“Arab News”: “Ermənistan və Azərbaycan arasında sülh yolunda irəliləyiş görünmür”

“Arab News”: “Ermənistan və Azərbaycan arasında sülh yolunda irəliləyiş görünmür”
12 Yanvar 2026
Mətni dəyiş

Azərbaycan və Ermənistan liderlərinin avqustda Donald Trampla birlikdə imzaladığı razılaşmadan sonra sülh sazişinin ratifikasiyası və münasibətlərin normallaşdırılması üzrə gözlənilən irəliləyiş hələ də görünmür. Bu barədə analitik Lyuk Koffi “Arab News üçün yazdığı məqaləsində bildirib.

Məqalədə qeyd olunur ki, tərəflər həmin razılaşma ilə sülh müqaviləsini ratifikasiya etmək və əlaqələri normallaşdırmaq öhdəliyi götürüblər. Prosesin təxminən 12 ay ərzində tamamlanacağı nəzərdə tutulsa da, bu müddətin demək olar yarısı keçdiyi halda “ciddi irəliləyiş” qeydə alınmayıb və bir neçə əsas məsələ açıq qalır. Koffinin fikrincə, imkanın reallaşıb-reallaşmayacağını dörd əsas istiqamət müəyyən edəcək.

Müəllifə görə, ilk sınaq Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi sabitliyidir. Ermənistanın iyunda parlament seçkilərinə hazırlaşdığı bildirilir. Seçkilərin mübahisəli keçə biləcəyi, seçkidən sonrakı siyasi sabitliyin isə sülh prosesinin irəliləməsi üçün həlledici rol oynayacağı vurğulanır.

Koffi bununla bağlı daha bir həssas, lakin mühüm məsələ kimi Ermənistan Konstitusiyası mövzusunu qeyd edir. Məqalədə deyilir ki, Azərbaycan bu məsələnin Bakının yekun sülh sazişini ratifikasiya etməsindən əvvəl həll olunmalı olduğunu açıq şəkildə bəyan edib.

Növbəti təcili irəliləyiş tələb edən mövzu “Tramp marşrutu” adlandırılan layihədir. Təklifə əsasən, 42 kilometrlik bu dəhlizin istismarı ABŞ-nin dəstəyi ilə beynəlxalq özəl konsorsiuma verilməlidir. Müəllif yazır ki, Ermənistan bu konsepsiya ilə formal razılaşsa da, icra istiqamətində məzmunlu addımlar atılmayıb: tikinti başlamayıb, yollar və dəmir yolu xətləri tikilməyib və ya təmir olunmayıb.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar irəliləyişin olmaması ilə bağlı narahatlığını ifadə edib və gecikmələrin geniş sülh razılaşmasına etimadı zədələyə biləcəyi barədə xəbərdarlıq edib. Koffinin fikrincə, 2026-cı ildə Ermənistan ərazisində tikinti başlamasa, razılaşmanın etibarlılığı ciddi şəkildə zəifləyə bilər.

Müəllif növbəti çağırış kimi Rusiya və İranın təzyiqlərini, xüsusən də Ermənistan seçkiləri ərəfəsində mümkün təsirləri qeyd edir. Məqalədə deyilir ki, nə Moskva, nə də Tehran Vaşinqtonun sülh prosesində vasitəçilik rolunu müsbət qarşılayır. Hər iki ölkə Cənubi Qafqazı ənənəvi təsir zonasının bir hissəsi kimi görür. “Tramp marşrutu”nun hər iki ölkə üçün xüsusilə həssas olduğu vurğulanır.

Koffi yazır ki, Rusiya ABŞ dəstəyi ilə regionda hər hansı mövcudluğa, hətta bu iştirak özəl sektor vasitəsilə olsa belə, ehtiyatla yanaşır, çünki hazırda Ermənistan-İran sərhədində patrul fəaliyyəti var. İran isə eyni 42 kilometrlik hissədən şimala doğru əsas ticarət marşrutu kimi istifadə edir. Bu səbəbdən ABŞ-nin dəstəklədiyi tranzit dəhlizinin İranın kommersiya maraqları və Rusiyanın təhlükəsizlik öhdəlikləri ilə toqquşa biləcəyi, bunun da gərginlik yarada biləcəyi vurğulanır. Müəllif nəticə olaraq yazır ki, həm Moskvanın, həm də Tehranın marağı status-kvonun qorunmasına yönələ bilər.

Bununla belə, Koffi hesab edir ki, çətinliklərə baxmayaraq, 2026-cı ilin Ermənistan və Azərbaycan arasında sülhün nəhayət bərqərar olduğu il olması hələ də mümkündür. Onun fikrincə, bunun üçün davamlı beynəlxalq iştirak və tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələri üçün təzyiqin davam etməsi tələb olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun