İran: demokratiya absurdu!

İran: demokratiya absurdu!
5 Yanvar 2018
Mətni dəyiş
Xaliq Bahadır

"İranın daha demokratik olması..." bu nə deməkdir, kim bilir? İranda demokratiyanın gerçəkləşən hansı prinsipi var? Biri deyir, mini öyür - gözübağlı olaraq, gerçəyə varmadan!

Gerçəklik isə başqadır. 38 ilidir İranda molla-şəriət diktaturası meydan sulayır. İranda Doğunun ən despotik rejimlərindən biri QANLA QANUN EYLƏMƏKDƏDİR! (Oğuznamədə belə bir öyüd var: "Qanla qanun eyləmə"). Burada şəriət məhkəmələrinin hökmüylə qadınlar daşqalaq edilir, edamlar ara vermir. Başqa cür düşünən Feysbuk, İnstaqram aktivləri, jurnalistlər "düşmən" damğasıyla, "əxlaqsızlıq yayma" suçlamasıyla tutulub damlanır.

Bir daha vurğulamaq gərəkir: bu gün İranda demokratiyadan bütünlüklə uzaq, qanla qanun eləyən bir rejim var. Yalançı seçkilər keçirilir, prezidentlik institutu simvolik xarakter daşıyır. Ölkədə hakimiyət bütünlüklə bir adamın - ruhani liderin (indilikdə Xameneinin) əlindədir.

Başqaları bir yana, 40-50 milyonluq bir xalq (Azərbaycan Türkləri) hüquqsuz durumdadır - bu boyda xalqın milli kimliyi belə danılır. Buna görə bu xalq illərdir "Haray, haray - mən Türkəm!" deyə özünü yeyib-tökür. Bu xalqın ana dilində öyrətim istəyən oğulları tutulub türmələrdə çürüdülür.

Bütün başqa despotik görsənişlər bir yana, 40-50 milyonluq bir xalqın Tanrıdangəlmə dilini (Türk dili) danan bir rejimi necə demokratik saymaq, ondan daha demokratik olmağı istəmək olar? Bu, gerçəkliyə uyğun olmayan absurd yanaşmadır.

Sonda ayrıca olaraq göstəriləsi bir fakt: Əliyevlər Azərbaycanında olduğu kimi, "İran İslam Respublikası" adlanan dövlətdə də professional borcuna bağlı qalaraq xalqa qulluq etməyi rejimə qulluq etməkdən üstün tutan vəkillər, başqa cür desək, demokratik vəkillər, Vəkillər kollegiyasından... qovulur!

Bir çox baxımlardan əliyevçi rejimlə İran İslam rejimi ekiztaydır: ikisi də korrupsiya-repressiya rejimidir! Belə bir rejimdən "daha artıq demokratiya" istəyi bütünlüklə yersiz, absurd istəkdir!

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun