“Toplum TV işi”: Hakim səhhətində problem olan jurnalistləri ev dustaqlığına buraxmayıb

“Toplum TV işi”: Hakim səhhətində problem olan jurnalistləri ev dustaqlığına buraxmayıb Foto: Toplum TV
21 İyul 2025
Mətni dəyiş

İyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun müdafiəçiləri onların səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılmaları üçün məhkəməyə vəsatət təqdim ediblər. Lakin hakim vəsatətləri təmin etməyib. 

"Toplum TV"nin yazdığına görə, hakim təqsirləndirilən şəxslərin səhhətində ciddi problemlərin olmasını təsdiqləyən rəsmi tibbi rəyin təqdim olunmadığını əsas kimi göstərib.

Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli isə sosial media hesabında jurnalistin vəziyyəti ilə bağlı narahatlıq ifadə edib. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin qalxanabənzər vəzisində 23 mm ölçüsündə şiş aşkarlanıb və bunun dərhal əməliyyat olunması tələb olunur. 

“Ələsgər bəy özü də bildirib ki, hər məhkəmə iclasından sonra əsəb gərginliyi və stress səbəbindən baş ağrıları və yüksək təzyiq problemi yaşayır, qida qəbulunda çətinlik çəkir”, – deyə o qeyd edib.

Günay Məmmədlinin bildirdiyinə görə, müdafiə tərəfinin vəsatətinə prokuror Rauf Malışov etiraz edib. O, həmçinin bildirib ki, bir ay əvvəl Ələsgər Məmmədli təcridxanada ultrasəs müayinəsindən keçirilib, lakin müayinə nəticəsi nə vəkillərə, nə də ona təqdim edilir.

“Sənədlərin məhkəməyə təqdim ediləcəyindən xəbərdar olduqları üçün nəticəni gizlədirlər. Tibbi göstəriş birbaşa əməliyyatı tövsiyə etdiyi üçün nəticəni təqdim etmirlər. Bu, dolayı yolla işgəncə vermək və vəziyyəti ağırlaşdırmaq cəhdidir”, – Günay Məmmədli qeyd edib.

Məhkəmə iclasının davamında təqsirləndirilən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov çıxışının növbəti hissəsini səsləndirib. O, ictimai-siyasi fəaliyyətə başladıqdan sonra ailə üzvlərinə qarşı baş verən təhdidlərdən danışaraq, buna görə dövlətin məsuliyyət daşıdığını bildirib.

Növbəti məhkəmə iclası avqustun 4-nə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Həbs olunanlar arasında “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ-nin rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, “III Respublika Platforması”nın qurucu üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov var.
 
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, 2024-cü il yanvarın 17-də onlara qarşı daha ağır ittihamlar elan olunub. Jurnalist Elmir Abbasov isə polis nəzarəti altına verilib.
 
“Toplum TV” baş verənlərin peşə fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib və işi müstəqil mediaya qarşı basqı kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun