  nəfər və ya ölkə əhalisinin  13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə,  11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.

Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə ( 525,6 manat) nisbəti 46,5 % təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun