“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar (RSF) təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülüb.
Noyabrın 15-də Fransanın paytaxtı Parisdə keçirilən təqdimetmə mərasimində mükafatı jurnalistin adından “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.
O, Sevinc Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu da oxuyub.
Sevinc Vaqifqızının məktubunu təqdim edirik:
“Jurnalist sərhədsiz düşünməlidir ki, həqiqəti tapa bilsin. Həqiqət dövlətin manipulyasiyalarına tabe olmamalıdır. “Bizim milli maraqlarımız, dövlət maraqlarımız var” deyib həqiqəti gizlətməyə çalışmamalıdır. Jurnalist o şüarların qarşısında, o fikirlərə təslim olmamalıdır.
Mənim əsas mesajım budur ki, jurnalist həqiqəti tapmaq, göstərmək istəyirsə, onun düşüncəsində maneələr olmamalıdır ki, bunu üzə çıxarsa, bu, dövlətçilik, ya da milli maraqlara ziddir.
Həqiqət bəşəridir və sərhədsizdir. “Sərhədsiz Reportyorlar” da adlarından da göründüyü kimi, düşüncələrində mütləq sərhədsiz olmalıdırlar ki, həqiqəti tapa bilsinlər və həqiqəti dövlətin siyasətinə qurban verməsinlər. Mən sevinirəm ki, bu təşkilatda məhz sərhədsiz düşünən reportyorlar, sərhədsiz düşünən jurnalistlər təmsil olunur və nə bahasına olursa-olsun öz həqiqətlərini deməyə davam edən jurnalistlərdən təşkil olunub.
İstəyirəm ki, bu təşkilat daha da böyüsün və bu jurnalistlərin sayı daha da artsın ki, dünyada həqiqəti söyləmək adi normaya çevrilsin. Və bunun üçün xüsusi cəsarət tələb olunmasın. Biz niyə həqiqəti demək üçün mütləq cəsarətli olmalıyıq? Bu, normal olmalıdır. Kimsə həqiqəti dediyinə görə təqiblə üzləşməməlidir. Hər kəs rahat şəkildə bu həqiqətləri üzə çıxarmalıdır və bunun qarşılığında hər hansı təhdid, həbs, ölüm görməməlidir. Mən belə bir dünya arzulayıram”.
RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq inadla susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.
Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.
Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.