Ali Məhkəmə Bakıda yolu bağlayan TIR sürücüsünün şikayətini təmin etməyib

Ali Məhkəmə Bakıda yolu bağlayan TIR sürücüsünün şikayətini təmin etməyib
18 September 2025
Mətni dəyiş

3 il öncə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə sənədlərini verməməsinə etiraz olaraq, yük avtomobilləri ilə Heydər Əliyev prospektində yolu bağlayan “R Group Azerbaijan” yükdaşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərov barəsində çıxarılan hökmdən verilmiş kassasiya şikayətinə baxılıb. 
 
“Pravda az”ın yazdığına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə sentyabrın 17-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib.
 
2022-ci il fevralın 17-də dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin onlara icazə sənədlərini verməməsinə etiraz edib.
 
Etiraz aksiyası keçirən “R Group Azerbaijan” yükdaşıma şirkətinin sürücülərindən üçünə o zaman inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri Rəmiş Cəfərov haqqında cinayət işi başlanmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələrilə ittiham irəli sürülüb.
 
Rəmiş Cəfərov məhkəmə qarşısında tək deyil, atası Zəkrəm Cəfərovla birlikdə mühakimə olunub. 
 
Cinayət işinin materiallarında Rəmiş Cəfərovun yolu bağlamaqla ictimai qaydanı pozduğu, həmçinin onun atasıyla birlikdə bir neçə nəfərə malların daşınması məsələsində ziyan vurduğu, yükü ələ keçirdiyi iddia olunub.
 
Lakin onlar özlərini təqsirli bilməyib, etiraz aksiyasına görə cəzalandırıldıqlarını deyiblər.
 
Etiraz aksiyasından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti TIR sürücülərinin aksiyası ilə bağlı açıqlama yayaraq Rəmiş Cəfərovun özünü ittiham edib.
 
Məhkəmə istintaqı zamanı Rəmiş Cəfərovun bir neçə şəxsə ümumilikdə 100 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında maddi ziyan vurduğu iddia olunub. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Zəkrəm Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, şərti azadlıqda qalıb.
 
Rəmiş Cəfərov həbs olunduğu gün atası jurnalistlərə açıqlama verərək, “qara maskalılar”ın evinə hücum etməsi, oğlunu döyə-döyə aparmaları haqda danışmışdı.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Cəfərovların evinə “qara maskalılar”ın hücum etməsi, Rəmiş Cəfərova qarşı zor tətbiq olunması haqda iddiaları təkzib edib.

Related News

Subscribe to stay updated