Bu həftə Ermənistanda dövlətin təşkil etdiyi “Orbeli Forumu” çərçivəsində Azərbaycan və Türkiyədən olan iştirakçılar, eləcə də 15 müxtəlif ölkədən nümayəndələr Yerevanda bir araya gəliblər.
“Oc Media”nın məlumatına görə, forum avqust ayında Vaşinqtonda sülh sazişinin ilkin razılaşdırılmasından sonra, Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana ikinci səfəri hesab olunur.
Tədbirin təşkilatçısı Ermənistanın Baş nazir Aparatının nəzdində fəaliyyət göstərən “Orbeli Analitik Tədqiqat Mərkəzi”dir. 2019-cu ildə yaradılan mərkəz Baş nazir Nikol Paşinyanın iştirakı ilə açılıb. O zaman Paşinyan qeyd etmişdi ki, mərkəzin məqsədi “ölkənin intellektual potensialını səfərbər etmək və elmi düşüncəni praktik sahəyə yönəltməkdir”.
Azərbaycan nümayəndə heyətinin üzvü, “Carnegie Endowment” Berlin Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya üzrə tədqiqatçısı Zaur Şiriyev çıxışı zamanı deyib:
“Sülh sazişi məsələsinə yanaşmamızı dəyişməliyik. Real olmalıyıq. Maksimalist mövqelərdən uzaq durmaq lazımdır”.
Digər azərbaycanlı iştirakçı, “Topçubaşov Mərkəzi”nin direktoru Rusif Hüseynov isə Yerevanın tənqid etdiyi “Zəngəzur dəhlizi” ifadəsini müdafiə edib:
“Bu termin Azərbaycanda Ermənistandakı kimi mənfi məna daşımır. Bizdə “dəhliz” sözü fərqli şəkildə anlaşılır,” – deyə Hüseynov bildirib.
Forumda çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan isə sülh sazişinin “idxal olunmadığını” vurğulayıb:
“Bu, Ermənistan və Azərbaycanın birgə səylərinin nəticəsidir və bu nəticə hər gün qorunmalıdır”.
Erməni rəsmilər forumun “açıq platforma” olduğunu, Azərbaycan və Türkiyədən nümayəndələrin iştirakı ilə Ermənistanın çoxvektorlu diplomatiyasını nümayiş etdirdiyini bildiriblər. Xarici işlər naziri Ararat Mirzoyan tədbirdə çıxış edərək qeyd edib:
“Burada azərbaycanlı ekspertlər iştirak edir. Oxşar tədbirlər Azərbaycanda da təşkil olunmalı və orada erməni nümayəndələr iştirak etməlidir”.
Forumun gedişində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da erməni vətəndaş cəmiyyəti üzvlərinin Azərbaycana oxşar səfərlərinin planlaşdırıldığını təsdiqləyib. Lakin səfərlərlə bağlı əlavə məlumat verilməyib.
“Topçubaşov Mərkəzi”nin sədr müavini Murad Muradov sentyabrda Yerevanda keçirilən NATO sammitində iştirak etmişdi. Həmin ayda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti də Bakıda keçirilən təhlükəsizlik forumuna qatılmışdı.
Bundan əvvəl, sentyabrın 5-də isə Ermənistan və Azərbaycanın sərhədin delimitasiyası üzrə komissiyalarının rəhbərləri Mher Qriqoryan və Şahin Mustafayev qarşılıqlı olaraq bir-birinin ölkəsinə səfər ediblər.