“Buz qazı”, “şist nefti”, yeni enerji doktrinası - Natiq Cəfərli

“Buz qazı”, “şist nefti”, yeni enerji doktrinası - Natiq Cəfərli
21 May 2017
Mətni dəyiş
Natiq Cəfərli
İstirahət günü yazısı. Düşünmək üçün
Bu həftə Çin neftçiləri ilk dəfə dünyada Cənub Çin dənizindən “yanacaq buzu” – təbii qaz hidratı əldə etdiklərini açıqlayıblar. Bu barədə Çin mərkəzi televiziyası Torpaq və Təbii Ehtiyatlar Nazirliyinə istinadən xəbər verib. Nazirliyin Geoloji Araşdırmalar İdarəsinin sədr müavini Li Tszinfaya görə, “bu, ABŞ-da şist neftin kəşf edilməsi qədər böyük bir hadisə olacaq. Bununla da gələcəkdə enerjinin istifadə metodları transformasiyaya uğrayacaq”.
L.Tszinfa bildirib ki, bu istiqamətdə Çinin nəzəri baza və texnologiyaları inkişaf etdirməsi inanılmaz müvəffəqiyyətlərə gətirib çıxarıb ki, nəticədə ölkəmiz "yanacaq buzu" hasilatında dünya lideri olub. "Yanacaq buzu”n nümunələri 1,2 km dərinlikdən və Honq-Konqun 285 km cənub-şərqindən çıxarılıb. 8 gün ərzində 120 kubmetr "yanacaq buzu" hasil edilib ki, onun da tərkibində metanın payı 99,5% təşkil edir.
Bir kubmetr adı çəkilən hidrat 160 kubmetr qaz şəklində olan təbii qaza bərabərdir. Müqayisə üçün bildirək ki, 100 litr qazla avtomobil 300 km, 100 litr "yanacaq buzu" ilə isə 50 min km yol qət edə bilər. Qeyd edim ki, bu sahədə Yaponiya və Kanada da çalışır, hətta Yaponiya 2019-cu ildə öz qaz tələbatının bir hissəsini bu metodla təmin edəcəyini açıqlayıb.
Təqribən 2008-ci ildən sonra ABŞ-da "şist nefti" bumu başlayanda bir çox mütəxəssislər bu metodun bahalı olduğunu, rentabelliyə görə həyata keçməsinin mümkünsüzlüyünü deyirdilər. 2007-ci ildə ABŞ-da neft hasilatı gündəlik 5 mln. bareli keçmirdi, bu gün Amerikada gündəlik hasilat artıq 9,3 mln. bareldir, bu ilin sonuna gündəlik 10 mln., 2020-ci ilə isə gündəlik hasilatı 12 mln. barelə çıxardacaqlar. "Şist nefti" dünyanın bir çox ölkələrində var, cəmi 10 il öncə 1 barel "şist neftinin" neftin çıxarılması 110-120 dollara başa gəlirdi, bu gün isə yeni texnologiyalara görə hasilatın maya dəyəri 18-35 dollar (coğrafiyadan və relyefdən asılı olaraq) dəyişir.
Bu gün artıq təsbit olunub ki, dünyanın neft ehtiyatları nəinki tükənmir, hətta hər il durmadan artır və azı 500 ilə bəs edəcək qədər neft ehtiyatları var.
Yeni və bərpaolunan enerji qaynaqları olan günəş, külək, qabarma-çəkilmə, məişət tullantıları sahələrində 1 kv elektrik enerjisinin alınması üçün sərf olunan vəsait son 10 ildə 20 dəfə ucuzlaşıb, cəmi 10 il öncə günəş enerjisinin 1 kv-nın maya dəyəri 27-28 sent idisə, bu gün 1,6-1,8 sentdir.
Dünya çox böyük sürətlə dəyişir, yeni enerji doktrinası və yanaşması yaranır. Bu gün hələ də neftə-qaza ümid olan ölkələri yaxın 10 ildə ciddi yoxsulluq və geridəqalmış iqtisadi, sosial həyat gözləyir. Məndən demək, indi özününz bilin, düşünün cənablar, düşünün, düşünmək ziyanlı proses deyil...
Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun