Avropa Şurasının Nazirlər Komitəsi 15–17 sentyabr tarixlərində keçirilən iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərar və hökmlərinin icrasına nəzarətlə bağlı qəbul etdiyi qərarları açıqlayıb.
Komitə ümumilikdə 22 dövlətlə bağlı 45 qərar qəbul edib. Bunlara “Məmmədli Azərbaycana qarşı”, “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işlərində aralıq qətnamələr də daxildir.
“Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə AİHM-in qərarında jurnalistlərə qarşı ifadə azadlığı hüququnun pozulduğu müəyyən edilib. Komitə xatırladıb ki, 2009-cu ildən etibarən Azərbaycanda böhtanla bağlı qanunvericiliyin yetərsizliyi və cinayət qanunvericiliyinin ifadə azadlığını məhdudlaşdırmaq üçün ixtiyari tətbiqi ilə bağlı problemlər gündəmdədir. 2012-ci ildən bəri hökumət müvafiq qanun dəyişiklikləri etməyi vəd etsə də, konkret nəticə əldə olunmayıb.
2014-cü ildə Ali Məhkəmənin Plenumu böhtanla bağlı işlərdə məhkəmələrə həbs cəzası əvəzinə cərimə tətbiq etməyi tövsiyə edən qərar qəbul etsə də, Komitə bunu yeganə irəliləyiş kimi qiymətləndirib.
Nazirlər Komitəsi narahatlıqla qeyd edib ki, Azərbaycanda jurnalistlərin və media nümayəndələrinin həbslərinin sayı son vaxtlar artıb.
Bəyanatda vurğulanır ki, ifadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və hüququn aliliyi üçün cinayət qanunvericiliyinin ixtiyari tətbiqinə qarşı effektiv təminatlar zəruridir;
Qeyd edilib ki, Komitənin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, hökumət tələb olunan ümumi tədbirlərlə bağlı məlumat təqdim etməyib. İlk qərarın qüvvəyə minməsindən 16 il keçməsinə baxmayaraq, real irəliləyiş qeydə alınmayıb.
Nazirlər Komitəsi Azərbaycan hökumətini ifadə azadlığını təmin etmək üçün uzun müddətdir gözlənilən qanun dəyişikliklərini həyata keçirməyə çağırıb. Xüsusilə, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində (böhtan və təhqir) nəzərdə tutulan uzunmüddətli həbs cəzalarının aradan qaldırılması tələb olunub.
Bununla yanaşı, Komitə məhkəmə təcrübəsinin təkmilləşdirilməsini, cinayət normalarının ixtiyari tətbiqinin dayandırılmasını, məhkəmələrin qərarlarını AİHM-in ifadə azadlığına dair presedentlərinə uyğun əsaslandırmasını vacib sayıb.
Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Şurası Katibliyi ilə nəticəyönlü dialoqu bərpa etməyə və 2026-cı ilin mart ayına qədər görüləcək tədbirlərlə bağlı konkret məlumat təqdim etməyə çağırıb.
“Məmmədli Azərbaycana qarşı” işində komitə xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu qrup işlərdə Konvensiyanın 18-ci maddəsinin 5-ci maddə ilə birlikdə pozuntusunu tanıyıb. Hökmdə “hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçilərinin qanunun aliliyinə zidd şəkildə qisas xarakterli cinayət təqibləri və sui-istifadə ilə həbs olunması” “narahatedici bir nümunə” kimi qiymətləndirilib.
Komitə qeyd edib ki, əvvəllər bu qrupa aid bəzi işlər üzrə Ali Məhkəmə hökmü ləğv edib və kompensasiya qərarları çıxarıb. Lakin digər ərizəçilərin işləri 2019-cu ildən Ali Məhkəmədə qalıb və 2022-ci ilin oktyabrından bəri heç bir məlumat təqdim edilməyib.
Nazirlər Komitəsi vurğulayıb ki, Azərbaycan hökuməti dərhal qalan məhkumluqları ləğv etməli, cinayət qeydlərindən silməli və bu ittihamların bütün mənfi nəticələrini aradan qaldırmalıdır.
Həmçinin, Bu müddətdə həmin hökmlərin yeni cinayət işlərinə təsir göstərməsinin qarşısı alınmalıdır.
Komitə qeyd edib ki, AİHM qərarlarının icrası bütün dövlət orqanlarının, o cümlədən məhkəmələrin birgə məsuliyyətidir.
Komitə 2019-cu ildən bəri Ali Məhkəmənin işlərə baxmamasını, hakimiyyətin isə məlumat və əməkdaşlıqdan yayınmasını pisləyib. Bunun nəticəsində ərizəçilərin qanunsuz məhkumluqların mənfi nəticələrindən əziyyət çəkməyə davam etdiyi bildirilib.
Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini təcili olaraq fərdi tədbirlər görməyə, uzun müddətdir davam edən susqunluq və fəaliyyətsizliyə son qoymağa, Avropa Şurası Katibliyi ilə nəticəyönlü dialoqu bərpa etməyə çağırıb.
Bəyanatda əlavə olunub ki, Azərbaycan hökuməti nəzərdə tutulan addımlar barədə məlumatı 2025-ci ilin dekabrında keçiriləcək 1545-ci iclasa qədər təqdim etməlidir.
Bundan başqa, Komitə 22 ölkə ilə bağlı AİHM-in 139 hökm və qərarına dair 40 Yekun Qətnamə qəbul edib.
İclasda həmçinin Avropa Məhkəməsinin qərarlarının icrasına həsr olunacaq növbəti toplantıda baxılacaq işlərin ilkin siyahısı da təsdiqlənib. Növbəti iclas 2025-ci il 2–4 dekabr tarixlərində keçiriləcək.
Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-in qərarları müvafiq dövlətlər üçün məcburidir.
Nazirlər Komitəsi bu qərarların icrasına dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, milli insan haqları institutlarının və digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar əsasında nəzarət edir.