Günel Manaflı: "Ruslana deyiblər ki, biz təzyiqi ancaq adam öləndən sonra ölçürük"

Günel Manaflı: "Ruslana deyiblər ki, biz təzyiqi ancaq adam öləndən sonra ölçürük" Foto: sosial media
26 September 2024
Mətni dəyiş

Həyat yoldaşı bildirir ki, "Toplum TV" işi üzrə həbs edilən Ruslan İzzətli öd kisəsində daş olduğu üçün əməliyyat olunmalıdır 

6 aydan çoxdur həbsdə olan siyasətçi Ruslan İzzətlinin saxlanıldığı təcridxanada elementar tibbi ehtiyacları qarşılanmır. 

Abzas Media-ya bu barədə siyasətçinin xanımı Günel Manaflı məlumat verib. 

O, deyir ki, hələ həbsindən əvvəl həkimlər İzzətliyə öd kisəsində daşla əlaqədar cərrahi əməliyyat təyin ediblər, lakin indiyədək ona bunun üçün şərait yaradılmayıb.

"Ruslan İzzətli tibbi dəstək üçün tez-tez müraciət etmir, çünki biz dərmanlar aparırıq. Ağrıkəsicilər və təzyiq dərmanları ilə vəziyyətini normada saxlamağa çalışırıq. 

Adi təzyiqini ölçdürmək istəyir, gəlib ölçmürlər. Xüsusən, gecə saatlarında təzyiqi qalxır. Deyirlər ki, biz təzyiqi ancaq adam öləndən sonra ölçürük. Ona görə elektron təzyiq ölçən aparat aparmaq istəyirəm. Bilmirəm, içəri buraxacaqlar, ya yox". 

Günel Manaflı deyir ki, əgər ağrıları belə davam etsə, Ruslan İzzətli üçün əməliyyat şərt olacaq. 

"Əməliyyat olunmasa, həyatına təhlükə yaranacaq. Əməliyyat zərurəti yaransa, tələb edəcəyik ki, onu istədiyimiz klinikada istədiyimiz həkim əməliyyat etsin".

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən bildirilib ki, məsələ araşdırılandan sonra cavablandırılacaq. Sonradan isə məlumat verilməyib. 

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan siyasətçi Ruslan İzzətli bu ilin martında "Toplum TV işi" üzrə həbs olunub.  

O, III Respublika Platformasının idarə heyətinin üzvüdür. Martın əvvəlində keçirilən polis əməliyyatlarında bu qurumun da ofisində axtarış aparılıb. 

Bu iş üzrə ümumilikdə 9 nəfərə cinayət işi açılıb. Onlara qarşı qaçaqmalçılıq maddsilə ittiham irəli sürülüb. 

Təqsirləndirilənlərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə polisin nəzarətinə verilib. İş üzrə təqsirləndirilənlər ittihamları rədd edirlər. Onlar bu həbsləri azad mediaya basqı hesab edirlər. 

Yerli və beynəlxalq hüquq müdafiəçiləri də açıqlamalarında bu iş üzrə təqsirləndirilənlərin günahsız olduğunu, siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

Related News

Subscribe to stay updated