İranlı millət vəkili Muinuddin Səidi İranda uzun illərdir davam edən Twitter qadağasına görə parlamentin iclasında hökuməti sərt tənqid edib.
Səidi hökumətə müraciət edərək deyib ki, ya xalq üçün də Twitter qadağasını götürün, ya da siz də istifadə eləməyin.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad 2009-cu ildəki mübahisəli prezident seçkilərindən sonra, baş tutan kütləvi aksiyalar zamanı ölkədə Twitterə girişi qadağan eləmişdi.
Twitterin ölkədə qadağan olunmasına baxmayaraq, ölkənin dini ali lideri Əli Xamenei, prezident Həsən Ruhani, Xarici İşlər naziri Cavad Zərif başda olmaqla bir çox dövlət rəsmisi Twitterin aktiv istifadəçisidir.
İranın Xəbərləşmə və Məlumat Texnolohiyaları naziri Məhəmməd Cavad Azəri bir müddət əvvəl Twitter qadağasının aradan qaldırılması üçün rəsmi müraciət etsə də nazirin bu tələbi ölkədəki qadağalara zidd olduğu səbəbi ilə rədd edilmişdi.