Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanı 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysi ilə uçan “Boeing” sərnişin təyyarəsinin vurulmasına görə təqsirli hesab edib.
Bu barədə “Associated Press” məlumat yayıb.
2014-cü il iyulun 17-də Donbas üzərində vurulan təyyarədə 17 ölkənin vətəndaşı olan 298 nəfər həyatını itirib. Ölənlərin təxminən üçdə ikisi Niderland vətəndaşları olub. Haaqa məhkəməsi təyyarənin Rusiyada istehsal edilən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu təsdiqləyib. Raket qurğusunun atəşdən əvvəl Rusiyanın Kursk vilayətindən Donbasdakı separatçıların nəzarətində olan əraziyə gətirildiyi müəyyən edilib.
Agentlik bildirib ki, AİHM-nin qərarı daha çox simvolik xarakter daşıyır, lakin qurbanların ailələri üçün 11 ildən artıq davam edən ədalət axtarışlarında mühüm mərhələdir.
Məhkəmənin digər qərarında isə AİHM ilk dəfə Rusiyanı 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra insan haqlarını pozmaqda məsuliyyətli sayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Niderland və Ukraynanın iddiaları ilə bağlı AİHM-nin qərarlarını tanımayacaq və icra etməyəcək:
“Bu qərarları yerinə yetirməyi düşünmürük, onları etibarsız hesab edirik”.
2022-ci ilin martında Ukraynaya müdaxiləyə görə Rusiya Avropa Şurasından çıxarılıb. Bundan sonra Moskva AİHM-nin həmin tarixdən sonra çıxardığı qərarları icra etməyəcəyini açıqlayıb.
Prezident Vladimir Putin bu barədə qanunu 2022-ci ilin iyununda imzalayıb və həmin ilin 16 sentyabrından etibarən Rusiya Avropa İnsan Haqları Konvensiyasının tərəfdaşı statusunu itirib. Lakin AİHM hesab edir ki, şikayətlər 16 sentyabr 2022-ci ildən əvvəl baş verən faktlarla bağlıdırsa, bu işlərə baxmaq hüququ qalır.
Bundan əvvəl, 2025-ci ilin mayında Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) da rəsmi olaraq Rusiyanı MH17 təyyarəsinin vurulmasına görə məsuliyyətli elan edib.
Haaqa məhkəməsi tanınmamış “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Girkin (Strelkov), Rusiya Hərbi Kəşfiyyatının keçmiş zabiti Sergey Dubinski və separatçıların kəşfiyyat bölməsinin komandiri Leonid Xarçenkonu təyyarəni vurmaqda və 298 nəfərin qətlində təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Dördüncü şəxs, ehtiyatda olan VDV polkovnik-leytenantı Oleq Pulatov isə təqsirli bilinməyib. Məhkəmə təyyarəni vurmaq əmri verən şəxsin kimliyinin müəyyən edilə bilmədiyini vurğulayıb.