Yol: Qiyasdan Talehə, Talehdən Qiyasa - Xaqani Hass

Yol: Qiyasdan Talehə, Talehdən Qiyasa - Xaqani Hass
31 Oktyabr 2016
Mətni dəyiş
Xaqani Hass
Bu cavan oğlan mənim qəhrəmanımdır – Qiyas. Yaraşıqlı, intellektual, cəsur, odbaxışlı, natiq. Qəhrəmandır o. İşgənclər və 10 il həbs… Ancaq müstəbidǝ baş əymir və cəlladlarına üz tutub deyir:
“Sistemin yazılmamış qanunlarını pozduq biz. Yazılmamış qanunları pozanda cəzasız qalmaq mümkün deyil… Sizlərdən əfv diləməyəcəyik”.
Jacques Roux kimidir, nəfəsi onun nəfəsidir, “sans culottes”ların səsi, “enragés”lərin qəzəbli öndəri. Dövlətlilər qorxur ondan, o isə qorxmur. Çünki “dövlətlilər” öz qanunlarına müvafiq hərəkət edirlər, Qiyas və Bayram isə öz azadlıqlarına uyğun. Qiyasın elədiyi azadlığın tələbidir.
Qulaq asın bu cavanın dediklərinə, bu iki cavan söz və əməllə sizə deyir ki, ey camaat, xalq olun, xalq, yoxsa “uçulacaq evləriniz, qırılacaq səndən olanlar”. Bəzi ziyalılar da guya münasibət bildirib bu hökmə, bildirməsəydilər yaxşı olardı. Biri deyir ki, “gərək 2-3 il iş verəydilər, cavanlığını nəzərǝ alaydılar; bu uşağı kimlərsə öyrədib, tələyəǝsalıblar”.
Bunu yazıçı-ziyalı deyə danışdırıblar. Deyir, “bəs yaxşı bu cavanın heçmi günahı yoxdur? Onun da günahı var axı”. Günahı yoxdur Qiyasın, Bayram da günahsızdır. Öz fikirlərilə hərəkət ediblər, yəni sizdən və sizin kölǝ ruhunuzdan, meşşanlığınızdan iyrənirlər. Cinayət də törətməyiblər. Günah heykəldədir. Cinayətkar heykəlin özüdür. Qiyas və Bayram, təkcə heykəlin üstünə yazmayıb o yazını, alnınıza yazıb. Çünki o yazı, əyilib alnınızı qoyduğunuz yerinə yazılıb heykəlin.
Bu yazıçı tayfasının yerdə qalanı da susur. Susurlar! Özünǝ şair deyənlər, yazıçı-ziyalı deyənlər, dövlətin yalı iləǝdibləşənlər susurlar. Zərrələrilə, kütlələrilə, cəmdəklərilə susurlar; hər yerləri qorxu içindədir. Dünən də susurdular, bu gün də susurlar. Bir gün bu susqular, bu susduqlarınız ürəyinizin düz üstündə, döşünüzün altında ur olub çıxacaq, çörəyinizdə tikan, tikənizdə iynə olub ağzınıza batacaq, dodaqlarınızda irin-qan olub axacaq. Süfrəniz qanlanacaq. İndi susduqlarınız oğul-uşağınızın sifətində yara, özü də qara yara olub böyüyəcək.
Bu dövlətə, bu iqtidara deyiləsidir: ey sən – Azərbaycan Dövləti, ey sən – prezident, xalqsız dövlətsən sən, bu yolu seçmisən, xalqın yoxdur sənin; xalqı olmayan prezidentsən sən. Xalqsız dövlət, xalqsız prezident! Torpaqların, ǝrazilərin, neftlərin, dağların, qızıl yataqlarının, ticarət mərkəzlərinin, şirkətlərin, yolların, səkilərin, meydanların, daşların prezidenti! Heykəllərin prezidenti!
Bu “ziyalı” tayfasına, bu şair-yazar sürüsünə deyiləsidir: xalqı olmayan yazarlarsınız siz, xalqsız “ziyalı”larsınız. Müsahibə alırlar bunlardan, aman, unudulmasınlar, yaddan çıxmasınlar, üzləri görünsün, lazım olanda iqtidarın sözünü, dövlətin horrasını axıtsınlar ağızlarından. Müsahibǝ verirlər, “Rusiyada dövlət səviyyəsində "onlayn qiraət” layihəsi gerçəkləşib. Sizcǝ, bəs bu bizdə niyə yoxdur? Bunun səbəbi nədir?” Bu, o dərəcə mühim məsələdir ki…
Azərbaycanda dövlət səviyyəsində iki cavan oğlandan qorxub, heykəlin üstünə köləliyinizi üzünüzǝ vuran şüar yazdıqlarına görə onları işgəncə ilə məhv etmək istəyirlər, birinə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Sizcə, bəs bizdə niyə ədalət yoxdur? Qiyasın, Bayramın həbsinin səbəbi nədir? Bunu soruşun o yazar tayfasından, o ǝdib qırığından, o meşşansifətlilərdən. İştahla danışırlar, bəh-bəh, səs çıxardırlar. Kölə danışır, kölədən səs çıxır. Qəzəbimiz boğacaq sizi, ya da bir gün bu xalq birdəfəlik yoxa çıxacaq, başını götürüb yoxluğa gedəcək. Qışqıracaqsınız, “bu daşların insanları hardadır?”
Və Nardaran məhbusları… Qiyasdan Talehə, Talehdən Qiyasa və Bayrama gedən bir yol var: “cinayətlərimiz”! Bizi çoxdan cəzalandırıblar. Bu dövlət, bu qaniçənlər bizi başdan cəzalandırıb. Anadan olan kimi hökm oxunub bizə, anadangəlmə cəzalılarıq. Qalan məsələ cinayətimizi tapmaqdır, və tapırlar. Əvvəl cəzamız verilir, sonra “cinayətimiz”.
Taleh Bağırzadədən Qiyasa, Qiyasdan Talehǝ gedən yol budur. Bizi – xalqı cinayətlərimiz birləşdirir, dövlətin qondardığı “cinayətlərimiz”. Elə əsas məsələ odur ki, bəlkə də hamımız bu cəlladın qarşısına çıxıb öz “cinayətimiz”ə çatmalıyıq, qovuşmalıyıq cinayətlərimizə – azadlığımıza. Cinayətimiz – azadlığımızdır.
Mən burada Talehi və onun fikirlərini yox, onun bədənini, onun və dostlarının bədənini, uşağının gözü qabağında güllənən bədənini, döyülən, əzab verilən bədənini, yaralıykən ayaqlar altında əzilən bədənini, tapdalanan başını, sındırılan qolunu dəstəkləyirəm. Fikir müzakirəsi vaxtı deyil. Taleh fikirlərindən və mülahizələrindən ötrü qiymətli deyil mənim üçün. Taleh mənim gözümdə, durduğu-dayandığı yerdir. O yer ki, qarşısında quldur və quldar bir dövlət var. O yer ki, dövlətin terrorçuları meyidin üstünə çıxıb tapdalayıblar, cəsədi güllələyiblər.
Musa Xiyabani kimidir Taleh; nəfəsi onun nəfəsidir, səsi onun səsidir. Taleh əzilən tərəfdir, Taleh əzilənin yanındadır. O da Qiyas və Bayram kimi, cəllada boyun əymir. Hakimǝ qürurla deyir: “Biz sizin və rəhbərinizin qarşısında əyilmirik”. Ona işgəncə verən, gözünün qabağında dostlarını döyə-döyə öldürən cəlladlardan birinə, cəlladın “bəs sənin allahın hardadır, sənə kömək etmir?” istehzasına, “mənim arxamda allah var ki, sənin kimi qaniçənin qarşısında sınmıram” cavabını verir.
Qiyasdan Talehə, Talehdən Qiyasa gedib çıxan yol budur. Məsələ “allah” deyil, məsələ onun inandığı “allah” ilə mənim inanmadığım “allah” deyil; illər öncə demişdim: “allahımız çox, hökmdarımız birdir; tək səbəbi su deyil(di) palçığımızın…”
Yox, yox, dövlətlilərin fikrincə hamı onlara xidmət etməlidir, hamı, dindar da o cümlədən. Din dövlətindən “ehtiyatlanıb”, dövlət dini yaradıblar. Dindar da bunların “dininə” inanmalıdır, bunların istədiyi kimi inanmalıdır. Mamon yaradıblar, Tanrı-Mamon; gözüdoymaz, var-dövlət hərisi, acgöz, mal-mülkǝ tapınan, harınlamış…
Bu dövlətin bu vəhşiliyi olduqca, Taleh və dostları heç vaxt Mamona itaət etməyəcəklər, onlar həmişə allaha inanacaqlar.
Mənsə həmişə olduğum yerdəyəm, René Char-ın dediyi yerdə: “Siz var olan o donuzlarınıza itaət edin, mən var olmayan tanrılarımın yolundan gedəcəyəm; zülmlərǝ qarşı insan qalacağıq biz".*

* René Char, “Contrevenir” şeiri: “Obéissez à vos porcs qui existent. Je me soumets à mes dieux qui n’existent pas. Nous restons gens d’inclémence.”
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun