Qırğızıstanda iki jurnalist 5 il azadlıqdan məhrum edilib

Qırğızıstanda iki jurnalist 5 il azadlıqdan məhrum edilib
18 September 2025
Mətni dəyiş

Qırğızıstanın paytaxtı Bişkekdə sentyabrın 17-də keçirilən məhkəmədə müstəqil “Kloop” media orqanının bir neçə keçmiş əməkdaşı barəsində “kütləvi iğtişaşlara çağırış” ittihamı ilə hökm çıxarılıb.

Məhkəmənin qərarına əsasən, operator Aleksandr Aleksandrov və keçmiş əməkdaş Joomart Duulatov hər biri 5 il azadlıqdan məhrum edilib. Redaksiyanın iki mühasibi isə 5 il şərti həbslə və 3 il probasiya nəzarəti ilə cəzalandırılıb.

Aleksandrov və Duulatov əvvəlki dindirmələrdə verdikləri etiraf ifadələrindən imtina edərək, özlərinə qarşı ifadə verməyə məcbur edildiklərini bildiriblər. Mühasiblər isə “Kloop”un araşdırmalarının hazırlanmasında iştirak etmədiklərini vurğulayıblar.

Hüquq müdafiəçiləri bu məhkəmə işini siyasi sifariş kimi qiymətləndirir. İllərlə korrupsiya faktlarını araşdıran “Kloop” xüsusilə prezident Sadır Japarovun yaxın çevrəsini və güc strukturlarını hədəf alıb.

Prokurorluq isə 2023-cü ildə “hakimiyyətin sərt tənqidi”nə görə “Kloop Media” fondunun ləğvi ilə bağlı iddia qaldırmışdı. 2024-cü ilin fevralında məhkəmə təşkilatı rəsmən bağlayıb. Rəsmi orqanların arqumentinə görə, “Kloop”un materiallarının əksəriyyəti “dövlət və bələdiyyə qurumlarını gözdən salmağa yönəlmiş” xarakter daşıyıb.

Fondun bağlanmasından sonra, 2025-ci ilin mayında xüsusi xidmət orqanları bir neçə jurnalist və əməkdaşı saxlayıb. Onların bir qismi buraxılsa da, Aleksandrov və Duulatov istintaq təcridxanasına göndərilib.

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi həbsin səbəbini belə əsaslandırıb: “Kloop əməkdaşları qanunsuz fəaliyyətlərini davam etdirərək, saxtalaşdırılmış məlumatlar dərc edir, vətəndaş narazılığını qızışdırmaqla kütləvi iğtişaşlara zəmin yaradırdılar”.

Bununla yanaşı, “Human Rights Watch” da daxil olmaqla 10 beynəlxalq hüquq müdafiə təşkilatı Qırğızıstan hakimiyyətini jurnalistlərə qarşı bütün ittihamları dərhal ləğv etməyə və medianın repressiyasına son qoymağa çağırıb.

Related News

Subscribe to stay updated