Pekin rəhbərliyinin yanvar ayından bəri ölkədəki azad fikri necə basdırdığı minlərlə sənədlə üzə çıxıb.
New York Times və araşdırma jurnalistikası təşkilatı ProPublica Çin rəhbərliyinin gizli sənədlərini araşdıraraq, koronavirus epidemiyasını başlayandan etibarən Çində senzuranın necə tətbiq olunduğunu aydınlaşdırıb.
Maskasız Çin Kommunist Partiyası adı ilə tanınan xakerlər qrupunun, eyni zamanda Çində internet sferasının necə idarə olunduğunu izləyən ABŞ-da yerləşən China Digital Timesin tərəfindən əldə edilən, New York Times və ProPublica tərəfindən təsdiqlənən maetriallar arasında Çin Kiberməkan İdarəsinin 3200-dən çox təlimatı olan 1800-dən çox sənədi var.
Sənədlərə görə, Çinin Covid-19 senzurası xəstəlik hələ tam olaraq təyin olunmamışdan əvvəl, yəni yanvardan etibarən başlayıb. Pekin rəhbərliyinin koronavirusla mübarizədə səmərəsiz olduğu yazılan paylaşımlar bir müddət sonra sərt reaksiyalara məruz qalıb.
Qadağa və təklif siyahısı verilib
CAC-ın əmri ilə xəbər saytları yalnız hökumətin müəyyən etdiyi çərçivələrdə xəbər paylaşa bilib. Mətbuat 2002-ci ildə ölkəni bürümüş Sars virusu qədər təhlükəli bir virusun gəldiyini yazmaq əvəzinə, Çin Kommunist Partiyası üzvlərinin virusla qəhrəmanlıqla mübarizə apardığını yazıb.
Mediaya verilən direktivlərdə "müalicə olunmayan", "ölümcül", "təcrid" və "mənfi" kimi sözlərin cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcəyi bildirilib. Epidemiya ilə mübarizənin xarici ölkələrin yardımından asılı olduğu yönündə xəbərlərin qarşısı alınıb.
Süni gündəm formalaşdırmağa çalışan CAC evdə necə vaxt keçirməyin və əylənməyin yollarını təbliğ edən xəbərlərin yayılmasına icazə verib.
New York Timesə yayılan məqaləyə görə, belə bir epidemiyanın olduğunu ilk dəfə açıqlayan və şayiə yaymaqda ittiham olunan həkim Li Wenliangın ölümü Çinin bütün planların pozub.
Çin hökuməti ilk dövrlər internet üzərindən verilən ölüm xəbərlərinin qarşısını almaqda çətinlik çəksə də, sonradan nəzarəti ələ ala bilib və yazıların bir çoxu silinib.
Bundan sonra isə mətbuatda Çin hökumətinin virusu nəzarətə aldığına dair bir çox sifarişli xəbərlər yayılıb.
Yüz minlərlə troll ordusu
Tədqiqatçılar Çin hökumətinin Kommunist Partiyasının cəmiyyət arasına buraxmaq istədiyi fikirlərin yayılması üçün yüzminlərlə trolll ordusunu muzdlu kimi işlətdiyini ehtimal edirlər.
Hesabata görə trolların əksəriyyəti aşağı vəzifəli məmurlar və Kommunist partiyasının üzvləri olub. Ancaq bir çox tələbə və akademik də bu işə cəlb olunub.
Kaliforniya Universitetinin tədqiqat mütəxəssisi Xiao Qiang New York Timesə bildirib ki, Çinin siyasi silah halına gətirdiyi bir senzura sistemi var. Bunu yalnız yazılanları aşkar edib silmək üçün istifadə etmirlər, eyni zamanda, istədikləri şəxsə kütləvi hücum çəkib linç etmək üçün də istifadə edirlər. Bu heç yerdə görünməyən nəhəng bir qüvvədir.