Qorxu illəri - Məmməd Süleymanov

Qorxu illəri - Məmməd Süleymanov
7 Fevral 2017
Mətni dəyiş
Məmməd Süleymanov
2015-ci ildə vəfat etmiş Uruqvay yazıçısı və Sol intellektual Eduardo Qaleano esselərindən birində yazırdı: “İnsan qəlbi Qorxu və Azadlığın bir-biriylə mübarizə meydançasıdır”.
Azad olmaq üçün qorxu ram edilməlidir və əgər qorxu varsa, Azadlıqdan danışmağa dəyməz. O Azadlıqdan ki, xaos və anaxronizm yox, ilk növbədə, məsuliyyətdir.
Hər dövrün öz qorxuları var. Fərqi yoxdur, onun mənbəyi Sistemin daxilindədir, ya kənardan gəlib, ancaq istənilən halda qorxular həyatı zəhərləyir, insanları insan olmaqdan uzaqlaşdırır. Bir sözlə, onu qorxularının köləsi edir.
1930-cu illərin qorxuları həbs olunmaq və “Vətən xain”i çıxarılmaqla bağlıydı (və təbii ki, bütün cəmiyyəti əhatə etmirdi). 1940-cı illərin “müharibə uşaqları”nı aclıq qorxusu təqib edirdi (Gözəl aktyor Oleq Basilaşvili xatırlayır: müharibə çoxdan bitib, ancaq onun Leninqrad blokadasından sağ çıxmış xalası hər dəfə hamı yeyib-doyandan sonra süfrədəki çörək qırıntılarını toplayır və yeyir). Sonrakı onillərdə isə çox şey müsbətə dəyişdi – aclıq, müharibə, işsizlik qorxuları səhnəni tərk etdi, onlar yerini gələcəyə olan ümidə verdi. 1970-80-cı illərin əsas qorxusu nüvə müharibəsi ilə bağlıydı. Əsl həyəcan və qorxu dövrləri isə 1980-cı illərin sonundan Sovet sisteminin çöküşü ilə başladı.
Viktor Tsoyun məşhur ifadəsi ilə desək, biz yayı gözləyirdik. Qış gəldi. Əvvəlki üç nəsil üçün yadlaşan və arxaik səslənən məhrumiyyətlər yenidən üzərimizə çökdü. Qorxuların palitrası, çeşidi hansını istəyirsən, seç. İşsizlik. Xəstələnsən müalicə oluna bilməmək. Övladlara pulsuz və keyfiyyətsiz təhsil verə bilməmək. Sabahın perspektivsizliyi. Mədəniyyətin enişi və dəyərlərin iflası. Hətta heyvanlar üçün də mühüm olan bazis – təhlükəsizlik hissinin itirilməsi və istənilən an əsassız yerə şərlənmək, təqib olunmaq, həbs edilmək qorxusu... Buraya daima qızışdırılan və insanları daxili problemlərdən uzaqlaşdırmaq üçün istismar olunan yeni qorxular – müharibə, terror da əlavə olunur. Sanki dövrümüz başdan-başa qorxu dövrüdür.
Hələ ötən əsrdə, 1948-ci ildə “Komba” qəzeti üçün yazdığı “Qorxu əsri” məqaləsində Alber Kamyu öz əsrini bu cür xarakterizə edirdi: “17-ci əsr riyaziyyat əsri idi, 18-ci əsr - fizika, 19-cu əsr - biologiya əsri. Bizim 20-ci əsr - qorxu əsridir”.
Onun fikrincə, bizim dünyamızda ən təsiredici odur ki, insanların böyük əksəriyyətinin gələcəyi yoxdur. Gələcəyi layihələşdirmədən, tərəqqi vəd etmədən əsl həyat mümkün deyil. Divar yanındakı həyat it həyatıdır. Mənim nəslimin və hazırda emalatxanalara, fakültələrə qədəm basan yeni nəslin insanları günü-gündən daha çox it kimi yaşayır...
Proqnoz tam dəqiqliyi ilə doğruldu. Əgər 20-ci əsr Qorxu və həyəcan əsriydisə, 21-ci əsr bu qorxunun sindroma çevrildiyi, epizodik yox, davamlı olduğu, totallaşdığı, insanın yaxasından bir an da əl çəkmədiyi bir əsr kimi başladı. Dünya yuvarlandıqca kiçilir, kiçildikcə bu Qorxu sindromu nüfuz etmədiyi bircə künc-bucaq da qoymur. Və bu gün sakit sayılan məkan artıq sabah-birigün, qəfildən, hətta oranın sakinlərinin sevinc qışqırtıları və “Ura” sədaları altında Qorxu cəhənnəminə çevrilir...
***
İdarəçilikdə, bütöv xalqları itaətdə saxlamaqda qorxu əvəzsiz alətdir. Qorxu ilə idarə edilən cəmiyyətlərin daxili məntiqini və real mənzərəsini bizim günlərimizdə böyük yazıçı Fazil İsgəndər özünün “Dovşanlar və boalar” əsərində əlahiddə məharətlə yaratmışdı.
Burada Dovşanların dövləti – “yeni demokratiyalar”dır, Boaların dövləti isə – birinci dünya ölkələri. Fərq etməz, bu sonuncuya Okeanın o tayındakı “Böyük Qardaş” da daxildir, Avropadakı “qoca demokratiyalar” da. Müəyyən qeyd-şərtlərlə boalara öz bölgələrinə qan və vəhşət yayan Səudiyyə Ərəbistanını, Qətəri, onların bəslədiyi amansız terror ordularını da əlavə etmək olar.
Dovşanların “yeni demokratiyası” ikiqat zülm altındadır onları Kral idarə edir, boalar isə udur. Kral dövləti iki vasitə ilə idarə edir: Qorxu və Gül kələmi vədi (yəni, xoşbəxt gələcək. Müxtəlif məkanlarda bu vədlər də fərqlidir). Boalar qarşısındakı panik qorxu dovşanların yerli kralın idarəçiliyi altındakı dözülməz həyatını daha da dəhşətli edir. Bu iyerarxiyada Kral ən yaxın dovşanlarla – Masaya Yaxın Buraxılanlarla əhatə olunub, onların ətrafında isə Masaya Yaxın Olmağa Cəhd edənlər toplaşıb.
Dovşanlar arasında fərdilik qalıb. Məsələn, Fikirli Dovşan vəziyyəti analiz edərək nəticəyə gəlir: “Bizim qorxumuz onların hipnozudur. Onların hipnozu isə bizim qorxumuzdur. Əgər dovşanlar qorxu hissinə qalib gələ bilsələr, Kralın hakimiyyəti də, boaların hipnozu da qüvvədən düşəcək.
Fikirli Dovşan təkcə öz dövləti üçün yox, həm də boalar üçün təhlükəlidir, çünki, formalaşmış üsul-idarəni, Sistemin əsas prinsiplərini şübhə altına salır. Deməli, məhv edilməlidir. Bu işdə boalara Diribaş Dovşan kömək edir. O, liberaldır, “demokratiya tərəfdarı”dır və boalara işləyərək Kralın yerinə keçmə istəyir (“Beşinci kolon” nümunəsi). O, Fikirli Dovşanın yerini boalara satır, ancaq Kral onun özünü də aradan götürür – səhraya (sürgünə) yollayır və öldürtdürür.
Fikirli Dovşanın öldürülməsindən sonra dovşanlar Qiyama qalxanda Kral özünü mütərəqqi göstərmək üçün “demokratik seçkilər” təyin edir. Ancaq seçkilərdən əvvəl dovşanlara Dövlət gimnastikası kursu keçirir. Onun “Qalx!” və “Otur!” əmrinə uyğun olaraq dovşanlar oturub-dururlar. Hər dəfə Kral “Kim mənə səs verir?” soruşanda özləri də bilmədən dovşanların pəncələri yuxarı qaldırılmış vəziyyətdə olur.
Vəssalam, “Azad və demokratik” seçki.
Üstəlik, Boalar dövlətində də bir qədər “liberallaşma” gedir: yeni hakimiyyətə gələn Böyük Piton dovşanları hipnozsuz idarə etməyin üsulunu tapır. Bu yeni üsul  boğmaqdır fiziki, iqtisadi, mənəvi boğmaq. Yəni, avtoritar hakimiyyət nisbətən “humanist” idarəçiliklə əvəzlənir, yadfikirlilik isə fiziki yolla məhv edilmir, mənəvi cəhətdən boğmaqla həyata keçirilir.
Bu da indiki dövrümüzün düzəni və qorxuları haqda reallıq. Fikirli Dovşanın tezisi isə aktuallığını saxlayır: “Bizim qorxumuz – onların hipnozudur. Onların hipnozu isə bizim qorxumuzdur”.
O hipnozu heçə endirmək, bu qorxuya qalib gəlmək isə hələ Azadlıq deyil, olsa-olsa Azadlığa aparan yolun başlanğıcıdır. Çünki əks tərəfdə həm Kral, həm Diribaş Dovşan, həm də Böyük Piton dayanıb...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun