ABŞ Prezidenti Donald Trampın administrasiyası “Sülh Şurası”nda daimi yer əldə etmək istəyən ölkələrdən ən azı 1 milyard dollar ödəniş tələb edir. Bu barədə “Bloomberg” agentliyi “Sülh Şurası”nın nizamnamə layihəsinə istinadla yazır.
Sənədə görə, nizamnamə qüvvəyə mindikdən sonra ilk bir il ərzində ödəniş edənlər daimi üzv olacaq, digərləri isə üç ildən çox olmayan müddətə təyin ediləcək.
Layihədə qeyd olunur ki, “Sülh Şurası”nın ilk sədri Donald Tramp olacaq və təşkilata kimi dəvət edəcəyinə o qərar verəcək. Trampın həmçinin üzvləri təşkilatdan çıxarmaq səlahiyyəti olacağı bildirilir; bu qərar üzvlərin üçdə iki səs çoxluğu ilə bloklanmadığı təqdirdə qüvvədə qalacaq.
Qrupda qərarların sadə səs çoxluğu ilə qəbul ediləcəyi, hər üzv dövlətin bir səsə malik olacağı göstərilir. Bununla yanaşı, sənəddə bütün qərarları sədrin təsdiqləməli olduğu qeyd olunur.
Adı açıqlanmayan amerikalı rəsmisi “Bloomberg”ə deyib ki, toplanacaq vəsait “Sülh Şurası”nın Qəzza sektorunun bərpası ilə bağlı mandatının icrası üçün istifadə ediləcək.
“Bloomberg” xatırladır ki, “Sülh Şurası”nın yaradılması əvvəlcə Trampın Qəzza sektorundakı münaqişənin tənzimlənməsinə dair sülh planının tərkib hissəsi kimi təqdim olunmuşdu. Lakin “Financial Times” yazır ki, nizamnamə mətnində Qəzzanın adı çəkilmir. Sənədə əsasən, “Sülh Şurası” “münaqişələrdən zərər çəkmiş və ya münaqişə riski olan ərazilərdə sabitliyi təşviq etməyə, etibarlı və qanuni idarəçiliyin bərpasına və davamlı sülhün təmininə çalışan beynəlxalq təşkilat” kimi təsvir edilir.
“Bloomberg” qeyd edir ki, Trampın tənqidçiləri ABŞ prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib qurum yaratmağa çalışdığından narahatdırlar. Daha əvvəl “Financial Times”ın mənbəsi Ağ evin “Sülh Şurası”nı “BMT-yə potensial əvəzləyici, Qəzza sektorundan kənarda digər münaqişələrin həlli üçün paralel qeyri-rəsmi orqan” kimi gördüyünü bildirmişdi.
Tramp artıq bir sıra dünya liderlərini “Sülh Şurası”na qoşulmağa dəvət edib. Onların arasında Argentinanın prezidenti Xavyer Milei, Kanadanın baş naziri Mark Karni və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. “Reuters”in mənbələrinə əsasən, dəvət alanlar arasında Fransa, Almaniya və Avstraliya liderləri də göstərilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqını təmsil etmək üçün dəvət olunub.
Yanvarın 16-da Ağ ev Qəzza üzrə təsisçi icra şurasına yeddi nəfərin daxil olacağını açıqlayıb. Həmin siyahıda ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin adları da çəkilir.
Bundan əlavə, Qəzza ilə bağlı ayrı icra şurasının da yaradılacağı, onun 11 nəfərdən ibarət olacağı bildirilir. Bu şurada Türkiyənin xarici işlər naziri Hakan Fidanın, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Siqrid Kağın və BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim əl-Haşiminin adları qeyd olunur.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, həmin şuranın tərkibi İsraillə razılaşdırılmayıb və İsrailin siyasətinə ziddir. “Reuters” ehtimal edir ki, bu narazılıq şurada Hakan Fidanın adının yer alması ilə bağlı ola bilər: İsrail Türkiyənin prosesdə iştirakına etiraz edir.