Aynur Elgünəşin filmi daha bir beynəlxalq mükafata layiq görülüb

Aynur Elgünəşin filmi daha bir beynəlxalq mükafata layiq görülüb
21 Oktyabr 2025
Mətni dəyiş

“Meydan TV”nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi daha bir beynəlxalq uğur qazanıb. Film Braziliyanın San-Paulo şəhərində keçirilən 18-ci “Entretodos” Film Festivalında ən yaxşı filmlərdən biri seçilib.

Festival insan hüquqları, vətəndaşlıq və sosial ədalət kimi mövzuları işıqlandıran filmləri qiymətləndirir. “Çinar ağacının kölgəsində” filmi də bu mövzulara həsr olunub.

Qısametrajlı hibrid sənədli film jurnalistin şəxsi hekayəsini əks etdirir. Aynur Elgünəş yeniyetmə yaşlarında köçkün düşdüyü Ağdama 28 il sonra jurnalist kimi qayıdır. O, filmdə uşaqlığının izlərini axtarır, dağıntılar altındakı xatirələrinə səyahət edir.

On səkkiz dəqiqəlik filmin prodüseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı isə Mətləb Muxtarovdur.

Bu, filmin son aylarda aldığı ikinci beynəlxalq mükafatdır. Oktyabrın 12-də “Çinar ağacının kölgəsində” “Press Play Prague” beynəlxalq film festivalında da mükafat qazanmışdı.

Jurnalist Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb. Hazırda onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə, peşə fəaliyyətlərinə görə baş verdiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun