Avropa Mətbuat və Media Azadlığı Mərkəzi: “Lənkəran həbsxanasında zorakılıq iddiaları fonunda “Abzas Media”nın qadın jurnalistlərinin həyatı risk altındadır”

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi: “Lənkəran həbsxanasında zorakılıq iddiaları fonunda “Abzas Media”nın qadın jurnalistlərinin həyatı risk altındadır”
6 Fevral 2026
Mətni dəyiş

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) Azərbaycanda “Abzas Media”nın həbsdə olan qadın jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, jurnalistlərin ailələri Lənkəran Penitensiar Kompleksində məhbuslara qarşı zorakılıq tətbiq edilməsi barədə yayılan məlumatlardan sonra həyəcan təbili çalırlar. Mərkəz bildirir ki, yayılan iddialara görə, müəssisənin rəhbəri bir qadın məhbusa fiziki zorakılıq göstərib.

ECPMF xatırladır ki, hər üç jurnalist 2025-ci ilin iyununda uzunmüddətli həbs cəzalarına məhkum edilib və proses “ciddi prosessual pozuntular”a görə tənqid olunub. Mərkəzin bildirdiyinə görə, onlar həbsdə olduqları müddətdə də jurnalist fəaliyyətini davam etdirərək həbsxana şəraitini sənədləşdiriblər və bu məlumatlar ictimailəşəndən qısa müddət sonra Lənkəran müəssisəsinə köçürülüblər.

Bəyanatda vurğulanır ki, zorakılıqda ittiham olunan məmurun nəzarətində olduğu bildirilən həbsxanada qadın jurnalistlərin saxlanılması onların təhlükəsizliyi və sağlamlığı üçün ciddi risk yaradır. Mərkəz Azərbaycan hakimiyyətini jurnalistlərin qorunmasına təminat verməyə, müstəqil monitorinqə şərait yaratmağa və zorakılıqla bağlı iddiaların operativ, qərəzsiz araşdırılmasını təmin etməyə çağırır.

ECPMF həmçinin “Abzas Media” jurnalistləri, onların ailələri və Azərbaycandakı müstəqil media icması ilə həmrəy olduğunu bildirir və bəyanatı “Jurnalistika cinayət deyil!” çağırışı ilə tamamlayır.

Fevralın 3-də “Abzas Media”nın həbsdə olan qadın jurnalistlərinin valideynləri bildiriblər ki, Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinin məhbuslara zorakılıq göstərməsi ilə bağlı yayılan xəbərlər fonunda övladlarının təhlükəsizliyinə görə narahatdırlar.

Valideynlərin sözlərinə görə, həbsxana rəisinin məhbusları iş otağında döyməsi iddiaları onların “can güvənliyi” ilə bağlı narahatlığını artırıb:

“Əgər rəisin otağında başqaları döyülürsə, deməli, biz qızlarımızın da can güvənliyinə görə arxayın ola bilmərik. Biz Babək İsgəndərovun cəzalandırılmağını tələb edirik. Övladlarımız Bakıda qeydiyyatda olsa da, onları Lənkəran həbsxanasına göndərdilər”, - valideynlər bildiriblər.

“Abzas Media”nın qadın jurnalistlərinin yazdıqlarına görə, yanvarın 24-də Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərov qadın məhkumu iş otağında döyüb. Bununla bağlı məqalədə həmçinin müəssisədə qadınlarla yanaşı kişi məhkumların da döyülməsi barədə iddialar yer alır. Bildirilir ki, rejim üzrə şöbə müdiri Azər Bağırovun da məhkumlara işgəncə verdiyi irəli sürülür.

Jurnalistlərin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumlar indiyədək açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun