Məhkəmə jurnalist Aytac Tapdığın nikahına yenə qadağa qoyub

Məhkəmə jurnalist Aytac Tapdığın nikahına yenə qadağa qoyub
24 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 23-də Xətai Rayon Məhkəməsində “Meydan TV”nin həbsdə olan jurnalisti Aytac Tapdığın saxlanıldığı təcridxanada nikaha girməsinə qoyulan qadağayla bağlı şikayətə baxılıb.

Bu barədə onun nikaha girmək istədiyi şəxs - heyvan haqları fəalı Kamran Məmmədli məlumat verib. O bildirib ki, uzun müddətdir hüquqi mübarizə apardıqdan sonra ilk dəfə şikayətə mahiyyəti üzrə baxılıb:

“İndiyədək bizə yalnız şifahi şəkildə qadağa bildirirdilər, yazılı cavab verilmir, məhkəmələr də bu səbəbdən işi icraata götürmürdülər. Nəhayət, yazılı cavab təqdim olundu və məhkəmə işə mahiyyəti üzrə baxdı”.

Məmmədlinin sözlərinə görə, iclasda həm o, həm də Aytac Tapdıq müdafiə çıxışı edib, lakin hakim onların əleyhinə qərar çıxarıb:

“Hələlik qərarın surəti bizə verilməyib. Üç gün ərzində təqdim ediləcək, sonra apellyasiya şikayəti verəcəyik. İlk dəfə işə mahiyyəti üzrə baxıldığı halda, iki vətəndaşın nikahına necə qadağa qoyulduğunu görəcəyik”.

Jurnalist Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu, bunun peşə fəaliyyətləri ilə bağlı həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun