Gəncliyini itirənlərin övladları - Nuriyyə Ağazadə

Gəncliyini itirənlərin övladları - Nuriyyə Ağazadə
6 Dekabr 2016
Mətni dəyiş
Nuriyyə Ağazadə
Hələ uşaq ikən tez böyüyüb ali savad almaq üçün yaşadığım rayonu tərk edib Bakıya getməyin xəyallarını qurardım. Günləri iplə çəkərdim. Sovet dövrünün son akkordlarını duymağımıza az qalmışdı. Nəhayət, nəinki əksər yaşlı nəslin, o dövrü az-şox görmüş cavan nəslin nümayəndələrinin belə həsrət çəkdiyi sovet dövrü bitti, müstəqillik əldə etdik.
Şəxsi qənaətimdir, o zamanlar bütün keçmiş sovet respublikalarının başqa yolu yox idi. Zorla bağlanmış 70 illik kəndirlər çözüldü. Yəni, istəsələr də, istəməsələr də hər məmləkət öz azadlığına qovuşdu. Bəziləri sakitcə, bəziləri fərqli şəkildə. Nə isə, yaxın keçmişimizin bu sərhədlərinə girib sizləri yormayım... Sonrasına qısaca yolçuluq edim.
O illərdən ta bu günədək olan zaman intervalına baxarkən nə yazıq ki, baş verənlərdə kimlərin qazanıb kimlərin itirdiyinə deyil, məmləkətimizin nəyi qazanıb, nəyi itirməsinə baxıb köks ötürməkdən başqa əlimdən heçnə gəlmir. Hər kəs öz miqyasında xəyanət etdi bu vətənə, öz torpağına, öz yurduna, öz evinə, öz amallarına, öz arzularına...
Mənim də üzü dönüklük debütüm elə “bircə bu rayondan çıxıb Bakıya getsəydim, instituta girib elə oradaca yaşayıb işləsəydim” xəyallarımdan başladı. Və mənim simamda minlərlə gənc bu həyatı seçdi. İllər ötdü, 90-cı illərin burulğanında bir çox “fərasətli” və şanslılar bu mücadilədə öz yollarını cıza bildilər.
Əsl vətənpərvərlər hələ də düşmən əlində olan Qarabağımız uğrunda şəhid və qazi oldular. Yüksək mənəvi ideyalarını maddiyatdan uca tutuanların bir qismi isə xəyal qırıqlığına uğradılaraq həm özləri, həm də övladları çox təəssüf ki, indiyədək gərgin sosial bərabərsizliyin məngənəsində sıxılmaqda davam edirlər.
Digər azlıq təşkil edən qismi isə oyanıq valideynlərinin yaxaladıqları fürsətin dəyərləndirmələrindən yaranmış hazıra nazir bəhrələrdir ki, onlar da isti ofis və kabinetlərində şellənərək övladlarını bərbad günə qoyduqları məmləkətdə deyil, xaricə təhsil almağa göndərərək gələcəkdə onların indiki dövrün yaratdığı ötür-ötür ənənəsindən yararlanmağının keyfini çıxardırlar.
Başqa bir qism isə 25 illik iflic olmuş təhsil sisteminin əbədi məhkum olunmuş cahil pasientləri, diplomlu-diplomsuz savadsızlar ordusudur ki, onları da işsiz və yaxud da potensial ucuz işçi qüvvəsi adlandırmaq olar. Bari sənət sahibi olaydılar. Sovet dövrü o zamanın olmazsa olmazı olan peşə məktəblərini də özüylə süpürüb apardı.
Beləcə 90-cı illərdən üzü bu yana əyalətlərimiz boşalmağa başladı. Son iyirmi il ərzində yaranmış yeni nəsil “yel əsib-qoz tökülmüş” Bakıya üz tutmaq estafetini davam etdirdilər. Çünki onları əyalətlərdə saxlayacaq maraq yalnız kağız üzərindəki layihələrdə, ya da saysız-hesabsız tikilən istifadəsiz idman sarayları və parklarla məhdudlaşdı.
“Land of fire”-ın Alovlu Qüllələri əksəriyyətinin düşündüyü qlamur həyatı vəd edən Bakının cazibə nöqtəsi olaraq yalnız çəkdirdikləri “selfie”lərin arxasında əlçatmaz ulduz kimi yanıb-söndü. Mən və mənim yaşıdlarımın əksəriyyətinin itirdiyi gəncliyin eyni adlı ssenarisini indiki gənclik yaşamaqdadır.
Lakin daha fərqli çalarla, daha gərgin, daha çaşqın, daha çox informasiyalı, lakin cavabsız suallar girdabında. Qarşısında inkişaf etmiş, sivil və demokratik ölkələrin “wikipedia”-sı, borc-xərc pul tapıb özlərindən öncəki gənc nəslin tərk etdiyi kimi əyalətləri deyil, doğma vətəni tərk etmək seçimi qarşısındadır.
Deməli, özümü üzüdönük kimi günahlandırdığım mən və yaşıdlarım sən demə bir gün vətəninə “vətən, görəcək günlərin qabaqdadır” deyib şükür edəcəkmişik. Hər nə yolla olursa olsun ölkədən kənara çıxıb gözəl həyat axtarışında olan indiki nəsli əslində qınamaq da olmur.
Axı gəncliyini çətin həyat şərtləri mücadiləsində tükətmiş valideyn övladının onun həyatını yaşamasına necə izn verə bilər? Ona necə “dayan, getmə” deyə bilər? Axı bu, onun zamanında məhv olmuş arzularının yenidən zəncirlənməsi, layiq olduğu həyatın və şansın başqaları tərəfindən oğurlanmasına səssiz qalmasının verdiyi acının yenidən yaşanması demək olardı.
İndi ay Vətən, sən səni tərk etməyə qərarlı övladlarını nə vəd edərək yolundan döndərə bilərsən? Səni tərk etməmək üçün tutarlı bir səbəb söylə! Gözlədiyimi həmin o tutarlı səbəbi qalın kitablar arasında gizlənmiş mətləblərdə axtarmaq lazım deyil. Səbəb çox sadə. Onu tərk etməyə hazırlaşan övladına sahib çıxmaqda zorlanan, imtahana çəkilən, dili qısa edilən vətən, sadəcə sevgiyə möhtac... Sizcə bundan böyük, bundan ülvi səbəb ola bilərmi?...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun