Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb

Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb
19 September 2024
Mətni dəyiş

Stadionun ilkin mərhələdə yenidən qurulması üçün Azad Rəhimovun oğlu Arif Rəhimovun ortağının şirkətilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalanıb 

Gənclər və İdman Nazirliyi avqustun ortalarında "İnşaatçı 3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəyəri 15.084.799,04 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə qeyd olunub ki, MMC Gəncə Şəhər Stadionunun ilkin mərhələdə yenidən qurulması üzrə xidmət göstərəcək və işlər 5 ay davam edəcək. Bu satınalma müqaviləsi tender keçirilmədən imzalanıb. 

Görüntü dövlət satınalmalarının elektron məlumat bazasından götürülüb

Rəsmi dövlət sənədlərindən aydın olur ki, "İnşaatçı 3" MMC 2009-cu ildə "Əliyev Şəmil Əli Hüseyn oğlu və Sadıxov Akif Ənvər oğlunun tam ortaqlı inşaatçı şirkəti" adı ilə yaradılıb. 2016-cı ildə isə adı dəyişdirilərək "İnşaatçı 3" MMC adlandırılıb. Sonradan şirkətin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu olub. 2024-cü ilə aid sənədlərdə də şirkətin qanuni təmsilçisinin Qeys Siraclı olduğu göstərilir. 

Görüntü “Google Earth” 

Böyük Britaniyada şirkətlərin reyestr məlumatlarına görə, 2012-ci ildə qeydiyyatdan keçirilən, əvvəlki adı “ARGS Construction Limited olan AR & Co Trading Limited”in ortaqlarından biri Qeys Siraclı olub. 2016-cı ilin noyabrında ləğv edilən şirkətin digər ortağı isə həmin illərdə gənclər və idman naziri olan Azad Rəhimovun oğlu Arif Rəhimov idi. 

2021-ci ildə nazir Azad Rəhimovun vəfatından sonra onu Fərid Qayıbov əvəzləyib. Buna baxmayaraq, keçmiş nazir oğlunun iş ortağı hələ də Gənclər və İdman Nazirliyinin milyonlarla dəyəri olan satınalma müqavilələrini tender qayğısı olmadan imzalayır.

Related News

Subscribe to stay updated