Elxan Məmmədov: "Zirə" və "İnter"in yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu”

Elxan Məmmədov: "Zirə" və "İnter"in yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu”
30 İyun 2017
Mətni dəyiş
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın “Zirə” və “İnter” komandalarının keçirdikləri ilk oyunları dəyərləndirib.
"Report"un məlumatına görə, milli assosiasiya rəsmisi Azərbaycan təmsilçilərinin müvafiq olaraq, evdə Lüksemburq "Differdanj"ı və Serbiyada "Mladost" üzərində qazandıqları qələbələrdən razılıq ifadə edib. Baş katib ilk olaraq,  “Zirə”nin Avroliqada debut oyununu yüksək qiymətləndirib: “Oyun son dərəcə gərgin və maraqlı keçdi. Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, komandamız əzmkarlığı və peşəkarlığı nəticəsində istəyinə nail olaraq arzularımızı gerçəkləşdirdi. Bu nəticə “Zirə” nin yaxşı komanda olduğunu göstərdi və rəhbərlik tərəfindən yaradılan şəraitə uyğun olaraq, oyuna yüksək səviyyədə hazırlaşdığını əyani təsdiqlədi. Ümid edirəm ki, bu komanda növbəti qarşılaşmalarda da yaxşı nəticələrə nail olmaqla tarixini ilk Avroliqa oyunlarından başlayaraq zənginləşdirəcək".
E.Məmmədov “İnter”in səfərdə qazandığı nəticəni də sevindirici adlandırıb: "Müəyyən səbəblərdən komandanın son vaxtlar çətin vəziyyətə düşməsinə və 2 transfer dövrü üçün qadağanın qoyulmasına baxmayaraq,  keçirilən oyun və qazanılan qələbə ürəyimizcədir. Beləliklə də komandalarımızın beynəlxalq oyunlara yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu”.
Qeyd edək ki, “Dalğa Arena”da Lüksemburqun “Differdanj” klubunu qəbul edən “Zirə” 2:0, “İnter” isə səfərdə Serbiyanın “Mladost” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun