Hesabat: Azərbaycan Qəzza müharibəsi dövründə İsrailin xam neftinin 40 faizini təmin edib

Hesabat: Azərbaycan Qəzza müharibəsi dövründə İsrailin xam neftinin 40 faizini təmin edib
21 Noyabr 2025
Mətni dəyiş

“Oil Change International” adlı beynəlxalq “fossil fuel” (kömür-hidrokarbon) nəzarət təşkilatının hesabatına görə, Qəzza müharibəsi dövründə İsrailin idxal etdiyi xam neftin 40 faizi Azərbaycan mənşəli olub.

“OC Media”nın məlumatına görə, təşkilat BMT-nin illik iqlim dəyişikliyi konfransı - COP30 ilə eyni vaxtda hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, 2023-cü ilin noyabrından 2025-ci ilin oktyabrınadək İsrailin xam neft idxalının təxminən 70 faizi Azərbaycan və Qazaxıstanın payına düşüb. Bu müddətdə Azərbaycan 7 milyon tondan çox, yəni ümumi idxalın təxminən 40 faizi qədər neft tədarük etməklə birinci yerdə qərarlaşıb.

Hesabata görə, sözügedən dövrdə Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri ilə İsrailə ümumilikdə 61 “Azeri Light” neft daşınması həyata keçirilib. Lakin sənədlərdə bu yüklərin mənşə ölkəsi kimi Türkiyənin adı göstərilib.

İkinci yerdə Qazaxıstan qərarlaşıb. Təxminən 5,3 milyon ton neft Rusiyadan keçməklə İsrailə çatdırılıb.

Hesabatda hüquqşünas İren Pietropaolinin hüquqi rəyinə istinad edilir. Rəydə bildirilir ki, Azərbaycana xam və ya emal olunmuş neft məhsulları verən dövlətlər “İsrailin hərbi əməliyyatlarına göstərdikləri dəstəyin onları Soyqırım Konvensiyası çərçivəsində mümkün müttəhim vəziyyətinə sala biləcəyini nəzərə almalıdırlar”.

Sənədin sonunda vurğulanır ki, Qəzza müharibəsi zamanı İsrailə yanacaq tədarük edən dövlətlər bunu “baş verən ağır insan haqları pozuntularını bilə-bilə” ediblər.

Azərbaycan İsrail ilə uzunmüddətli və yaxın əlaqələrə malikdir. Rəsmi Bakı Təl-Əvivə enerji tədarük edir, əvəzində isə müasir silahlar və texnologiyalar əldə edir.

İsrail Qəzza müharibəsində davranışına görə beynəlxalq səviyyədə artan tənqidlərə məruz qalsa da, Azərbaycan bu müddətdə əlaqələrini daha da möhkəmləndirib. Xüsusilə də SOCAR xətti ilə əməkdaşlıq genişlənib.

Bu ilin iyununda SOCAR İsrailin ən böyük qaz yataqlarından biri hesab edilən, Hayfadan 90 km məsafədə yerləşən Tamar yatağında 10 faiz pay alıb. Müqavilənin dəyəri təxminən 1,25 milyard dollar olaraq qiymətləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun