İran mətbuatına görə, tanker Körfəzi kimyəvi maddələrlə çirkləndirdiyinə görə İnqilab Keşikçiləri tərəfindən saxlanılıb.
İran təhlükəsizlik qüvvələrinin 7200 ton etil spirti daşıyan Hankuk Chemi adlı tankeri nəzarətə götürdüyü qeyd olunub.
Müsadirə olunan gəminin heyəti də Bəndər Abbas şəhərində saxlanılıb.
Cənubi Koreya, İndoneziya, Vyetnam və Myanma vətəndaşları da daxil olmaqla ekipaj üzvlərinin saxlanıldığı bildirilir, ancaq onların harada saxlanıldığı barədə məlumat verilmir.
İran və Cənubi Koreya arasında "sanksiya" gərginliyi
İran Prezidenti Həsən Ruhani Cənubi Koreyada bloklanmış 9 milyard dollar İran pulunun qaytarılması üçün beynəlxalq qurumlara təşəbbüs göstərmələrini bildirib.
Ruhani Cənubi Koreya banklarında olan xarici valyuta miqdarını açıqlamamışdı, ancaq İran-Cənubi Koreya Ticarət Palatasının prezidenti Hüseyin Tenhayi Seul rəhbərliyi tərəfindən bloklanan məbləğin 6,5 milyardla 9 milyard dollar arasında olduğunu açıqlayıb.
Amerika 7 avqust 2018-ci il tarixində İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiyalar tətbiq etməyə başlayıb. İran Mərkəzi Bankının sonradan sanksiyalara daxil edilməsi Tehran rəhbərliyinin beynəlxalq ticarətdə problemlərlə üzləşməsinə səbəb olub.
Cənubi Koreya ABŞ-ın Tehrana birtərəfli sanksiyaları səbəbiylə keçən ilin may ayında İrandan neft idxalına son vermişdi.
ABŞ-ın İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalardan əvvəl Cənubi Koreya gündəlik olaraq İrandan 200 min barel neft idxal edirdi.
2015-ci ildə imzalanan nüvə sazişindən sonra İran Hindistan banklarında bloklanan 6.4 milyard dollar xarici valyutanı Avropa bankları vasitəsi ilə ölkəyə qaytarmışdı.