Ruslan İzzətlinin səhhətinin pisləşdiyi bildirilir, həyat yoldaşı təcili azadlığa buraxılmasını tələb edir

Ruslan İzzətlinin səhhətinin pisləşdiyi bildirilir, həyat yoldaşı təcili azadlığa buraxılmasını tələb edir Foto: sosial media
22 Dekabr 2025
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhətinin pisləşməyə davam etdiyi bildirilir.

Bu barədə dekabrın 20-də onunla təcridxanada görüşən həyat yoldaşı Günel Manaflı sosial şəbəkə paylaşımında yazıb.

Günel Manaflının sözlərinə görə, əvvəllər də Ruslan İzzətlinin səhhəti ilə bağlı narahatlıqlarını ictimailəşdirsə də, son günlər vəziyyət daha da ağırlaşıb və bu, artıq onun xarici görünüşünə də təsir edir.

“Mən narahat olmayım deyə “yaxşıyam” desə də, xarici görünüşü bunu demirdi. Üzü şiş, rəngi isə solğun idi. Ruslan İzzətli səhhəti ilə bağlı gündəmə gəlmək istəmir. Hətta bununla bağlı nəsə yazmamağımı da məndən istədi. Amma onun sağlamlığı mənim və övladımın öncəliyidir”, - Manaflı yazıb.

O bildirib ki, əldə etdiyi məlumata əsasən, Ruslan İzzətlinin ödündəki ağrılar kəskinləşib. Günel Manaflının yazdığına görə, gün ərzində qəbul etdiyi ağrıkəsicilər artıq mədəsində ağrılara səbəb olduğu üçün o, bir neçə gündür dərmanlardan da imtina edib və ödündəki şiddətli ağrılara “öz gücü ilə dözməli olur”.

“Üzündə və əllərindəki şişkinlik, solğun rəngi, qızartılı gözlər də bundan xəbər verirdi. Bəlkə də bu yazdığımdan xəbər tutsa, mənə iradını bildirəcək. Amma dediyim kimi, onun ödü həyati təhlükə yaradır. Qanına zəhərlənmə keçə bilər, bəlkə də artıq həftələrdir davam edən “pristup”lar bunun xəbərçisidir, həyəcan təbilidir”, - o yazıb.

Günel Manaflı vurğulayıb ki, həyat yoldaşı təcili əməliyyat edilməli və öd çıxarılmalıdır. Onun sözlərinə görə, əməliyyatı etibar etdikləri klinikada güvəndikləri həkimin həyata keçirməsi üçün Ruslan İzzətlinin azadlığa buraxılmasını tələb edir.

“Bu gün söhbət gənc bir insanın, sağlamlığını döyüş meydanında qoyan bir müharibə veteranının həyatından gedir! Etinasız qalmayın”, - Manaflı əlavə edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Bu iş üzrə həbs edilənlər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamın ağırlaşdırıldığı bildirilir. Həbs olunanlar ittihamları rədd edir, siyasi sifarişlə həbs edildiklərini bəyan edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun