“QHT işi” üzrə daha üç nəfərin işi məhkəməyə göndərilib

“QHT işi” üzrə daha üç nəfərin işi məhkəməyə göndərilib
16 Oktyabr 2025
Mətni dəyiş

“QHT işi” ilə bağlı təqsirləndirilən daha üç nəfərin - “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Əhməd Məmmədzadənin barəsindəki ibtidai istintaq tamamlanıb.

Asəf Əhmədovun cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Elşən Vəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.

Asiman Qocayev və Əhməd Məmmədzadənin cinayət işi isə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə proseslərinə hakimlər Hafiz Kamranov və Azər Tağıyev sədrlik edəcəklər.

Bu iş çərçivəsində indiyədək 15-ə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə hazırda həbsdədirlər.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün barələrində axtarış elan edilib. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı təkrar leqallaşdırma), 193-1.2.3 (qulluq mövqeyindən istifadə etməklə leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları əsassız sayır və özlərini təqsirsiz hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun