Fevralın 12-də “QHT işi” üzrə həbsdə saxlanılan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib.
“Gözətçi” portalının yazdığına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda sərbəst ifadə verən Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. O, hüquq müdafiəçisi fəaliyyətinin qanuni yollarla həyata keçirildiyini deyib.
Süleymanlının sözlərinə görə, ABŞ-nin “German Marşal Fondu” vasitəsilə xidməti müqavilə əsasında USAİD-dən alınan vəsait hesabına bölgələrdə müharibədən zərər çəkən şəxslərə, şəhid ailələrinə və Qarabağ qazilərinə pulsuz hüquqi yardım göstərilib. O, sübut kimi əməkdaşlıq etdiyi hüquqşünasların bölgələrə gedərək yardım göstərməsi barədə məlumatların və fotoların rəhbərlik etdiyi təşkilatın saytında hələ də qaldığını qeyd edib, həmin materialların bir qismini çap formasında məhkəməyə təqdim edib.
Hüquq müdafiəçisi bildirib ki, istintaq onu sosial şəbəkələrdə Ukraynanı dəstəkləməkdə də günahlandırıb. Süleymanlı çıxışında Azərbaycan hökumətinin Ukraynaya maddi yardım göndərdiyini xatırladaraq, “Ukraynanı sivil qaydada dəstəkləmək qanun pozuntusu deyil” deyib.
O, həmçinin Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Orucun 15 mart 2024-cü ildə parlamentdəki çıxışına istinad edib. Süleymanlının sözlərinə görə, Oruc həmin çıxışda Azərbaycanın ABŞ və Avropa Birliyinə işğalın nəticələrinin aradan qaldırılması üçün kömək çağırışı edə biləcəyini bildirib, eləcə də “Beynəlxalq İnkişaf Agentliyi” xətti ilə tikinti işlərinə cəlb etməyi təklif edib. Hüquq müdafiəçisi bu sitatların hökumətyönlü mediada yayımlandığını deyib və çap formasını məhkəməyə təqdim edib.
Süleymanlı sual edib ki, “necə olur bir tərəfdən deputat USAİD-in işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb edilməsindən danışır, digər tərəfdən isə istintaq QHT-lərin USAİD-dən xidmət müqaviləsi və bank yolu ilə vəsait almasını cinayət əməli kimi qiymətləndirir”. O əlavə edib ki, müxtəlif dövlət qurumları və nazirliklər də USAİD-dən qrant alıb.
İttiham tərəfinin mövqeyinə toxunan Süleymanlı bildirib ki, ittiham aktında onun Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyinin istintaqa görə “şəxsiyyəti müəyyən edilməyən” şəxsləri ilə əlbir olaraq qrant aldığı iddia olunur. Süleymanlı və vəkili məhkəmədən səfirliyə sorğu göndərilərək xidmət müqaviləsi bağlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsini istəyib, lakin vəsatət təmin edilməyib.
İclasda hüquq müdafiəçisi Samir Kazımlı da şahid qismində ifadə verib. O, Süleymanlının qanun pozuntusuna yol vermədiyini, rəhbərlik etdiyi təşkilatın müharibədən zərər çəkən şəxslərə, şəhid ailələrinə və Qarabağ qazilərinə pulsuz hüquqi yardım göstərdiyini bildirib.
Növbəti məhkəmə iclası martın 12-nə təyin olunub.
Bəşir Süleymanlı ötən il, martın 14-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həmin gün “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Xalid Ağəliyev sonradan sərbəst buraxılıb. Martın 17-də Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilir. Daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki də həbs olunublar.
Bu iş üzrə “Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində qiyabi həbs qərarı çıxarıldığı, axtarışa verildiyi qeyd olunur. Təqsirləndirilən şəxslər ittihamları əsassız və siyasi motivli saydıqlarını bəyan ediblər.