Avropa Parlamentinin rəsmiləri siyasi məhbuslara görə Azərbaycana qarşı sanksiya çağırışı edib

Avropa Parlamentinin rəsmiləri siyasi məhbuslara görə Azərbaycana qarşı sanksiya çağırışı edib Foto: Wikipedia
31 May 2024
Mətni dəyiş

Qurumun yaydığı bəyanatda 300-dək siyasi məhbusun azadlığa buraxılması, insan haqlarını pozmaqda əli olan dövlət məmurlarının cəzalandırılması tələb olunur

Avropa Parlamenti Azərbaycan hökumətinin son aylarda vətəndaş cəmiyyəti fəalları və jurnalistlərə qarşı həyata keçirdiyi geniş repressiya dalğasını qınayan bəyanat yayıb.

İnsan Hüquqları üzrə Alt Komitənin Sədri, deputat Udo Bullmann, Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Marina Kalyurand, Parlamentin Azərbaycan üzrə daimi məruzəçisi, deputat Jelyana Zovkonun imzaladığı birgə bəyanatda iqtisadçı alim Qubad İbadoğlunun ibtidai istintaqının bir ildən artıq müddətə uzadılması və onun saxta ittihamlarla təqibinin davam etdirilməsi tənqid olunub.

“Biz Avropa Parlamentinin Azərbaycan hakimiyyətini  professor İbadoğluna qarşı bütün ittihamları dərhal ləğv etmək və təcili tibbi müalicə üçün xaricə getməsinə icazə verməklə bağlı çağırışını təkrar edirik”, – sənəddə deyilib.

Bəyanatda Azərbaycanda hökuməti tənqid edən şəxslərə qarşı davamlı repressiyalar və ədalət mühakiməsinin sistemli şəkildə pozulması da qətiyyətlə pislənilib.

“Tanınmış hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, Avropa Şurasının Vatslav Havel İnsan Haqları Mükafatı laureatı Anar Məmmədlinin aprelin 29-da qondarma qaçaqmalçılıq ittihamı ilə həbs olunması da vətəndaş cəmiyyətinə və bütün fərqli səslərə qarşı amansız təzyiqin daha bir bariz nümunəsidir. Bu, “AbzasMedia”, “Kanal 13” və “Toplum TV” də daxil olmaqla, Azərbaycanda qalan bir neçə müstəqil media orqanının jurnalistlərinin böyük həbs dalğası və saxta ittihamlarla həbs edilməsindən sonra baş verib”, – bəyanatda vurğulanıb.

Birgə bəyanatda hazırda 300-ə yaxın siyasi məhbusun olduğu Azərbaycan dünyanın ən repressiv ölkələrindən biri adlandırılıb.

“Bütün siyasi məhbuslar azad edilməli və bütün siyasi motivli ittihamlar dərhal ləğv edilməlidir. Vəziyyətin pisləşməsi fonunda biz Ali Nümayəndəni və Şuranı Avropa Birliyi Nizamnaməsinin 21-ci maddəsində göstərildiyi kimi Avropa Birliyinin xarici fəaliyyətinin rəhbər prinsiplərinə uyğun hərəkət etməyə və Parlamentin Avropa İttifaqının Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində sanksiyalar tətbiq etməyə çağırırıq. Parlamentin 15 mart 2023-cü il, 14 sentyabr 2023-cü il və 25 aprel 2024-cü il tarixli qərarlarına uyğun olaraq, bu ciddi insan hüquqlarına dair pozuntularında əli olan Azərbaycan məmurlarına qarşı cəza tətbiq edilsin” - bəyanatın sonunda qeyd edilib.

Related News

Subscribe to stay updated