Aİ-nin ATƏT nümayəndəliyi: “Azərbaycan hökuməti götürdüyü öhdəliklərə əməl etməlidir”

Aİ-nin ATƏT nümayəndəliyi: “Azərbaycan hökuməti götürdüyü öhdəliklərə əməl etməlidir” Foto: Ələkbər Azayev / Mikroskop Media
11 Noyabr 2024
Mətni dəyiş

Abzas Media, Toplum TV, Kanal 11 and Kanal 13-ə qarşı repressiya və həbsləri vurğulayan Aİ nümayəndəliyi jurnalistlər də daxil olmaqla, fundamental hüquqlarından istifadə edərək fəaliyyət göstərdiklərinə görə həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edib

Avropa İttifaqının (Aİ) BMT və ATƏT-dəki nümayəndəliyi Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə noyabrın 8-də bəyanat yayıb. 

Münaqişələri, böhranları və fövqəladə halları işıqlandıran media nümayəndələri ilə bağlı yayılan bəyanatda Azərbaycanda həbs olunan jurnalistlərin vəziyyətinə də diqqət çəkilib.

Bəyanatda bildirilir ki, Azərbaycanda müstəqil jurnalistlərin siyasi motivlərlə həbsi ilə bağlı narahatedici artım qeydə alınıb. Abzas Media, Toplum TV, Kanal 11 and Kanal 13 -ə qarşı repressiya və həbsləri vurğulayan Aİ nümayəndəliyi jurnalistlər də daxil olmaqla fundamental hüquqlarından istifadə edərək fəaliyyət göstərdiklərinə görə həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edib, Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

“COP29 Azərbaycan hökuməti üçün müstəqil vətəndaş cəmiyyəti və media mühitini qorumaq öhdəliyini nümayiş etdirmək üçün bir imkandır”, – deyə bəyanatda vurğulanıb.

Bəyanatda həmçinin dünyanın müxtəif ölkələrində etibarlı və müstəqil informasiya hazırlayan jurnalistlərin təhdidlər, qanunsuz həbs, zorakılıq, hətta ölümlə üzləşdikləri qeyd olunur. O da vurğulanır ki, qadın jurnalistlərə və media nümayəndələrinə həm internet vasitəsilə, həm də birbaşa davam edən hücumlar onların ictimai və siyasi iştirakçılığına maneə yaradır.  Bu isə demokratiyaya ciddi təhdiddir.

Sənədin davamında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra həlak olan onlarla jurnalist və media nümayəndəsi xatırladılıb, hazırda həbsdə olan ən az beş jurnalistin olduğu deyilib. Həmçinin Belarus, Qırğızıstan kimi ölkələrdə jurnalist fəaliyyətini yerinə yetirdiyinə görə repressiyaya məruz qalanlar, mühakimə və həbs olunan media nümayəndələrindən də bəhs edilib.

Qeyd edilib ki, jurnalistlərə və media nümayəndələrinə qarşı törədilən hücumlar tez, effektiv və qərəzsiz şəkildə araşdırılmalı, aidiyyəti şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Avropa İttifaqının həm qlobal səviyyədə, həm də öz daxilində media azadlığı və plüralizmini qorumağa sadiq olduğu vurğulanıb.

Bəyanatın sonunda ATƏT-in media azadlığı üzrə yeni nümayəndəsinin gecikmədən təyin edilməsinin vacibliyi qeyd edilib və bütün iştirakçı dövlətlərə çağırış olunaraq bildirilib ki, jurnalistlərin təhlükəsizliyi təmin olunmalı, onlara qarşı cəzasızlıq mühitinə son qoyulmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun