Diktatorlar da ölürlər - Nəcmin Kamil

Diktatorlar da ölürlər - Nəcmin Kamil
31 Avqust 2016
Mətni dəyiş
Nəcmin Kamil
Artıq bir neçə gündür ki, Şərq dünyasının ən qəddar diktatorlarından olan Özbəkistanın ömürlük prezidenti İslam Kərimovun öldüyü barədə məlumat dolaşır. Xəbər rəsmi olaraq öz təsdiqini tapmasa da, “Yurdbaşı”-nın səhhətinin kəskin formada pisləşdiyi və ömrünün sonuna çox qalmadığı hamıya məlumdur.
Kərimovun ölümü çoxları üçün sevindirici xəbərdir. Çünki onun törətdiyi bəşəri cinayətlər bağışlanması mümkün olan əməllər deyil. İstər demokratiya və sivil dəyərlər adına hər şeyin məhv edilməsi, istər dünyəvi müxalifətə radikal dindarlar adı ilə divan tutulması, Əndicanda dinc əhalinin gülləyə düzülməsi Kərimovun dünyada ən qanlı diktatorlardan biri kimi tanınması üçün kifayət idi. Hələ ölkənin tamamilə korrupsiya bataqlığına salınması, dövlət gəlirləri hesabına hakim ailə üzvlərinin, məmurların biznes imperiyası qurması bunların yanında xırda səslənir. Ancaq mənim üçün bir liderin törədə biləcəyi ən böyük cinayət elə öz hakimiyyət hərisliyinə görə milyonlarla insanı bədbəxt etməyə hazır olmasıdır.
Diktatorlar bu baxımdan bir-birlərinə çox bənzəyirlər. Kərimovun 90-cı illərdə tənqidi səsləri boğmaq, öz hakimiyyət dövrünü sonsuzlaşdırmaq üçün etdiklərini bir neçə ildir ki, Azərbaycan hakimiyyəti də təkrarlayır. Məsələn, Kərimov da müxalifət liderlərini dini qruplara bağlılığı ilə damğalayıb sıradan çıxarıb. Kərimov da, Özbəkistan qanunvericiliyinin bir prezidentin 2 dəfədən artıq seçilməsini qadağan etməsinə baxmayaraq, hər dəfə referendumlar təyin edərək öz hakimiyyətini uzadıb. Kərimovun hakimiyyətdə olduğu Özbəkistan da özünü demokratik dünyadan uzaqlaşdıraraq, beynəlxalq təşkilatların hesabatlarında şəffaflıq, insan haqları, demokratiya göstəriciləri üzrə ən son pillələrdə qərarlaşıb. Bütün bunlar bizim ölkə üçün də çox tanış səslənir.
Kərimovdan sonra, Özbəkistanda əlbəttə ki, dərhal demokratiya bərpa olunmayacaq. Bu proses, əgər başlasa, uzun və ağrılı olacaq. Amma sabitlik, inkişaf və firavanlığa çatmağın yeganə yolu demokratiyadan keçir. Daha vacibi isə odur ki, özbəklərin ölkə başçısı artıq bütün dünyanın ironik yanaşdığı, həttə dövr keçdikcə məzə obyektinə çevrilən diktatorlardan biri olmayacaq. Günəşə kosmonavt göndərdiyini iddia edən Şimali Koreya diktatoru Kim Çeni, Olimpiadada medal qazanmadıqlarına görə idmançılarını həbs etdirən Zimbabve cəlladı Muqabeni də eyni tale gözləyir.
Diktatorlar sıra ilə dünyanı tərk edirlər. Biri dar ağacında, biri xəstə yatağında, ən yaxşı halda öz əcəlləri ilə. Amma həyatı boyu can atdıqları hakimiyyəti, pulu və gücü sonsuzadək özləri ilə apara bilmirlər. Əvəzində apardıqları milyonlarla insanın kin və nifrət hissləri olur.
Dünyada hələ də diktatora çevrilmək üçün əmin addım atanlar, öz hakimiyyətini əbədiləşdirmək istəyən liderlər var. Onlar tutduqları yol haqqında bir daha düşünməlidirlər. Ən azından bizim ölkəmiz üçün hələ də çox gec deyil.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun