24 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 24-də Azərbaycan hərbçiləri Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Şurnux kəndində girərək bu kənddəki 12 evin boşaldılmasını tələb edib. Bu kənd 9 noyabr razılaşmasına görə Azərbaycanla Ermənistanın sərhədində yerləşir.
Məsələ ilə bağlı kənd icmasının rəhbəri Akop Arşakyan "Sputnik Armenia"ya açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hərbçiləri kəndə rus sülhməramlıları ilə birgə gəlib. "Onlar əllərində GPS ilə gəldilər, hansısa qeydlər apardılar, ruslara göstərdilər və getdilər" - Arşakyan deyib. Arşakyanın sözlərinə görə bundan sonra rus hərbçilər kəndin bir hissəsini Azərbaycana geri vermək üçün boşaltmağı tələb ediblər. Həmin hissədən Azərbaycanın dövlət sərhəddi keçir.
Kənd icmasının rəhbəri həmçinin deyib ki o sülhməramlılar və azərbaycan hərbçilərinin danışıqlarında iştirak etməyib, mübahisələrin nəticəsi ilə bağlı onu məlumatlandırmayıblar. Hal-hazırda iki ölkə sərhəddini erməni və rus hərbçiləri qoruyur.
Ermənistanın Sünik (Zəngəzur) vilayətində vəziyyət Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra Qarabağətrafı sərhədyanı ərazilərin Azərbaycana keçməsindən sonra gərginləşib. Yerli əhali Azərbaycan hərbçilərinin Qarabağdan çıxıb Sünikə doğru geri çəkilən erməni könüllülərinin mövqelərini bir neçə dəfə atəşə tutduğunu deyir. Ermənilər həmçinin Azərbaycanın sərhəddə çox yaxın olan Qafan hava limanına gedən yolu tutacaqlarından da ehtiyatlanır.