“Washington Post”: Avropadakı partlayışların təşkilində şübhəli bilinən rus agenti Azərbaycanda gizlənir, Rusiya və Qərb onun təhvil verilməsini tələb edir

“Washington Post”: Avropadakı partlayışların təşkilində şübhəli bilinən rus agenti Azərbaycanda gizlənir, Rusiya və Qərb onun təhvil verilməsini tələb edir
21 Noyabr 2025
Mətni dəyiş

Rusiya və Qərb xüsusi xidmət orqanları 2024-cü ilin yayında Böyük Britaniya, Almaniya və Polşada yük və kuryer şirkətlərinin anbarlarında baş verən partlayışlarda şübhəli bilinən Rusiya vətəndaşı, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU)  agenti Yaroslav Mixaylovun taleyi uğrunda gizli çəkişmə aparır. 

“The Washington Post”un məlumatına görə, diversiyalardan sonra Mixaylov saxta sənədlərlə Azərbaycana qaçıb.

Nəşrin mənbələri bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB), Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsi (QRU) Bakıya təzyiq göstərərək Mixaylovun Moskvaya qaytarılmasına çalışıb və Polşanın ekstradisiya sorğusuna rədd cavabı verilməsini istəyib.

Eyni zamanda Polşa, Böyük Britaniya, Ukrayna və Litva Mixaylovun Rusiyaya təhvil verilməsinin qarşısını almağa çalışır. Polşanın müraciəti əsasında İnterpol onun saxlanılması üçün “Rusiya xüsusi xidmətlərinin göstərişilə həyata keçirilən terror əməliyyatları” ilə bağlı gizli order verib. Moskva isə Avropadakı partlayışlarla bağlı bütün ittihamları inkar edir.

Mənbələrə görə, Azərbaycan indiyədək Mixaylovla bağlı bütün ekstradisiya tələblərini rədd edib. 2024-cü ilin böyük hissəsində o, ölkədən çıxışına qadağa qoyulmaqla, nəzarət altında sərbəst şəkildə qalıb.

Kremlin sözçüsü Dmitri Peskov “The Washington Post”un suallarını cavablandırmaqdan imtina edib: 

“Burada şərh ediləsi bir şey yoxdur”, – deyə o bildirib. 

Azərbaycan XİN də mövzuya münasibət bildirməyib. Mixaylovla əlaqə yaratmaq isə mümkün olmayıb.

İyul ayında “DHL” şirkətinin Leypsiq və Birmingemdəki, həmçinin “DPD”nin Varşavadakı anbarlarında üç bağlama partlayıb və yanğına səbəb olub. Araşdırmalar nəticəsində məlum olub ki, içərisində masaj cihazları, intim oyuncaqlar və taymerlə təchiz edilmiş əl düzümü bombalar olan bu bağlamalar Litvadan göndərilib.

Qərb xüsusi xidmət orqanları bunu Rusiyanın hərbi kəşfiyyatı tərəfindən təşkil edilmiş diversiya əməliyyatının bir hissəsi hesab edir. Hadisələr zamanı xəsarət alan olmayıb, lakin Almaniya rəsmiləri həmin bombaların uçuş zamanı partlaması halında hava qəzasına səbəb ola biləcəyini bildirib.

Litva və Polşa artıq diversiyalarla bağlı 20 nəfərə qarşı terrorçuluq və digər maddələrlə ittiham irəli sürüb. Avropa istintaq qruplarının yüksək vəzifəli əməkdaşlarından biri Mixaylovu “hələ də azadlıqda olan ən vacib şübhəli şəxs” adlandırıb. İddiaya görə, o, Avropada çox səyahət edib, QRU-dan göstərişlər alıb və onları icraçılara ötürüb. İcraçıların bir neçəsinin əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olub.

Qərb kəşfiyyat mənbələri ehtimal edir ki, Avropadakı yanğınlar “sınaq əməliyyatları” olub və Rusiya oxşar qurğulardan transatlantik yük daşımalarında istifadə etməyi planlaşdırıb. Məlumata görə, Mixaylov bombası olmayan sınaq bağlamalarının Vaşinqton və Ottavadakı ünvanlara göndərilməsini koordinasiya edib. Məqsəd təhlükəsizlik prosedurları və marşrutlar barədə məlumat toplamaq olub.

Buna baxmayaraq, “The Washington Post” yazır ki, ABŞ Polşanın ekstradisiya müraciətinə dəstək verməyib. Vaşinqton və Bakı arasında bu mövzuda hansısa müzakirənin olub-olmadığı məlum deyil.

Donetsk doğumlu Yaroslav Mixaylov barədə araşdırmalar göstərir ki, o, Rusiyada silah, partlayıcı maddə və radioaktiv materialların qaçaqmalçılığında ittiham edilib. 2022-ci ildə saxlanılsa da, məhkəməyə çıxarılmayıb. Onun bu dövrdə Rusiya xüsusi xidmətləri tərəfindən əməkdaşlığa cəlb edildiyi güman olunur.

Avropa rəsmiləri Mixaylovun “Daniil Qromov” və “Daniil Lixin” adları ilə tərtib edilmiş saxta Ukrayna pasportlarından istifadə etdiyini bildirir.

İstintaq həmçinin Mixaylovun göstəriş aldığı şəxsi müəyyənləşdirib. İddiaya görə, bu şəxs “Warrior” (döyüşçü) ləqəbli istifadəçidir və o, Rusiya kəşfiyyatı ilə əlaqəli “Killnet” haker qrupunun üzvü hesab edilən Aleksey Kolosovski ilə bağlıdır. Kolosovski iddiaları rədd edərək “The Washington Post”a Mixaylovu tanımadığını, “Killnet”lə əlaqəsinin olmadığını və Avropadakı partlayışlara aidiyyəti bulunmadığını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun