Ət müşavirəsi nə vaxt olacaq? - Cavidan Cəfərli

Ət müşavirəsi nə vaxt olacaq? - Cavidan Cəfərli
15 Fevral 2017
Mətni dəyiş
Cavidan Cəfərli
2016-cı ilin astanasında ikinci devalvasiya ikinci kosmik sürətlə əcnəbilərə neft axıtdığımız borularla həyatımıza daxil oldu. Aləm qarışdı. Müstəqil iqtisadçılar dedi ki, çökürük, batırıq, iqtidar dedi, devalvasiya xeyirdi, regionlarda mitinq edənlər, sosial şəbəkələrdə lağlağı edənlər oldu, siqareti atanlar oldu. Bircə o qaldı ki, zurna–qaval götürüb devalvasiya festifalı keçirilməsin.
Yeri gəlmişkən, multikulturalizm ilində devalvasiya festifalı lap əntiqə olardı. Bütün bu həngamələrə əncam çəkmək üçün prezident əşrəfi-əyanını toplayıb müşavirə keçirdi. Əvvəlcə onu deyim ki, manatın bu dərəcədə kəskin enişinə səbəb iqtisadiyyatımızın faktiki olaraq neft sənayesindən asılı olması, yüngül yeyinti sənayesininin infrastruktur bazasının olmaması və kibrit çöpünə qədər hər zadın idxal olunması, əvəzində ixrac edə biləcəyimiz məhsulun olduqca azlığı, ticarət dövriyyəsində gömrükdən başlayan monopoliyalar və. s. idi.
Bu və digər səbəblərdən çox danışılıb, yol xəritələri düzənlənib, müxalif düşərgə, xüsusilə, bu məsələdə baş sındırıb. Mənim danışmaq istədiyim məhz əhalinin qida rasionunu təmin edən ərzaq mallarının da xaricdən idxal elinməsi və müşavirədə buna qarşı qoyulan həll yoludur. Prezident müşavirədə qəti tapşırıqlarını verdi. Taxıldan, pambıqdan, tütün istehsalına qədər əlinizə nə keçsə əkin dedi. Ancaq hara əkiləcəyini demədi. Adətən belə müşavirələrdən sonra toyuq saxlayanlar əziyyət çəkirdi.
Bu dəfə barmaq yazıq qoyun saxlayanları hədəf alıbmış. Beləliklə əkmək məsələsi meydana çıxan kimi Kür ovalığında (Ceyrançöl, Tovuz rayonunun, az hissəsi də Qazax rayonunun və Şəmkir rayonunun əraziləridi), Ağcabədinin çöllərində xırda buynuzlu heyvandarlıqla məşğul olan fermerlərin qoyunlarının başını əkdilər. Nə var ki, burda pambıq, taxıl əkəcəklər. Guya hansısa Alman podratçı şirkət də bu iş ilə məşğul olacaq. O ərazilərdə suvarma sisteminin qurulması, lazimi avadanların quraşdırılması, işçi qüvvəsi və onlar üçün şəraitin yaradılması, qoyulacaq maya, almanların xərclərini götürənəcən biz böhranın harasında olacağıq və orda satdığımız taxıl bizi xilas edəcəkmi və s. nağılvari söhbətləri kənara qoyuram.
Yalnız bunu deyim ki, bir qoyun satanda bir ton taxıl almaq olur. Türkiyadə ətin kiloqramı 30 tl, yəni 15 manatdı. Taxılı idxal da etmək olar, məsələn, Türkiyəyə qoyun sataraq. İkincisidə ki, hələ sovet dövründə Kür ovalığı torpağının geoloji strukturu öyrənilərək müəyyən edilib ki, bu torpaqların üst qatı, yəni 10-15 sm qalınlığında üst lətində bitikiçilik üçün münbit şərait var. Lakin davamlı əkilərsə, traktorla şumlanarsa, mövcud münbit şərait pozula bilər, torpaq şoranlaşar. Ona görə də o torpaq elə o vaxtdan yalnız xırdabuynuzlu heyvandarlıq üçün ayrılıb, iribuynuzlu da yox, xırdabuynuzlu.
Nəticədə pambıq, taxıl sevdası hansısa klanın çoxdan göz dikdiyi fermerlərin torpaqlarının əlindən alınmasına, bağımsız heyvandarlığın yox edilməsinə xidmət etmiş oldu. Ceyran çölündə yatağı olan fermerləri yerlə sürüyərək qanuni sənədlə mülkiyyətlərində olan torpaqlarından çıxartdılar. Sonda yatağın əvəzində cüzi məbləğə məcburi razılaşdırdılar. Beləliklə, müstəqil fermer təsərrüfatını, "mədəni desək" sürüdülər.. Bu proseslərdə orta təbəqənin bir hissəsi olan xırda fermerlər də sıradan çıxarıldı, ət bahlaşdı və bahalaşacaq. Bir neçə ilə isə o yerlərdə nə taxılımız olacaq, nə ətimiz.
İndi bazarda ətin qiyməti sürətlə artmaqdadı. O vaxta qədər artacaq ki, hansısa klan ət biznesinə girişəcək, yüksək qiymətdə ətin dəyərini stabil saxlayacaq. Lakin müstəqil biznes olmadan, rəqabətli girişimlər olmadan daxili bazarda yüksək keyfiyyətə və ucuz qiymətə nail olunmayacaq. Nəticədə klan ətimizi yeyecək.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun