“Zirə” futbol klubu 2017/2018-ci il mövsümü üçün UEFA lisenziyası ala biləcək

“Zirə” futbol klubu 2017/2018-ci il mövsümü üçün UEFA lisenziyası ala biləcək
30 Mart 2017
Mətni dəyiş
“Zirə” futbol klubu 2017/2018-ci il mövsümü üçün UEFA lisenziyası ala biləcək.
"Report"un məlumatına görə, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Asossiasiyası (AFFA) bəyanat yayıb.
Bildirilir ki, 2014-cü il iyulun 18-də təsis olunan Zirə təmsilçisi UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş “3 illik üzvlük qaydası”na cavab vermədiyi üçün AFFA bu məsələdə Azərbaycan komandasına istisna yanaşmanın tətbiq olunması ilə bağlı Avropa futbol qurumuna müraciət edib.
2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb: "Lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Məlum olduğu kimi, Premyer Liqa yarışlarında çıxış edən “Zirə” 2014-cü il iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış “Zirə” yuxarıda qeyd olunmuş qaydada qeyd olunan müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Zirə” 2017/2018-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir".
UEFA-nın qərarı “Zirə”nin avtomatik UEFA lisenziyası alması anlamına gəlmir. Klub növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.
2017/2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqada iştirak etməkdən ötrü lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun