Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını oxumağa davam edib. Bu dəfə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun ittiham aktı məhkəmədə elan olunub.
Təqsirləndirilən şəxslər və vəkilləri ittiham aktlarının hamısının ayrı-ayrılıqda oxunmasının vaxt apardığını əsas gətirərək, iki nəfərlə ittiham aktının hamı üçün oxunmuş hesab edilməsini istəyiblər. Məhkəmə heyəti bu təkliflə razılaşıb.
İclas zamanı təqsirləndirilənlərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Kürdəxanıda zorakılığa məruz qalıram” yazılı vərəq qaldırıb. O, daha sonra əvvəlki məhkəmə prosesindən sonra Bakı İstintaq Təcridxanasında qeyri-insani rəftara məruz qaldığını bildirib. Jurnalistin sözlərinə görə, təcridxanaya qaytarıldıqdan sonra ona qarşı alçaldıcı davranış olub və iki günlük cərimə kamerasına (“kars”) yerləşdirilib.
Nurlan Libre “kars”da şəraitin ağır olduğunu, əsas gigiyenik vasitələrin belə verilmədiyini deyib. O, həmçinin vəkili ilə görüşə aparılarkən də qandallı saxlanıldığını bildirib. Jurnalistin sözlərinə görə, saxlanma şəraiti və rəftarla bağlı yazdığı şikayət ərizəsi əlindən alınıb və vəkilinə təqdim etməsinə imkan verilməyib. O, bu rəftarın təcridxana rəisi Elnur İsmayılovun göstərişi ilə baş verdiyini iddia edib.
Jurnalist əlavə edib ki, üzləşdiyi rəftara etiraz olaraq və həmçinin həbs olunan “Abzas Media”, “Meydan TV” və “Toplum TV” jurnalistlərinin azad edilməsini tələb edərək bu gündən müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, Azərbaycan hakimiyyətini Avropa Parlamentinin qəbul etdiyi son qətnaməni icra etməyə və siyasi məhbusları azad etməyə çağırıb.
Növbəti məhkəmə iclası yanvarın 30-na təyin edilib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.