Hökumət Əli Kərimlini legitim partiya sədri kimi tanımır

Hökumət Əli Kərimlini legitim partiya sədri kimi tanımır
5 July 2024
Mətni dəyiş

Nəsimi Rayon Məhkəməsi AXCP-nin qurultayının nəticələrini Ədliyyə Nazirliyinə təqdim edilən şikayət əsasında ləğv edib

İyulun 5-də Nəsimi Rayon Məhkəməsinin qərarilə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ötən il keçirdiyi qurultayının nəticələrinin tanınmaması ilə bağlı qərar verib. Bu barədə AXCP sədri Əli Kərimli özünün "facebook" hesabında yazıb. 

Belə ki, qurultayın keçirildiyi tarixdən başlayaraq uzun müddətdir mənsub olduğu AXCP ilə mübahisəli məhkəmə çəkişməsində olan Aydın Əliyev Ədliyyə Nazirliyinə müraciət edərək qurultayın nəticələrinin tanınmamasını tələb edib. O, bu iddiasını qurultayın gedişatında  pozuntu hallarına  yol verildiyi ilə  əsaslandırıb. 

Partiya sədri Əli Kərimli Nəsimi Rayon Məhkəməsinin verdiyi bu qərarın əsassız olduğunu deyib.

"Mən qurultayda gizli səsvermə yolu ilə, yekdilliyə yaxın səs çoxluğu ilə (yalnız bir nəfər əleyhinə olmaqla) sədr seçilmişəm. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub,  jurnalistlər tərəfindən çəkilib və ictimaiyyətə təqdim olunub. 

Ədliyyə Nazirliyi mənim sədr seçilməyim haqqında qurultayın qərarını qanunsuz olaraq, siyasi tapşırıqla  dövlət reyestrinə daxil etməyib və paralel olaraq hakimiyyət qurultayın nəticələrinin etibarsız hesab edilməsilə bağlı sifarişli  məhkəmə prosesi başladıb",  – deyə partiya sədri vurğulayıb.  

Əli Kərimli qeyd edib ki, partiya hüquqi müstəvidə  mübarizəsini davam etdirəcək. Hökumət rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Related News

Subscribe to stay updated