Seçkini “diriltmək” - Elçin Mahmud

Seçkini “diriltmək” - Elçin Mahmud
8 Avqust 2016
Mətni dəyiş
Elçin Mahmud
26 sentyabrda ölkədə referendum keçirilməsi nəzərdə tutulur. Siyavuş Novruzovun təbirincə desək, “Azərbaycanın sürətli inkişafı, dünya dövlətləri arasında yer tutması” son 14 ildə Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər etməyə zərurət yaradıb.
İlham Əliyevin iyul ayının 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncamı bütün müxalifət və demokratik düşərgədə şok effekt yaratdı.
Devalvasiyalardan sonra çoxları eyforiyaya qapılaraq Əliyevlərin ən geci 2018-ə qədər “ömürlərinin qaldığını” düşünür və yazırdılar. Lakin Referendum Aktı söhbəti göstərdi ki, “siz saydığınızı sayın, görün prezident nə sayır”.
Bu hadisədən artıq 25 gün vaxt keçib, mətbuatda, sosial şəbəkələrdə yüzlərlə fikir səsləndirilib, mövqe ortaya qoyulub. Lakin təəssüf ki, hələ də çoxları referendumu boykot etməyi ən effektli üsul hesab edirlər, amma bir çox incə nüansları gözdən qaçırırlar.
Referendumu boykot, əslində seçkiləri boykot etməkdir. İnsanlar üçün ən vacib və ilkin siyasi mədəniyyətlərdən biri olan seçki artıq bu ölkədə çoxdan “məzara basdırılıb”. Müxalif düşərgə təmsilçilərindən insanların siyasətə qarışmadıqlarını, siyasətdən uzaq qaçdıqlarını tez-tez eşidirik. Siyasət adı eşidən vətəndaşlarımızın ilk cümləsi də, son cümləsi də “əşşi” sözü ilə başlayır.
Seçkiyə, seçkiləri təşkil edənə, hətta bir çox hallarda seçkidə iştirak edənlərə də inanmırlar, etibar etmirlər. Həmişə söyləmişəm, bu hakimiyyətin ən çox istədiyi, üzərində işlədiyi hədəflərdən biri insanlara “Əşşi seçki boş şeydir, niyə iştirak edim e” fikrini qəbul etdirmək olub və buna nail oldular da! Belə bir vəziyyətdə referendumu boykot etməklə vətəndaşın “məzara basdırdığı” seçkiyə “qəbir daşı düzəltmək” nəyə lazımdır axı?
İnsanları mütləq seçkiyə gətirmək, onların seçkidə iştirak etməsini təmin etmək lazımdır. Mən “İsa” deyiləm və fikirləşmirəm ki, hər kəsin seçkidə iştirakını təmin etməklə “məzarı aça” və “ölünü dirildə” və beləliklə Konstitusiyaya əlavə və dəyişiklikərin edilməsinə mane ola bilərik. Xeyr! Məqsəd insanları heç olmasa 1 gün “evdən çölə çıxarmağa” nail olmaqdır.
İnsanlar təzədən siyasi fəaliyyət yolunda ilk addımlarını atsınlar, seçkidə iştirak edib, beyinlərində düşündükləri saxtakarlıqları bir daha, praktik olaraq gözləri ilə görsünlər, əsəbləşsinlər, axşam televizorun pultunu yerə çırpıb “valerian” qəbul etsinlər, səslərin oğurlanmasının necə bir hiss olduğunu dərk etsinlər. Referenduma yox desinlər, amma referendumda iştirak etməklə!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun