Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb

Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb
10 June 2024
Mətni dəyiş

Jurnalistlər "İstintaq aparılır" adı altında daha bir müddət həbsdə qalacaqlar 

“Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlər Elnarə Qasımova və Hafiz Babalının istintaq dövrü üçün həbs müddəti yenə uzadılıb. 

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim Fuad Axundov istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatlarını təmin edib. Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb.

Bununla bərabər, istintaq müddəti də sentyabrın 20-nə qədər uzadılıb. 

Jurnalistlərin həbs müddəti artıq ikinci dəfə uzadılır. Bu ilin fevralından etibarən bu iş üzrə həbs edilmiş digər media nümayəndələrinin də həbs müddətləri uzadılıb.

Son olaraq, mayın 25-də Nərgiz Absalamovanın həbs müddəti 22 gün artırılmaqla ikinci dəfə uzadılıb. 

Jurnalistlərin vəkilləri bildiriblər ki, istintaq heç bir əsaslı səbəb göstərmədən bu müddətin uzadılmasını istəyib, məhkəmə də heç bir əsas olmamasına baxmayaraq, müraciəti təmin edib.

Yerli və beynəlxalq qurumlar həbs müddətlərinin uzadılmasına reaksiya veriblər və bildiriblər ki, bu, jurnalistləri daha çox həbsdə saxlamağa hesablanıb.

“Abzas Media” müstəqil nəşri Azərbaycanın dövlət rəhbərliyindəki şəxslər və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdikdən sonra hədəfə gəlib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Related News

Subscribe to stay updated