22 Mart 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Donald Trump-a 300 milyon dollar kredit vermiş Almaniya bankının Kremlə bağlı kriminalların çirkli pulları yumasında iştirak etdiyi üzə çıxıb.
Məqalədə iddia olunur ki, Deutsche Bank Rusiya mənşəli azı 20 milyard dollar məbləğində çirkli pulların yuyulmasında iştirak edən 10-15 maliyyə təsisatlarından biridir.
"Global Laundramat" adı ilə tanınan bu sxem 2010-2014-cü illərdə fəaliyyətdə olub.
Qəzet yazır ki, hazırda hüquq-mühafizə orqanları möhkəm siyasi əlaqələrə malik rusların Britaniyada qeydiyyata alınmış şirkətlərdən istifadə edərək milyardlarla dollar çirkli pulu necə yuya bilmələrini araşdırır. Bu sxemə görə şirkətlər bir-birlərinə ruslar tərəfindən imzalanmış saxta kreditlər verirdilər.
Bundan sonra şirkətlər "borcu" qaytarmadıqda defolt vəziyyətinə salınırdılar. Bu Rusiya bank hesablarına Moldovaya leqal şəkildə nəhəng məbləğlər transfer etmək imkanı verirdi. Buradan isə pullar Latviyadakı Trasta Komercbanka bankında hesablara yatırılırdı.
İndi məlum olub ki, Almaniyanın ən böyük kreditorlarından olan Deutsche 2015-ci ildək həmin Trastanın təmsilçiliyini edib. Bu isə o deməkdir ki, Deutsche Trastanın Almaniya vətəndaşı olmayan müştərilərinə dollarla xidmətlər göstərib. Bu xidmət pulun Latviyadan dünya boyunca banklara köçürülməsinə imkan yaradıb.
Bu müddət ərzində ABŞ bankları Latviyanı tərk etməyə başlayıblar. Onlar bu kiçik Baltikyanı ölkənin, xüsusilə də Rusiyadan gələn çirkli pulların yuyulması üçün beynəlxalq mərkəzə çevrilməsindən narahat idilər.
2013-cü ildə ABŞ-ın maliyyə nəzarəti təsisatlarının təzyiqi altında Amerikanın JP Morgan Chase bankı Latviyaya dollar xidmətlərinin göstərilməsini dayandırıb.
2014-cü ildən sonra yalnız iki Qərb bankı Latviyadan dollar transferləri qəbul etməyə razı idi. Bunlar Almaniyanın Deutsche və Commerzbank bankları idi. Axırda Deutsche Bank da 2015-ci ilin sentyabrında Trasta Banka xidmət göstərilməsini dayandırıb.
6 aydan sonra isə Latviya hökuməti bu bankı bağlayıb. Hökumət qərarında deyilirdi ki, bank çirkli pulların yuyulmasının qarşısını alan mexanizmlərdən istifadə etməyib.
Latviya maliyyə nazirinin müavini Maija Treija deyib ki, Trasta vasitəsilə transfer edilən pullar ya "oğurluq", ya da "kriminal mənşəli" idi.
Bu bank əslində keçmiş Sovet İttifaqı respublikalarından çıxarılan pulu "Avropa İttifaqı maliyyə sisteminə köçürürdü".
Bu arada Deutsche Bank başqa bir həssas məsələnin araşdırılmasına başlayıb. Fevral ayında aşkar olub ki, bank özünün özəl filiallarından biri vasitəsilə prezident Trump-a köçürülmüş bir neçə kreditin Rusiya ilə bağlı olub-olmadığının araşdırılmasına başlayıb. Trump bu bankdan 300 milyon dollarlıq kredit alıb.
Bəzi mənbələrin verdiyi məlumata görə, Moskva ilə hər hansı əlaqə aşkar edilməyib. Bu həm də prezident ailəsinin Deutsche müştəriləri olan başqa üzvlərinə də aiddir. Söhbət Trump-ın qızı İvanka, onun əri Jared Kushner və Kushner-in anası Seryl Stadtmauer-dən gedir.
Ötən yanvarda Britaniya və ABŞ Deutsche Bankın Moskva ofisindən həyata keçirilən başqa bir çirkli pulların yuyulması sxeminə görə bankın üzərinə 630 milyon dollarlıq cərimə qoyub.
Məlum olub ki, bank 10 milyard dollar məbləğində Rusiya mənşəli pulların yuyulmasının qarşısını ala bilməyib.
Bu sxemdə iştirak etmiş zəngin Rusiya biznesmenlərinin adları çəkilmir.
Digər tərəfdən Deutsche Bankın Trump-a kredit vermiş özəl filialının Global Laundromat sxemi ilə əlaqəsi müəyyən edilib.
Təhqiqat Jurnalsitlərinin Beynəlxalq Konsorsiumu və "Novaya qazeta" qəzetinin apardığı araşdırmadan bəlli olub ki, Rusiyadan çıxarılan pulların böyük bir qismi qondarma ofşor şirkətlərində itib, qalanları isə brilyant, dəri pal-paltar və ev avadanlığı kimi lüks mallara xərclənib.